Home / Türk Dünyası / Şəki xan sarayı (FOTOLAR)
%d1%81%d0%ba%d0%b0%d1%87%d0%b0%d0%bd%d0%bd%d1%8b%d0%b5-%d1%84%d0%b0%d0%b9%d0%bb%d1%8b

Şəki xan sarayı (FOTOLAR)

Azərbaycan memarlığında möhtəşəm yeri olan Şəki Xan sarayı hər bir qonağını təəccübləndirən orijinal sənət əsəridir. Dünya abidələri siyahısına daxil edilmiş bu sarayın özünəməxsus inşa üslubu var. Burada tətbiqi incəsənətin bir çox növləri, eləcə də XVII-XIX əsrlərə məxsus divar rəssamlığı nümunələri öz əksini tapmışdır. Şəki xanlarının yay sarayı olan bu binanın kim tərəfindən tikdirilməsi haqqında dəqiq elmi məlumat yoxdur. Bəzi mənbələrə əsasən saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Məhəmmədhüseyn xanın dövründə tikilmişdir. Hüseyn xan eyni zamanda “Müştaq” təxəllüsü ilə şeirlər yazdığına görə saray bəzi mənbələrdə “Müştaq imarəti” kimi qeyd olunmusdur. Tarixi mənbələrdə Hüseyn xanın əmisi tərəfindən burada əsir saxlanıldığı və boğularaq qətlə yetirildiyi göstərilir. Qeyd edək ki, Hüseyn xan Müştaq Azərbaycanın məşhur şairləri Molla Pənah Vaqif və Molla Vəli Vidadi ilə dost olmuşdur. Vidadi öz “Müsibətnamə” əsərini də onun ölümü münasibətilə yazmışdır. Başqa bir mənbədə isə bu binanın XVIII əsrin sonunda Məhəmmədhüseyn xanın oğlu “Məhəmmədhəsən xan divanxanası” adlandırdığı xəbər verilir. Şəki Xan sarayı üzü cənuba baxan ikimərtəbəli binadır. Binanın bir cərgədə yerləşən üç hissəsi bir-birindən dəhlizə ayrılır. Mərtəbələrin quruluşu eynidir. Bura yolu düşən hər bir şəxsi, ilk növbədə, heyrətə gətirən binanin fasadındakı şəbəkə pəncərə və qapılardır. Dünyada analoqu olmayan bu şəbəkələr çox xırda həndəsi fiqurlardan ibarətdir. Şəbəkəni yaradan ağac parçalarının aralarına müxtəlif rəngli şüşələr daxil edilmişdir. Hər bir kvadrat metrdə orta hesabla 5000, mürəkkəb yerlərdə isə 14000 a ğac və şüşə element vardır. Rəngli şüşələrdən düşən işıq divarlarda və döşəmədə əks olunaraq əlvan şəbəkə kölgələri yaradır. Ən maraqlısı isə odur ki, şəbəkələrin hazırlanmasında və ümumiyyətlə, binanın tikintisində nə yapışqandan, nə də mismardan istifadə edilib. Binanın daxilində həndəsi və nəbati naxışlara, quş şəkillərinə, süjetli rəsmlərə, döyüş və ov səhnələrinə daha geniş yol verilib. Zövqlə işlənmiş taxçalar, güzgülü buxarılar əsl sənət nümunəsidir. Taxçalar Nizami Gəncəvivinin “Leyli və Məcnun” poemalarına çəkilmiş illüstrasiyalarla bəzədilib. Salonun qalan sahəsi isə rəsmli, ornamentli şəbəkələrlə işlənib. Otaqların divarları ilə yanaşı tavanı da incə naxışlar bəzəyir. Şəki Xan sarayının memarı şirazlı Zeynal Abidin olmuşdur. Divar rəsmləri XVIII əsrdə yaradılsa da, sonralar dəfələrlə bərpa edilib. Sarayın divar təsvirlərini işləyən bir neçə nəqqaş və ustanın adı binanın içində müxtəlif yerlərdə yazılıb. Burada şuşalı usta Qəmbərin, şamaxılı ustalar Əliqulu və Qurbanəlinin, rəssam-nəqqaş Mirzə Cəfərin adlarına rast gəlmək mümkündür. Divarlardakı kitabələrdən məlum olur ki, həmin sənətkarlar XIX əsrin sonunda binada işlətmişlər. XVIII əsrdə ilk təsvirləri işləyən nəqqaşın adı isə bunların içində qeyd edilməyib. İkinci mərtəbənin tavanındakı təsvirdə usta Abbasqulunun adı yazılıb. Ancaq Abbasqulunun bu təsvirləri nə vaxt işləməsi haqqında əlimizdə heç bir məlumat yoxdur. Bu gün Şəki Xan sarayı öz gözəlliyi, qədimliyi, qeyri-adi memarlıq üslubu ilə turistlərin ən çox üz tutduğu məkanlardandır. Sarayın qarşısında əkilmiş yüzillik xan çinarlar isə sanki tarixin səhifələrindən göz açır, gələnləri XVIII əsrə dəvət edir.

14671068_347800758890454_380583679457254392_n

%d1%81%d0%ba%d0%b0%d1%87%d0%b0%d0%bd%d0%bd%d1%8b%d0%b5-%d1%84%d0%b0%d0%b9%d0%bb%d1%8b-1

 

About admin

Check Also

5a2d3b705fdce

“Qıbrıslı Türklər azlıq statusuna düşürülə bilməz”, R.T.Ərdoğan

Share this on WhatsAppDövlət başçısı Rəcəb Tayyib Ərdoğan Qıbrıslı Türklərin azlıq statusuna düşürülə bilməyəcəyini bildirdi. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *