Home / Bilirsinizmi? / “Düşmənin 5 kəndini almışdıq…”- Qanlı gecənin şahidindən qan donduran açıqlamalar… – FOTO
117594

“Düşmənin 5 kəndini almışdıq…”- Qanlı gecənin şahidindən qan donduran açıqlamalar… – FOTO

“Biz veteranlar, hətta əlillər də kəfənə bürünmüş adamlar, ayaq üstə gəzən şəhidlərik”

Çəkilən şəkillər, lentə alınan kadrlar Xocalını, insanlığın öldüyü o gecənin dəhşətini ortaya qoyur. Və buna görə də Xocalının heç bir sözə ehtiyacı yoxdur. Bir də təbii ki, faciəni yaşayan, görən şahidlər… Elə layihəmizin bugünkü qəhrəmanı o müdhiş gecəni yaşayanlarındandır.
Tahir Bayramov fevralın 25-dən 26-a keçən gecə şəhid olanların, əsir düşənlərin köçürülməsində yaxından iştirak edib.
Qısa arayış
Tahir Oruc oğlu Bayramov 1960-cı il yanvarın 7-də Ağdam rayonunda anadan olub. Burada boya-başa çatan Tahir 1979-1981 illərdə Sovet ordusunda həqiqi hərbi xidmətdə olub. 1988-ci ildən başlayan milli azadlıq hərəkatında iştirak edib. Hal-hazırda evlidir, dörd övladı var.
Tahir bəy, Xocalı faciəsi və Birinci Qarabağ savaşını belə xatırlayır:
“ 10 nəfərlik səngərdə cəmi iki ov tüfəngimiz vardı.”
-1988-ci ildə Azadlıq hərəkatına qoşulmuşam. Azadlıq sevdası bizə baha başa gəlib. 1990-cı ilin 20 yanvarında baş verənlər , 1992-ci il fevralın 27-də Xocavəndin Qaradağlı kəndindəki müsibətlər, daha sonra yaşanan hadisələr zamanı ermənilər azərbaycanlıları girov götürüb işgəncələr verirdilər. Həmin vaxt tam nizami ordu yox idi, ona görə düşmənə layiqli cavab verə bilmirdik. Bizlər sadəcə ov tüfəngləri ilə özümüzü müdafiə edirdik. Xalq hərəkatının başladığı bir vaxtda ermənilər daha da azğınlaşmışdı, bu da bizləri çox narahat edirdi. Onun üçün gücümüzün çatdığı qədər torpaqlarımızı müdafiə etməyə başladıq. O, vaxtlar rus ordusu da ölkəni tərk etməmişdi və bizlərə hərəkət etməyə imkan vermirdilər. Bütün rayonlardan igid oğullarımız köməyimizə gəlirdilər. 10 nəfərlik səngərdə duranda cəmi iki ov tüfəngimiz olurdu, hətta tir tüfəngindən də istifadə edirdik!
Böyük hücumumuz olasıydı, fevralın 23-də qəsdən döyüşü dayandırdılar…
-1991-ci ildə Xalq Cəbhəsinin sayəsində yeni bir ordu yaranmağa başladı. Orduya Milli Qəhrəmanımız Şirin Mirzəyev komandirlik edirdi. Bir neçə uğurlu döyüş – hücum əməliyyatlarımız oldu. Bu minvalla 1992-ci il fevralın 23-də böyük hücumumuz olmalı idi , nədənsə olmadı, qəsdən döyüşü dayandırdılar… O, vaxt bilinmirdi günahkar kimdi? Fevralın 25-i gecə saat 22-00-dan Xocalıdan atəş səsləri gəlməyə başladı, dəhşətli mənzərə idi. Bunu sadəcə gözlə görmək lazım idi. Ancaq biz bilmədik ki, Xocalıya dörd tərəfdən hücum olub. Bir neçə saat sonra xəbər gəldi ki, Xocalını mühasirəyə alıb, camaata divan tutublar. Maraqlısı budur ki, həmin gün nə televiziyada, nə də radioda belə bir xəbər verilmədi.
İnsan fəryadının, qışqırtılarının səsi daglara yayılırdı…
