Home / Türk Dünyası / TürTürklerkler
14633087_355504014786795_2763727279701832000_n

TürTürklerkler

Qədim türk qəbilələrinin totemləri Türklər bir neçə əsr bundan əvvəl Avrasiyanın müxtəlif regionlarında özlərinin dövlətlərini yaratmışdılar. Bu dövlətlərdən ən güclüsü eramızdan əvvəl III əsrdə yaradılan və Koreyadan başlamış Qaşqariyaya qədər uzanan Hunn dövləti sayılırdı. Əhalisi əsasən türkdilli köçəri qəbilələrdən ibarət idi. Sonralar bu dövlətin bir qolundan Uyqur xaqanlığı yaranmışdı. VI əsrdə Altaydan Krımadək ərazini tutan Türk xaqanlığı meydana gəlmişdi. Xaqanlığın güclü ordusu Bizansla və İranla müharibədə qalibiyyət əldə etmişdi. VI əsrin sonunda İran bu xaqanlığa 40 min qızıl pul xərac verməli olmuşdu. Həmin əsrin sonlarından etibarən iki yüz il ərzində xaqanlıq əslində iki müstəqil dövlət – Şərqi və Qərbi türk xaqanlığı kimi fəaliyyət göstərmişdi. Birinci Türk xaqanlığının əhalisi türkitlər, ikinci xaqanlığın adamları göy türklər adlanırdı. Bu dövlətlərin köçəri əhalisi maldarlıq və ovçuluqla məşğul olurdu. Onların həyatında hərbi iş xüsusi yer almışdı. Sayan dağlarından çıxarılan filizdən böyük miqyasda polad istehsalı ordunun güclənməsinə geniş imkanlar açmışdı. Türklər Avrasiya xalqı idi. Onların yazısı eramızın başlanğıcına qədər runa adı ilə meydana gəlmişdi. Bu yazı öz adını Qədim German runa yazısına oxşarlığına görə almışdı. Odur ki, Avrasiya türk xalqlarının yazı ilə tanışlığının tarixi çox qədimdir. Türklərin həyata baxışları haqqında Orxon-Yenisey yazılı abidələri müəyyən təsəvvür yaradır. Həmin yazılarda deyilir: “Rüsvayçılıq ölümdən betərdir… Əgər sən, türk xalqı xaqanın və bəylərin ətrafında birləşsən, onlarla bir yerdə öz vətənində yaşasan, xoşbəxt həyat sürərsən, bədbəxtlikdən uzaq olarsan. İgid xalq güclü xalqdır”. Qədim türklərin dünyagörüşündə dövlətçilik ideyası mühüm yer tuturdu. Ona görə ki, türk xalqı yalnız özünün güclü dövləti sayəsində sağlam yaşaya bilərdi. Dövlətin dağılması türk xalqının Yer üzündən silinməsi demək idi. Türklər dövləti müqəddəs qurum sayırdılar. Qədim türklərin dini əqidələrində totem görüşləri mühüm yer tuturdu. Totemizm ən qədim dini forma idi. Totem dedikdə qədim əcdadlarımızın bu və ya digər heyvan, yaxud bitkiyə inamı nəzərdə tutulurdu. İbtidai icma quruluşu dövründə yaşamış qədim insanlar dəhşətli təbiət hadisələrinin təsirindən qorunmaq üçün intuitiv olaraq öz qəbilələri ilə bu və ya digər heyvan arasındakı əlaqəni duyurdu. Totem qəbilənin rəmzi idi. Qədim insan seçdiyi totemin qəbilə üzvlərini qorumaq iqtidarında olmasına inanırdı. Ona elə gəlirdi ki, totemi seçmək mümkünsüzdür, o, müqəddəs qüvvələr tərəfindən verilir. Qədim insanlar özlərinin Allah saydıqları müəyyən heyvanlara – totemlərinə sitayiş edirdilər. Ən qədim din forması olan totemizm çoxallahlığın təzahürü idi. Totemi öldürmək və yemək yasaq idi. Qədim türk cəmiyyətinin yuxarı təbəqələri özlərinin mənşələrini totem heyvanların meydana gətirdiyi əfsanəvi sələfləri ilə əlaqələndirirdilər. Hazırda ədəbiyyatda işlənən totem sözü Şimali Amerikanın balıqçılıq və ovçuluqla məşğul olan ocibve adlı yarıköçəri hindu qəbiləsinin dilindən götürülmüşdür və mənası “qəbilə” deməkdir. Sakit okean sahillərindən başlamış Mərkəzi Avropanın macar çöllərinə qədər uzanan çox böyük ərazidə qərar tutmuş və qədim yüksək mədəniyyətlərini yaratmış vahid Altay ailəsi xalqlarının – azərbaycanlıların, altayların, başqırdların, bulqarların, qazaxların, qaraqalpakların, qavraçay balkarlarının, qırğızların, tatarların, tuvaların, türklərin, türkmənlərin, özbəklərin, uyqurların, xakasların, buryatların, kalmıkların, monqolların, mancurların, nanayların, eveneklərin, nivxlərin, yukagirlərin totemlərindən də söz açmaq yerinə düşər. Altay ailəsi qəbilələrinin buğa, şir, humay, qurd, at, pələng, qartal, əjdaha, maral kimi totemləri – dini rəmzləri məlumdur. Su mənşəli sayılan Buğa qüvvət və qüdrət təcəssüm etdirən totemdir. Buğanın qədim təsvirləri Şumerdə (Qədim şumerlər Altay türklərinin Mesopatamiyada məskunlaşmış nəsilləridir), Azərbaycan ərazisində mövcud olmuş Qafqaz Albaniyasında və Orta Asiyada tapılmışdır. Ay səcdəgahı sayılan Buğa surəti XV əsr Bakının gerbinin mərkəzini bəzəyir. Buğa surətinin Ay mənşəli olmasına bir işarə olaraq onun buynuzları bilərəkdən aypara şəklində nəzərə çarpdırılmışdır. Çinin Xuanxe çayının qədim adı “Yaşıl oğuz” olmuşdur. Onun hərfi mənası “yaşıl buğa”dır. Bu ad qədimdə həmin çayın suyunun yaşıl olması ilə əlaqələndirilmişdir. Amu-Dərya çayını yunanlar Oksus adlandırırdılar. Bu isə “oğuz- öküz”, yəni buğa sözü ilə əlaqədar idi. Şir Şərqdə ta qədimlərdən günəş, od, aydınlıq və qüdrət təcəssümü kimi qəbul olunmuşdur. Şumerlərin müharibə Allahı qanadlı şir şəklində təsvir edilirdi. Şumerin padşahlar dəfn olunmuş məzarlıqlarının birində xizəyə oxşar arabanın tapılması alimləri çaş-baş salmışdı. Ona görə ki, Mesopatamiya kimi bir yerdə heç vaxt nə qar, nə də şaxta olmuşdu. Bəs xizəkli arabanın tapılması nə ilə əlaqədar idi? Bəlkə şumerlər özlərinin ana vətənləri olmuş Sibir, Altay və Sayan dağları ilə əlaqədar xoş xatirələrini belə bir xizəkli araba ilə yada salmaq istəmişdilər? Xizək-arabanın yan-yörəsi buğaların və şirlərin qızıl və gümüşdən hazırlanmış kəllələri ilə bəzədilmişdi. Altay kurqanlarının birində qanadlı şir təsviri verilmişdi. Şirin alın tərəfində aypara şəkli vardı. Belə motivlərə şumer, xett, babil və aşşur sənət nümunələrində də təsadüf edilir. Ötən əsrin əvvəllərində Altay ərazisində qazıntılar zamanı türk mənşəli qılınc tapılmışdı. Qılıncda şikar üstünə tullanan iki şir təsvir edilmişdi. Bütün bunlar köçəri xalqların da sənət nümunələri yaratmağa qabil olduqlarına sübutdur. Ay ilahəsi Humay məhəbbət, bərəkət, sağlamlıq, xeyirxahlıq rəmzidir. Vaxtilə Babilistanda, Xaldeydə, Aşurda, Azərbaycanda, Urartuda geniş yayılmış bu rəmzin Altayda və Sayanda yarandığı güman edilir. Qızıl qanadları olan və göydən yerə enən mifoloji Cənnət quşu hansı adamın başına qonurdusa, onu padşah seçirdilər. Bu quş əcinnələri qovur, uşaqlara şəfa verir və insanlara xoşbəxtlik bəxş edir, qadınların himayəçisi kimi tanınırdı. Sibirin şaman qadınları təzə doğulmuş körpəni beşiyə qoymamışdan qabaq ilahə Humaya “od nənə” kimi müraciət edir, ondan körpənin sağlam böyüməsini diləyirdilər. Humayın forması kiçik fincan idi. Müqəddəsləşdirilmiş südlə dolu belə fincanda körpələrin ruhlarının yerləşdiyi güman edilirdi. Uşaq xəstələndikdə onu həmin fincandakı süd ilə əmizdirmə mərasimi keçirilirdi. Bu fincan səma mənşəli sayılırdı. Uşaqları bəd nəzərdən qorumaq üçün qulaqlarına ilahə Humayın təsviri olan sırğa taxırdılar. Böyük Nizami Gəncəvinin əsərlərində Humay adı dəfələrlə çəkilir. Runa yazılarında göstərildiyi kimi, Humay həm də ayın, günəşin və göy qurşağının yaradıcısı kimi təqdim edilirdi. Qədim türklərin əsas totemlərindən biri Canavar (Qurd) idi. Ona Göy Qurd deyirdilər. “Göy” səma mənasında, “Qurd” isə “qurtuluş” mənasında anlaşılırdı. İnanclara görə bu güclü vəhşi heyvan zəifləri aclıqdan və ölümdən xilas edirdi. Hazırda qurd qəddarlıq, acgözlük və tamahkarlıq rəmzi kimi tanınır. Lakin bu, heç də həmişə belə olmamışdır. Bu güclü yırtıcı həm də inadcıllıq simvolu kimi anlaşılırdı. Qurd gücdən əlavə, həm də öz ailəsinə sədaqət rəmzidir. Bütün yaşayışını özünün dişi yoldaşına və körpələrinin yaxşı bəslənməsinə həsr edir, heç vaxt zinaya yol vermirdi. Qurd qorxmazlıq rəmzidir. Hər hansı bir pəncələşmə zamanı axıracan döyüşür, ya qalib gəlir, ya da ölür. Heç vaxt rəqibinin qabağından qorxub qaçmır. Qurd heyvanlar aləmində azadlıq, müstəqillik rəmzidir. Bu müsbət keyfiyyətlərinə görə lap qədimlərdən türk xalqlarının toteminə çevrilmişdir. Qurd ac qalsa da, cəmdək yemir. Ona görə də təmizlik rəmzi sayılır. Səma (göy) rəngli qurd müqəddəs heyvan hesab edilir. Əfsanələrin birində onun Oğuz qəbiləsinin başlanğıcı olduğu bildirilir. Ağ qurd X-XII əsrlərdə oğuz-qıpçaqların başlıca totemi olub. İndiyədək də mövcud tatar əfsanəsində meşədə azaraq düşmənlərin mühasirəsində qalan köçəri qəbilədən söz açılır. Bu qəbiləni mühasirədən çıxarıb məhvinə imkan verməyən ağ qurd olub. Köçəri türk xalqlarının əfsanələrində Qurd qəbilə totemi kimi qəbul edilmişdi. Onların döyüş bayraqlarında qurd başının şəkli həkk olunurdu. Qəbilə başçıları özlərini qurd adlandıra bilirdilər. Altay dağlarında “Qurd zirvəsi” adlanan çox sayda yüksəklik var. Və həmin yüksəkliklərdə dişlərini qıcırtmış və quyruğunu belinə qaldırmış zolaqlı Qurd təsvirlərinə çox təsadüf edilir. At köçəri türk oğuz qəbilələrində əsas totemlərdən biri olmuşdur. Türk nəsli olan şumerlər arabanı kəşf etdikdən sonra ilk dəfə olaraq ona at qoşmuşdular. At toteminə sitayiş günəş ilə əlaqədar idi. Ona görə ki, Avropa-hind dil qrupuna aid olan və Anadolunun Şərq hissəsində məskunlaşan xettlər günəş allahının dörd at qoşulmuş arabada səma yolu getdiyini təsvir etmişdilər. Atın hərəsi dünyanın cəhətlərindən birinə (şimal, şərq, cənub, qərb) işarə idi. At inşaat qurbanı idi. Qədim yaşayış yerlərində tikilən evlərin özülündə at kəllələrinin tapılması buna sübutdur. Xakasiyada, Tuvada, hətta oğuz türklərinin məskunlaşmış olduqları Koreyada atın çox sayda mərasim fiqurları tapılmaqdadır. Sibirdən Balkanlara qədər hər yerdə türk xalqlarının ata sitayiş etməsi faktları məlumdur. Pələng türk xalqlarının anlamında qüvvə təcəssümçüsü, insana xas olan bütün hisslərin daşıyıcısı idi. Qədim Azərbaycanda, Orta Asiyada, Altayda, Yeniseydə, Sayanlarda pələng qəbilələrin genalogiyasının təşəkkülündə böyük rol oynamışdı və əsas totemlərdən biri idi. Yeniseyin qayalarında pələng təsvirləri aşkar edilmişdir. At fiquru kimi, Pələng fiquru da qədim Altay astronomik təqvimində yer almışdır. Tatarların və bütün Altay qəbilələrinin şaman qavallarının bir qisminə Mənim Qanım (qan qohumum mənasında), yaxud ala bars deyilirdi. Sibirin bəzi xalqlarının təsəvvüründə pələng qadınların dünyaya övlad gətirə bilməsinə yardım göstərən totem idi. Qartal (Tərlan) Günəş, işıq mənbəyi totemidir. O, şüa ilə eyniləşdirilir. Sibirin, Altayın, Sayanların, Orta və Kiçik Asiyanın türk xalqlarında qartalın çox sayda müxtəlif təsvirləri var. Qədim Tuva kurqanlarında üstündə qartal şəkli olan qızıl lövhəciklər tapılmışdır. Bürünc əsrindən başlamış bizim günlərə qədər bu cür qartal təsvirləri Baykal gölü ətrafında yaşayan yerli əhali arasında çox yayılmışdır. Sibir xalqlarında məhz qartal günəş, od, ildırım və şimşək hökmdarıdır. Şumer incəsənətinin incilərindən sayılan və eramızdan əvvəlki üçüncü minilliyə aid edilən gümüş vazada şir başlı dörd Qartal təsviri verilmişdir. Ümumiyyətlə, ikibaşlı qartal lap qədim zamanlardan bir çox türk xalqının toteminə çevrilmişdir. Əjdaha totemi Çində, Yaponiyada, İndoneziyada, Vyetnamda, o cümlədən Türkiyədə, Azərbaycanda və Türkmənistanda, habelə Sibir ərazilərində xalqların məişətində və incəsənətində geniş yayılan mifik heyvandır. Əjdaha totemi insanın həyatının uğurlu keçməsi üçün ona yardımçı olan heyvan ruhudur. Əjdaha güclülük, çeviklik, müdriklik, uzaqgörənlik təcəssümüdür. İkinci Türk xaqanlığının ən görkəmli sərkərdələrindən biri olan Gültəkinin məqbərəsində divarlar əjdahanın yapma təsvirləri ilə bəzədilmişdi. Şaman mərasimlərində əjdahaların həmişə irəlidə gedib yola işıq saldıqları təsəvvür edilirdi. Qədim insanlar əjdahaların mövcud olmasına inanırdılar. Maral bütün türklərin rəmzi mənası eyni olan ümumi totemi idi. Qızıl buynuzları olan, bütün Sibir və Avrasiya çölləri üzərindən Şərqdən Qərbə tərəf uçub keçən maral müqəddəs Günəş rəmzi sayılırdı. Maral yüksəliş rəmzi və böyük güc nişanəsi idi. Onun dövri olaraq təzələnən ağacaoxşar buynuzları cavanlaşdırma, daim təzələnmə və zamanın gedişini yeniləşdirmə rəmzi sayılırdı. Maral həm də işıq, xeyirxahlıq, düzgünlük rəmzi idi. Qədim türklər bürüncdən tökülmüş maral totemini yuxarıda sadalanan xüsusiyyətlərini özlərində cəmləşdirmək üçün yanlarında gəzdirirdilər. Totem maralın belində sıralanan yeddi buruq buynuzu var idi. O, qabaq və dal ayaqlarını qarnı altına yığmış vəziyyətdə təsvir edilmişdi. Qədim türk ustası tərəfindən qızıldan hazırlanmış maral totemi Rusiyanın Ermitaj muzeyinin sərvətləri arasında saxlanılır. Arif HÜSEYNOV

ATO.AZ

About admin

Check Also

FB_IMG_15319184788725700

Türk dili? yoxsa Azərbaycan dili?

Share this on WhatsAppFotonun müəllifiMOLLA NASRADDİN İlk növbədə onu deyim ki, müqayisəli təhlil dil məsələsinin …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *