Noyabrın 1-də səhər saatlarında İraq hökumət qüvvələri Mosul şəhərinə daxil olub.
ATO.AZ xəbər verir ki, bir günlük gərgin döyüşlərdən sonra İraq ordusu 2014-cü ildən İŞİD terror qruplaşmasının nəzarətində olan Mosul şəhərini azad etməyə başlayıb. Bu haqda məlumatı “Reuters” hərbi əməliyyat komandanlığındakı mənbədən əldə edib. Hələlik İraq silahlı qüvvələrinin Mosulun şəqr hissəsindəki əl-Qarada məhəlləsinə daxil olduğu bildirilir. Əməliyyatçılar bir gün öncə hücumun iki istiqamətdən həyata keçiriləcəyini, əsas məqsəd kimi Tiqr çayının sağ sahilinə çıxmağı qarşıya məqsəd qoyduqlarını deyiblər.
Üç günlük fasilədən sonra anti-terror qüvvələri yenidən hücuma keçiblər. Mosulun şərq hissəsindəki Bazvaya yaşayış məntəqəsini və cənub istiqamətində strateji əhəmiyyətə malik Suruc kəndini İŞİD-çilərdən azad ediblər.
“Assosiated Press”in yaydığı məlumata görə, Bazvayanın geri alınması üçün zirehli texnikadan və “Abrams” tanklarından istifadə olunub. İŞİD terrorçuları atıcı silahlardan və minaatanlardan istifadə etməklə müqavimət göstəriblər. İntiharçı İŞİD üzvləri hücumun qarşısını almaq üçün partlayıcı yüklənmiş avtomobillərdən istifadə etməyə çalışıblar. Bu barədə general Fədl Haydar açıqlama verib.
İraq ordusunun hücumu İŞİD yaraqlıları arasında kəskin həyəcan yaradıb. 50 nəfər mövqeləri buraxaraq qaçıb. İraqın “Əs-Sumariyə” telekanalının yaydığı məlumata görə, həmin 50 nəfər xəyanətkar hesab edilərək İŞİD-in Mosulun qərbində yerləşən düşərgəsində güllələnib.
Antiterror koalisiyasının komandirlərindən Muntədhər əl-Şimari isə Fransa mediasına açıqlamasında bu gecə keçiriləcək əməliyyat uğurla başa çatarsa, Mosula daxil olmaq üçün 700 metr məsafə qalacağını deyib.
ATO.AZ