-Bilirsiz insan həyəcanlı olanda nə edəcəyini bilmir. Biz də belə bir vəziyyətdə gələn xəbərlərə və ya kimə inanacağımızı bilmirdik. Bunu da deyim ki, düşmən həm də öz içimizdə idi. Nəyə görə xalqa bu haqda məlumat verilmirdi axı. Vaxtında müdaxilə etsəydik bəlkə də bu qədər insan məhv olmazdı. Sabah oldu, dan yeri sökülməmiş insan fəryadının, qışqırtılarının səsi dağlara yayıldı. Biz artıq hazırlıqlı şəkildə köməyə gedirdik , səslər gəlsə də, kimsəni görə bilmirdik. Naxcivanik, Pircamal, Aranzəmin, Dəhraz və arxasında da Kətik kəndi, Pir deyilən postlar var idi. Ermənilər bu saydığım kəndlərdə yasayırdılar. Haradan biləsən ki, Xocalı camaatı meşələrə səpilib. Bu kəndlər Ağdam, Xocalı arasındakı erməni və azərbaycanlıların yaşadığı ərazilər idi. Ermənilər Xocalı sakinlərini meşələrə didərgin salaraq, minaatanlardan, pulemyotlardan atəş açaraq qətlə yetirirdilər.
(Tahir bəy o günləri xatırlamaqda çətinlik çəkir, hətta kövrəlir; amma davam edir)
-İnanın dırnağı çıxarılan analar, zorlanan qızlar, döyülüb təhqir olunan gənclər-qocalar, süngüyə taxılan körpələri görmək məni 40 il qocaltdı. Xocalıları Ağdama gətirəndə Seyidağa bəyin çəklişlərində mən varam, inanın orada beynim donmuşdu. İnsan fəryadı necə dəhşətli olurmuş ilahi?
Qarabağlılar nələr çəkib buna bir Allah şahiddir!
-Hava yavaş-yavaş işıqlanmağa başlayanda, kömək etmək üçün döyüşə atıldıq . Düzü, döyüşçü yoldaşlarımız çox olsa da, vuruşmağa silah tapılmırdı. O vaxt Türkiyə televiziyaları çəkiliş edəndə açıq şəkildə görünürdü ki, silahı olanlar qabaqda döyüşür, yaralananları həmin ərazidən çıxarırdıq. Rəhmətlik Çingiz Mustafayev, Seyidağa bəy və başqa iki operator meyitləri çəkirdi. Biz meyitləri Vitalik adlı erməni alçağı ilə razılaşma əsasında oradan götürürdük. Aradan bir neçə gün keçdikdən sonra yenidən güc toplayıb, Şelli deyilən istiqamətdə köməyə getdik. İnsanlarımız əli silahsız hücuma keçirdilər, əsgərlər əvvəl döyüşmək üçün hətta bir-birləri ilə mübahisə edirdilər. Qabaqda gedib şəhid olanların silahı ilə geridəki əsgərlər döyüşürdülər. İndi bu qarabağlılar nələr çəkib buna bir Allah şahiddir.
Həmin vaxtlar Xocalıda kino çəkmirdilər, bu yaşananlar elə faciə idi ki!…
-Bu gün çoxları bizə deyir -torpaqlarınızı qoyub qaçmısınız. Döyüşməmisiniz. Daha bilmirlər ki, biz Ağdamdan əvvəl Xocalı faciəsini yaşamışıq. Həmin vaxtlar Xocalıda kino çəkmirdilər. Bunu hər kəs bilsin, bu yaşananlar elə faciə idi ki, yüz illərlə unudulmayacaq. Gərək orda şəxsən olub, nələrin baş verdiyinin şahidi olasan… Mən şəxsən Xocalıda baş verənləri görmüşəm. Burda hamı hər şeyi bilir deyə, danışıb gənclərimizi ruhdan salmaq fikrim yoxdur, amma bunu da unutmasınlar ki, ermənilər xocalılara, qarabağlılara soyqırımı edib. Mən bütün video və şəkillərə sivil geyimdə düşmüşəm. Səbəb isə bizim hərbi geyimimizin olmaması idi. Həmin vaxtlar Şirin Mirzəyev və başqa komandirlərdə hərbi geyim vardı. Amma bu çatışmazlıqlar bizi saxlaya bilməzdi. Buna görə də Xocalıda əlimizdən gələni etdik. Xocalı əsirlərinin geri qaytarılmasında şəxsən Milli Qəhrəman Allahverdi Bağırovun yanında olmuşam. Xocalıdan gələn meyitlər Ağdam məscidində, əsirlər isə Ağdamlıların evlərində müalicə edilir, qarınları doyuzdurulurdu. Qalan camaat isə Bakıya daşınırdı. Əlsiz, ayaqsız əsirləri azad etmək ömrümü 40 il dala atdı…
Bizim sual: Tahir bəy, qardaşınızı da elə o ərəfədə itirmisiniz. Bilirəm həmin anları xatırlamaq çətindi…
Ermənilər bizi özlərindən bildi. Çox keçmədi ki…
-Bizim nələr çəkdiyimizi heç kim bilmir. Mən Naxçıvanik döyüşlərində mühasirəyə düşdüm. Həmin vaxt elə biliblər Tahir ölüb, evimdə yas mağarı qurublar… Mühasirəyə düşməyimə gəlincə, Muğanlı kəndi istiqamətində döyüşə getdiyim üçün, bizimkilərin hansı yolla getdiyini bilmədim . Maşınımı Qaraqaya yolu ilə sürdüm, şəfqət bacıları ilə dörd nəfər idik, fikirli olduğumdan bir də ayıldım ki, qabaqda üstündə xaç şəkli olan iki BMP var. Onda başa düşdüm ki, artıq mühasirədəyik. Sən demə həmin ərazini almamışıq. Qarşıdan dolanacağım yolu səhvən erməninin postuna tərəf sürmüşəm. Nə isə, yaxşı ki, ermənilər bizi özlərindən bildi və bir -birimizlə yüksək səslə danışığımıza cavab verdilər ki, “ara, nə deyirsiz eşitmirik”. Ani olaraq ermənilər ayıldı. Bizə atəş açmamış arxamızca gələn “berdeyemləri” gördük. Bu vaxt atışma başladı. Biz orda ya döyüşməli, ya da ölməli idik.
“Düşmənin 5 kəndini almışdıq, erməni qorxuya düşmüşdü”
Təbii ki, döyüşdük baxmayaraq ki, əlimizdə sadəcə avtomatlar vardı. Onların isə silahı olsa da, 5 kəndlərini almışdıq deyə qorxurdular. Birtəhər ordan çıxmağa çalışdıq. Yolu səhv getdiyimizi anlayan qardaşım Məzahir də arxadan kömək gətirdi və gələn yardımla erməninin bir BMP-sini vurduq. Bununla da mühasirədən çıxdıq.
Tək arzum ölmədən QARABAĞI azad görməkdi!
Qardaşım şəhid olan gün isə silah gətirmək üçün Gəncə poliqonuna getmişdim, içimdə pis hisslər vardı, qayıdanda qara xəbəri aldım. Həmin gün elə bil ömrüm qaraldı. Xocalıda şəhid olanların qaralmış, xarab olmuş meyitlərin, əlsiz, ayaqsız əsirləri azad etmək ömrümü 40 il dala atdı. Təki Vətən sağ olsun! Mənim tək arzum ölmədən Qarabağı azad görməkdi.
Bizim sual: Sonra nə baş verdi, gördükləriniz, yaşadıqlarınız əsgərlərin əhvalına necə təsir göstərmişdi?
“Əməliyyatın 3-cü saatında ermənilərin beş kəndini aldıq”
 -Xocalıdan sonra, Milli Qəhrəmanlar- Allahverdi Bağırov, Asif Məhərrəmov, (Fred Asif), Ərşad Rzayev, (Qatır Məmməd) və başqa igidlərimizin bütün kəndlərdə öz rotaları var idi. 1992-ci ildə mart ayının 21-də Eldar Bağırov adına 845 nömrəli könüllü özünümüdafiə batalyonu yarandı. Biz də qardaşım Məzahirlə həmin batalyonda xidmətə başladıq. Qardaşım məndən qabaq döyüşdüyü üçün ağır yaralanmağına baxmayaraq Xocalı qırğınını eşidəndə hospitaldan qaçaraq cəbhə bölgəsinə gəlsə də, onu döyüşə götürmək istəmirdilər. Amma israrlarından sonra o döyüşlərə yenidən qatıldı. Beləliklə, 1992-ci ildə ilk könüllü ordunun möhtəşəm hücum əməliyyatları həyata keçirildi. Hücum əməliyyatının 3-cü saatında ermənilərin beş kəndini aldıq. Naxçıvanik, Aranzəmin, Pircamal, Dəhraz, Ağbulaq kəndlərinə nəzarəti ələ keçirdik. Bu, bizim ən uğurlu əməliyyatlarımızdan biri idi. Ancaq həmin gün uğurlarımız gözümüzdə qaldı və Allahverdi Bağırov minaya düşərək şəhid oldu. Allahverdini itirdiyimiz gün bütün Qarabağı itirdik. 1992-ci il iyul ayının 12-də Allahverdi Bağırovla birlikdə Nizami Şükürovu, Bəyləri və başqa silahdaşlarımızı da itirdik. Bu əməliyyatdan 3 gün keçmişdi ki, Şelli, Naxçıvanik istiqamətində mina təmizləməyə apardığım sapyorlarla birlikdə minaya düşdüm.
“Kiminin qolu, kiminin ayağı qopdu”
Xoşbəxtlikdən şəhidimiz olmasa da, ağır yaralananlar oldu. Kiminin qolu, kiminin ayağı qopdu, mən isə orta ağır yaralandım, amma hospitala getməkdən imtina etdim. Çünki orda ağır yaralılar vardı. Müalicə almağı özümə ayıb bildim. Yaralarımız sağalmamış, komandirimiz Mətləb Mustafayev minaatanlarımızı başqa əsgərlərə verməyi və Allahverdi Bağırov adına ART divizion yaratmağı təklif etdi. Qarqar çayı yaxınlığında iki zil maşın və “qaubista” deyilən toplarla artilleriyada xidmətə başladıq. Getdikcə divizionumuz böyüdü və başqa artilleriyalar da bizə qoşuldular. Milli Qəhrəman Elburus Allahverdiyev komandir müavinimiz oldu. Elə bir vəziyyət yarandı ki, bütün əsgərlər qabaqda döyüşməyə can atırdı. Komandirimiz Mətləb Musatafayev isə belə olmaz dedi. Əvvəlcə artilleriya ermənini vursun, sonra bizlər irəliləyək, beləliklə, erməni qorxub qaçacaq, təlimatını verdi. Mətləb bəy fədailər batalyonu yaratdı (rusca bu ad yaxşı səslənidiyi üçün batalyona “smertnik”lər adını verdi). Getdikcə böyüyən batalyonumuz döyüş yoluna qədəm qoydu. Başqa rayonlardan gələn əsgərlər “smertnik” olmağa can atırdılar. Daha sonra Mətləb komandir rəhmətə getdi və onu Elburus Allahverdiyev əvəzlədi. “Smertninklərin”, yəni bizim batalyon komandirimiz isə əvvəllər rota komandirimiz olan Tofiq Uğurluyev oldu. 1995-ci ilə kimi həmin batalyonda xidmət elədim,1996-ci ilə məni “kotel” batalyonuna göndərdilər. Sonra isə bizi Seyfəli poliqonuna çıxardılar. Bizi 04.11.1996-cı ildə, gizir rütbəsi və batareya komandiri kimi 4 uşaq atası olaraq, ordudan tərxis etdilər.
Bizim sual: Tahir bəy, son günlər ermənilər cəbhədə təxribat əməllərini artırıblar. Düşmən 2016-cı il Aprel döyüşlərinin məğlubiyyətini hələ də həzm edə bilmir. Bir neçə ildən sonra deyəsən yenə döyüşmək fikrinə düşmüsünüz?
Məni qardaşımın şəhidliyi yox, Qarabağ, Xocalı dərdi qocaltdı!
-2016 cı ilin aprel döyüşlərində də oldum, hətta aprelin 3-də Qapanlı kəndində başımdan yaralandım da. Nə qədər əlim silah tutursa, Ali Bas komandan əmr versə, həmin gündən mən hazıram. Biz veteranlar, hətta əlillər də kəfənə bürünmüş adamlarıq. Nə qədər yaşayırıqsa, biz ayaq üstə gəzən diri şəhidlərik. Allahdan bir arzum var- bu dünyanı tərk eləməmiş Qarabağımızı azad görüm və üzüağ Şəhidlərimizin hüzuruna gedim.
Xocalını unutmayaq-unutdurmayaq. Məni qardaşımın şəhidliyi yox, Qarabağ, Xocalı dərdi qocaltdı!
Gənclərimizə güvənirəm, şükür silahımız da var. Daha nəyi, kimi gözləyirik. Hamılıqla irəli deyirəm…

  

 

   

9db92489-1d8c-4894-a8fc-ab8665c401dd.jpg (62 KB)

About admin

Check Also

img_0053_(2)

BDU-da 20 Yanvar şəhidlərinin anım mərasimi keçirildi

Share this on WhatsApp Bakı Dövlət Universitetində 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib. Universitetin Mətbuat …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *