Home / Bilirsinizmi? / Ermənişünas professor ermənilərin Qarabağdakı demoqrafik inqlabından yazdı…
91795

Ermənişünas professor ermənilərin Qarabağdakı demoqrafik inqlabından yazdı…

Məskunlaşma…-

Ermənistanın işğalçılıq siyasətinin davamı Azərbaycan ərazilərinə qanunsuz əhali yerləşdirməsidir. XIX əsrin əvvəllərində ermənilərin Qarabağa köçürülməsindən başlayaraq günümüzə qədər bu çoğrafiyada baş verən hadisələr çox mürəkkəb olub. Ermənilərin Dağlıq Qarabağa olan iddialarının əsassızlığı tarixi sənəd və dəlillərlə dünya ictimaiyyətinin diqqətinə çatdırılsa da  Dağlıq Qarabağda erməni separatçılığı davam etməkdədir. Torpaqlarımız işğal altında qalmaqdadır. Ermənilər atəşkəsin əldə olunması və hərbi əməliyyatların dayandırılmasından sonra işğal etdiyi Azərbaycan ərazilərində-Dağlıq Qarabağda və ona bitişik ətraf rayonlarda demoqrafik strukturu süni şəkildə dəyişdirmək siyasətini həyata keçirməyə başlayıb. Bu məqsədlə işğal altındakı ərazilərdə ermənilərin qanunsuz məskunlaşdırılması həyata keçirilib və proses indi də davam etməkdədir. Müxtəlif mənbələrdən, o cümlədən Ermənistan mənbələrindən və ATƏT missiyasının hesabatlarından təsdiqlənən məlumatlara görə, ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq  2012-ci ilə qədər Dağlıq Qarabağa və işğal altındakı digər ərazilərə 25-27 min erməni köçürülüb. Bu köçürülmə siyasəti Ermənistan hökuməti, xaricdəki erməni diasporu tərəfindən dəstəklənib və maliyyələşdirilib. Nəzərə alsaq ki, sonrakı illərdə Suriyadan və digər yerlərdən məcburi köçkün olanlar da buraya yerləşdirilib, bu say 5-10 min arasında artıb. Azərbaycanın işğal olunmuş 7 rayonun ərazilərində bu gün qanunsuz yaşayan 35 min əhali var. İşğal altındakı ərazilərdə məskunlaşdırmanın həyata keçirilməsi Ermənistanın da 1993-cü ildə qoşulduğu 12 avqust 1949-cu il tarixli Mülki Əhalinin Müharibə Zamanı Müdafiəsinə aid Dördüncü Cenevrə Konvensiyası və ona Əlavə Protokollara ziddir. Ermənicə yayınlanan TV və radiolarda, mətbuat orqanlarında bu məskunlaşmanın planlı şəkildə aparılmasının şahidi oluruq.
Belə qanunsuz məskunlaşdırma prosesi ötən əsrin 90-cı illərinin ortalarında xüsusilə geniş vüsət alıb. Ermənistan hökuməti vaxtilə Bakıdan və Azərbaycanın digər yerlərindən köçüb gedən ermənilərin bir hissəsini işğal altındakı ərazilərə köçürüb, habelə Yaxın Şərq ölkələrindən və digər xarici ölkələrindən ermənilərin bu ərazilərə köçürülməsinə dair xüsusi proqram həyata keçirilib. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın müşaviri Levon Zurabyanın bildirdiyinə görə, 1998-ci ilə qədər təkcə Laçın rayonu ərazisində məskunlaşdırılan ermənilərin sayı 15 mindən çox olub. Ermənistan hökuməti Dağlıq Qarabağda və işğal altında olan digər Azərbaycan ərazilərində məskunlaşan erməni ailələrinə birdəfəlik maddi yardım göstərib, onları mal-qara ilə təmin edib. Ermənistan büdcəsindən işğal altındakı ərazilərdə aparılan məskunlaşmanı dəstəkləmək üçün hər il xüsusi maliyyə ayrılıb. Xankəndindəki ermənilərin  adına “Dağlıq Qarabağ Respublikası” dedikləri separatçı qurum işğal olunmuş hər bir Azərbaycan rayonunda erməni əhalinin məskunlaşması ilə bağlı xüsusi plan tutub və bununla bağlı qərar, sərəncam verib. Ermənilər bu ərazilərdə qanunsuz məskunlaşma planları həyata keçirməkdədir. Ayrı-ayrı vaxtlarda ermənilər bu ərazilərdə qanunsuz məskunlaşma ilə əlaqədar qərarlar verib. Nümunə kimi “Artsaxın azad olunmuş  ərazilərinə əhali yerləşdirmə” ilə bağlı  “Artsax Respublikası hökumətinin” qərarı   və yaxud  “DQR ərazisində yenidən yerləşmiş  ailələrə ayrılmış güzəştlər haqqında” “DQR Hökumətinin” 2003-cü il 15 aprel tarixli qərarlarını göstərmək olar.  Bundan əvvəl də belə qanunsuz qərarlar qəbul edilib.
ATƏT-in yaratdığı Faktaraşdırıcı Missiyasının hesabatında bu qanunsuz məskunlaşma  yer alıb. Baxın, qanunsuzluq beynəlxalq səviyyədə qeyd olunur, amma bu qanunsuzluğun qarşısının alınması “mümkün olmur”. Missiyanın həmin hesabatında Ermənistanın işğal altındakı ərazilərdə qanunsuz məskunlaşdırma həyata keçirdiyi barədə Azərbaycanın neçə vaxtdır ifadə etdiyi narahatlıqlarını təsdiqləyib. Missiya işğal altındakı ərazilərdə məskunlaşdırılan ermənilərin sayını vizual qiymətləndirmə yolu ilə müəyyən edib və ortaya çıxan rəqəmlər Azərbaycanın daha əvvəl açıqladığı rəqəmlərə xeyli yaxın olub. Missiya müəyyən edib ki, işğal altındakı ərazilərdə məskunlaşdırılan ermənilərin sayı 17 mindən çoxdur. Həmin missiyanın araşdırmasından əvvəl Azərbaycan bu rəqəmin 20-23 min arasında olduğunu bəyan etmişdi. ATƏT-in Faktaraşdırıcı Missiyası həmin hesabatında təkcə Laçın rayonu ərazisində 8-11 min erməninin yerləşdirildiyini müəyyən edib. Azərbaycanın məlumatlarına görə isə bu rəqəm 13 mindən artıqdır. Missiyanın araşdırmasının hansı səviyyədə aparılması müəyyən şübhələr doğurur. Bu iş əslində qurumun Qarabağda (Şuşada)  iqamət edən  Anjey Kasprşikə tapşırılıbsa, bu işin tərəfsizliyinə və rəqəmlərin səhihliyinə inanmaq olmaz. Misissiyanın hesabatında  işğal rayonlarının hamısı nəzərə alınmayıb, o cümlədən də Ağdam. Məgər bu missiyanın üzvləri görmürlər ki, ermənilər burada ekspedisiya yaradıb, “Tiqranakert” adlı  “qədim erməni məskəni” “aşkar edirlər”? Nədən Ermənilərin Kovşaqan adlandırdıqları  Zəngilanda xeyli erməni məskunlaşdırılır? Cəbrayılın, Füzulinin kəndlərini inzibati dəyişikliklə Dağlıq Qarabağın ərazisinə birləşdirirlər. Və bununla da əmindirlər ki, buranı da Ermənistana ilhaq edəcəklər. Hətta Zəngilanda ermənilərdən ibarət  şəhər salmaq barədə erməni mətbuatında yazılar da gedir. Biz bu çalışmada işğal altındakı ərazilərdə məskunlaşdırmanın həyata keçirilməsinin qanunsuzluğuna, gələcəkdə daha ağır nəticələr verəcəyinə diqqəti yönəldəcəyik. Beynəlxalq təşkilatlar narahat olmalıdırlar. Ermənistanın da 1993-cü ildə qoşulduğu 12 avqust 1949-cu il tarixli Mülki Əhalinin Müharibə Zamanı Müdafiəsinə aid Dördüncü Cenevrə Konvensiyası və ona əlavə Protokollara zidd olan bu fəaliyyətə görə  o, beynəlxalq təşkilatlar tərəfindən mühakimə olunmalı və sanksiyalar tətbiq olunmalıdır.
“Məskunlaşma” nə deməkdir? Bu termin çox mürəkkəb anlayış olub, əhalinin tarixən məskunlaşması və yerdəyişməsi, onun hansısa yeni əraziləri tutması prosesini və bu proses nəticəsində məskunlaşmış yerlər məcmusunu, hətta cəmiyyətin məkanca təşkili formasını da bildirə bilər. Ermənilərin Qarabağ və digər işğal olunmuş digər Azərbaycan ərazilərində məskunlaşması bu terminin məna yükünü  ehtiva etmir. Çünki bu “məskunlaşma” süni xarakter daşıyır və bu ərazilərin sahibi var və onlar başqa bir ərazidə müvəqqəti məskunlaşıblar. Bu ərazilərin nə vaxtsa boşaldılmasını gözləyirlər. Demək ermənilərin adıkeçən ərazilərdə məskunlaşması siyasi xarakter daşıyır.  Məskunlaşdırılan erməni əhali isə qurbandır, siyasi qurban. Tarix boyunca öz məkrli məqsədləri üçün belə qurbanlar verən ermənilər  Böyük Güclərin yardımı ilə özlərinə başqa bir xalqın halal- hümmət torpağında dövlət qurublar. Bu dövlətin də əbədi yaşayacağı hələ sual altındadır.
Məskunlaşma əhalinin ölkə, yaxud region ərazisində tarixən yayılma prosesidir. Bu da olmayıb. Ermənilər məskunlaşmanı süni, özü də adda- budda həyata keçirirlər. Əsasən Kəlbəcər, Laçın, Cəbrayıl və Zəngilan ərazilərində. Bu ərazilər həm də strateji əhəmiyyət daşıyır. Demək ermənilərin məskunlaşdırma fəaliyyəti stratejidir, gələcəyə yönəlikdir. Məskunlaşma sistemi bütövlükdə məskunlaşma formalarını və məskən tiplərini müəyyənləşdirən coğrafi mövqeyi, təsərrüfatı, ərazinin əhalisini yaradır. Məskunlaşma sosial-iqtisadi, coğrafi və demoqrafik amillərlə (istehsal münasibətlərinin xarakteri, məhsuldar qüvvələrin səviyyəsi və yerləşdirilməsi, iqlim, relyef, yer təkinin ehtiyatları, əhalinin təkrar istehsal rejimi və s.) şərtlənir. Ermənilər bu məsələdə uğur qazana  bilməzlər. Çünki hər şey ekonomik gəlişmələrin doğuracağı müsbət iqtisadi əlaqələrin yaranması ilə nəticələnməlidir. Belə nəticəni isə heç vaxt əldə etmək mümkün deyil. Həm də bu təsərrüfat əlaqələrini qurmaq üçün bazar yoxdur. Bu bazar əvvəllər mövcud idi. Aran Qarabağı ilə Dağlıq Qarabağ bir vahid təşkil edirdilər. Hətta biz onu vaxtilə bir kitabımızda “siam əkizləri” adlandırmışdıq. Dediyimiz həmin sistem erməni separatçılığı nəticəsində dağıldı. İndi belə əlaqələr qurulması üçün Aran Qarabağla Dağlıq Qarabağ birləşməlidir. Bu olmayacaqsa (olmayacağını onlar yaxşı bilirlər), ermənilərin bu ərazilərdə əhali yerləşdirmə ideyaları fiaskoya uğrayacaq. Belə plan qurmaq isə “Böyük Ermənistan” qurmaq kimi xülyanın bir tərkib hissəsi kimi həmin xalqın özünə bir təhdid oluşduracaq. Və bu ərazilər heç zaman ayrı olmayıb. XIX əsrin əvvəllərindən başlayaraq ermənilərin Qarabağa köçürülməsindən başlayaraq günümüzə qədər bu çoğrafiyada baş verən hadisələr çox mürəkkəb olub. Ermənilərin Dağlıq Qarabağa olan iddialarının əsassızlığı tarixi sənəd və dəlillərlə dünya ictimaiyyətinin diqqətinə çatdırılsa da  Dağlıq Qarabağda erməni separatçılığı  bu əlaqələrə çox zərər vurub. Azərbaycanın tərkibində olduğu bütün dövrlərdə DQMV -də həyat tərzi, sosial-iqtisadi inkişaf Azərbaycanın digər regionlarından üstün olub. Nəyin hesabına? Əlbəttə, Qarabağın və Azərbaycanın digər regionlarının hesabına. Dağlıq Qarabağın işğalaqədərki və işğaldan sonrakı dövrlərdə sosial –iqtisadi və mədəni inkişafına fikir versək görərik ki, özünütəcrid və iqtisadi gerilik səbəbi separatçılıq fəaliyyətidir. Ermənistanın özünün də bu gün düşdüyü ağır durumun səbəblərini burada axtarmaq lazımdır. Ermənilərin  DQMV-ın 1923-1991-ci illərdə geri qalması barədə fitnəkar fəaliyyətlərini ifşa etmək üçün kifayət qədər fakt və dəlillərimiz vardır.
Bu gün Dağlıq Qarabağın  acınacaqlı durumu göz qabağındadır, separatçı rejimin bu torpaqların yeraltı və yerüstü sərvətlərini talan etməsi bu torpaqlarda onların müvəqqəti olduqlarının sübutudur.
Bir zamanlar İrəvan , Zəngəzur, Göyçə, Vedibasar, Zəngibasar, Dərələyəz, Ağbaba…kimi minlərcə Türk yurdu əbədi itirilib. Ermənilər indi Qarabağa da, işğal altında saxladıqları digər Azərbaycan bölgələrinə də eyni taleyi yaşatmaq istəyirlər. Bunun üçün məkrli planlar qurur, işğal etdikləri ərazilərə buraya yad olan insanları yerləşdirir, bu yerin adlarına da soyqırımı edir, onları dəyişdirərək erməniləşdirməyə cəhd edirlər. İşğal altında olan rayonların adlarının dəyişdirilməsi isə göstərir ki, Ermənistan işğal etdiyi əraziləri geri qaytarmaq fikrində deyil.  Budur, Azərbaycan rayon mərkəzlərinin dəyişdirilmiş adları:
Ağdam- Aqna (şəhər) Uxtasar(rayon)
Füzuli- Maranda
Laçın- Berdzor(şəhər), Kaşatağ(rayon)
Kəlbəcər- Karvacar(şəhər) Şaumyan (rayon)
Zəngilan-Kovşaqan
Qubadlı- Sanasar
Cebrayıl-Craqan
Xocalı- İvanyan
Şuşa- Şuşi
Xankəndi- Stepanakert
 Xocavənd- Martuni
Ağdərə- Mardakert
Yalnız rayon adları deyil, işğal altındakı  qəsəbə və kəndlərimizin də adları  dəyişdirilərək “erməniləşdirilir”.  Məsələn, Ağdamın məşhur Abdal Gülablı kəndinin adı dəyişdirilərək  Vazgenaşen (Vazgen Sarkisyanın şərəfinə) qoyulub. Bölgənin ermənilərə aidliyini “sübut” etmək üçün arxeoloji qazıntılar aparılır, ermənilərin burada yaşaması ilə bağlı tapınaqlar axtarırlar. “Qarabağ Tiqranakerti” ilə bağlı saxta arxe-bilgilərin dövrəyə buraxılması da bu qəbildəndir. Bu bölgələri əldə saxlamaq üçün bu ərazilərə əhali yerləşdirilməsi həm Ermənistanın, həm  Qarabağdakı qondarma qurumun əsas hədəfidir. Bu, o deməkdir ki, ermənilər işğal etdikləri əraziləri əllərində saxlamaq üçün hər metoda əl atırlar. Qarabağda yeni erməni kəndləri salmaq da bu siaysətin tərkib hissəsidir.

 

About admin

Check Also

img_0053_(2)

BDU-da 20 Yanvar şəhidlərinin anım mərasimi keçirildi

Share this on WhatsApp Bakı Dövlət Universitetində 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib. Universitetin Mətbuat …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *