Home / Gündəm / “Zanbaqlar ölkəsində” millətçilik qoxusu – Ankara Hollandiyadan üzr tələb edir
119864

“Zanbaqlar ölkəsində” millətçilik qoxusu – Ankara Hollandiyadan üzr tələb edir

Türkiyəyə qarşı Avropa ölkələrinin davranışlarında ABŞ-ın da əli varmı?
 Hollandiyanın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili iki gün ərzində üçüncü dəfə (martın 13-də) Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və ona iki etiraz notası təqdim edilib. Notalarda Hollandiya hökumətindən Türkiyədən yazılı üzr istəməsi tələb olunub.
Qeyd edək ki, martın 11-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun uçduğu təyyarənin Hollandiyanın Rotterdam şəhərinə enməsinə icazə verilməyib. Bundan başqa, Hollandiya polisi Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qayanı Türkiyənin Rotterdamdakı baş konsulluğuna buraxmayıb. Baş verənlərə görə Türkiyənin Rotterdamdakı baş konsulluğunun qarşısına toplaşan türklərə Hollandiya polisi tərəfindən zorakılıq edilib.
Hollandiyanın baş naziri Mark Ryutte baş verənlərə görə hökumət adından üzr istəməyəcəyini bildirib: “Mən gərginliyin aradan qaldırılmasına hazırlaşıram, amma üzr istəməyəcəm. Üzr istəməkdən söhbət gedə bilməz. Onlar etdiklərinə görə üzr istəməlidirlər”.
Image result for Mark Ryutte
Martın 13-də Hollandiya Türkiyəyə qarşı daha bir qalmaqallı addım atıb. Məlumata əsasən, türk nazirlərin ölkəsindəki referendumla bağlı Hollandiyada keçirmək istədiyi tədbirləri qadağan edən ölkə “Referenduma yox!” kampaniyasının keçirilməsinə icazə verib. Belə ki, AKP-nin sabiq deputatı Əbdüllətif Şənər, Türkiyə Barolar Birliyinin sədri Mətin Feyzioğlu və barəsində həbs qərarı çıxarılan HDP-li millət vəkili Tuğba Hezer Öztürk Hollandiyada “Yox” kampaniyası keçiriblər və onlara heç bir maneə törədilməyib. Hətta Əbdüllətif Şənər 3 şəhərdə tədbir keçirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Hollandiyanın özünü “banan respublikası” kimi apardığını bəyan edib. O, Avropadakı və digər ölkələrdəki bütün beynəlxalq təşkilatları Amsterdama qarşı ciddi tədbirlər görməyə çağırıb.
Türkiyənin baş naziri Binəli Yıldırım isə Niderlandın İstanbuldakı konsulluğu üzərindəki bayrağının endirilməsinə, onun türk bayrağı ilə əvəzlənməsinə münasibət bildirib. O, baş verənləri pisləyib: “Bunu kim, niyə, nədən edər? Bu, bir təxribatdır, bunlardan uzaq durmaq lazımdır”.
Qeyd edək ki, Türkiyədə nümayişçilər martın 12-də Niderlandın İstanbuldakı konsulluğu üzərindəki bayrağı endirərək onu türk bayrağı ilə əvəzləyiblər. Aksiya iştirakçıları bu şəkildə Niderland hökumətinin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, həmçinin ailə və sosial siyasət naziri Fatma Betul Sayan Kayaya qarşı sərgilədikləri münasibətə etirazlarını bildiriblər.
Yarım saatdan sonra polis Niderland bayrağını konsulluğun üzərinə geri qaytarıb.
Image result for Binəli Yıldırım
Binəli Yıldırım Niderlandla münasibətlərin bir müddət sonra yenidən normallaşacağına inamını ifadə edib. Baş nazir bununla yanaşı, qarşı tərəfə xəbərdarlığını da səsləndirib: “Ölkələr arasında daimi dostluq, düşmənçilik olmaz. Münasibətlər zaman-zaman gərilər, düzələr. Sonu nə olursa-olsun, Türkiyəni, milləti təhqir, cəmiyyəti narahat edəcək heç bir hərəkətə boyun əymərik, qarşılığını ən sərt şəkildə verərik”.
Baş nazir Avropa Birliyinin bir sıra ölkələrinin Türkiyədəki dəyişikliklərə müsbət yanaşmadıqlarını vurğulayaraq bu məsələdə terror təşkilatlarının da müəyyən rolu olduğunu diqqətə çatdırıb.
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Türkiyənin müdafiəsinə qalxıb. Jirinovski deyib ki, Hollandiya Türkiyəyə qarşı həyasızlıq edir: “Hollandiya Türkiyənin daha güclü bir rejim olacağından qorxur. 16 apreldə referendum olacaq və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın əlində böyük səlahiyyətlər cəmləşəcək. Bu, Qərb üçün böyük təhdid ola bilər. Çünki Qərb hər yerdə parlamentli sistemin olmasını istəyir. Bu, necə demokratiyadır? Türk nazir öz soydaşları ilə görüşə bilmir. Nazirin əllərindən tutub, sərhədə aparırlar. Budurmu demokratiya? Bir vaxt Türkiyə ilə əlaqələrimizi korladılar. Ərdoğan bir dövlət başçısı olaraq bizimlə normal əlaqələr yaratmaq istəyir. Ticarətlə, sülhlə cənuba enək. Türklər də şimala gəlsin. Onlar bizi sevir. Ərdoğanın nə üçün məni qəbul etdiyini bilirsinizmi? Çünki mən Türkiyənin əsl dostuyam. Mahnıda deyildiyi kimi, ”Sən olmasaydın Türkiyə, bu həyat nəyə yarayardı?”
ABŞ-ın məşhur “The Washington Post” qəzetində isə yaranmış vəziyyətlə bağlı məqalə dərc edilib. Məqalədə son illər onsuz da pisləşən münasibətlərin, Qərblə Türkiyənin arasındakı uçurumun bir az dərinləşdiyini yazır. Qəzet xatırladır ki, Türkiyə prezidenti Ərdoğan martın 12-də İstanbulda kütlə qarşısında çıxışında Qərbin maskasını atdığını deyib. Qəzetin yazdığına görə, Ərdoğanın, eləcə də Türkiyənin digər rəsmilərinin çıxışları, Hollandiya və digər bir neçə Avropa dövlətinin addımları, türklərə qarşı sərt tədbirləri durumun bundan sonra bir az da gərginləşəcəyindən xəbər verir. Qəzetin yazdığına görə, Türkiyənin öz ölkəsində olan Hollandiya səfirini ölkəyə buraxmayacağı gözlənilir.
Bəs Avropa ölkələrinin, əsasən də Hollandiya və Almaniyanın Türkiyəyə qarşı davranışlarında, Avropada antitürk, antimüsəlman siyasətin yürüdülməyə başlanmasında ABŞ-ın əli varmı?
Image result for Politoloq Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlu bildirdi ki, Türkiyə ilə Avropa İttifaqı ölkələri arasında yaranan gərginlikdə ABŞ-ın marağının olduğunu söyləmək üçün əsaslar yoxdur: “Tam əksinə, ABŞ Türkiyənin Avropadan qopmamasını istəyir. İndiki gərginlik isə Türkiyəni Avropadan uzaqlaşdırır. Son hadisələrdən sonra Türkiyənin Avropa İttifaqına üzvlüyə çalışacağını söyləmək problematikdir. Elə Avropanın özü də artıq ”Türkiyə birliyə üzv ola bilər” kəlməsini işlətmir”.
Ekspertin fikrincə, Türkiyə ilə münasibətlərin gərginləşməsində Avropanın bir sıra ölkələrində millətçilik, islamafobiya meyllərinin artmağa başlaması daha çox rol oynayır. Həm Almaniyada, həm də Hollandiyada, həm də Fransada müsəlmanlara qarşı sərt mövqeyi ilə tanınan radikal millətçi xətt yürüdən siyasətçilər hakimiyyət uğrunda mübarizə aparırlar. Həmin liderlər xeyli dərəcədə önə çıxıblar. Bu isə onu deməyə əsas verir ki, Avropa ənənəvi demokratik dəyərlərindən getdikcə uzaqlaşır və meydan radikal millətçilərin əlinə keçir.
Beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev bildirdi ki, bir ildən artıqdır Türkiyə hakimiyyəti ilə ABŞ arasında yaşanan soyuqluq təbii olaraq bir çox Avropa dövlətlərinə də sirayət edib. Buna təkan verən məqamlardan biri indiki durumda Türkiyə-Rusiya münasibətlərinin yeni fazaya qədəm qoymasıdırsa, digəri Fətullah Gülənə olan ABŞ-ın və Qərbin münasibətidir. Əsas səbəb isə Avropanın bir sıra dövlətlərində, o cümlədən Hollandiyada radikal millətçiliyin, irqçiliyin, antiislam mövqenin güclənməsidir: “Hollandiyada baş verən, insanlığa yaraşmayan hadisələr öncədən də gözlənilən idi. Bildiyiniz kimi, 16 aprel referendumu ilə bağlı Türkiyədə və türklərin sıx yaşadığı digər ölkələrdə hazırda qızğın olaraq ”evet” və “hayır” kampaniyası gedir ki, Qərb və ABŞ bu məsələlərə münasibət bildirməsə də qeyri-rəsmi “hayır” deyənlərin tərəfindədir.
Image result for Türkiye Hollanda
Belə olan halda Hollandiyada və ya sabah digər ölkələrdə bu kampaniyanın aparılmasına qarşı olacaq addımları təəccüblə qarşılamamalıyıq. Amma bu təpkilərdən sonra Qərb ölkələrində antitürk və antiislam ovqatlarının artması təhlükəsi hamını, o cümlədən Qərbi narahat etməlidir. 21-ci əsrdə keçən əsrdən fərqli olaraq hakimiyyətə gəlmək və ya hakimiyyətdə qalmaq üsulları son dərəcə aqressiv üsullarla həyata keçirilir. Martın 15-də Hollandiyada parlament seçkiləri keçiriləcək. Son hadisələrin təəssüfedici tərəfi odur ki, Hollandiyada olan türklərə qarşı olmuş alçaldıcı hadisələrdən istifadə edən iqtidardakı Liberal Partiyanın sədri baş nazir Mark Rutte əlavə olaraq millətçilərin səsini özünə tərəf çəkməyə, PVV Partiyasının iqçı lideri Geert Wildersin gözlənilən uğurunun qarşısını almağa çalışır. Bundan bu şəkildə istifadə olunması yolverilməzdir. Amma unutmasınlar ki, gələcəkdə belə hadisələrin təkrarlanması Avropada artmaqda olan irqçi, millətçi qüvvələrin daha da güclənməsinə gətirib çıxara bilər. Avropada irqçiliyin, radikal millətçiliyin dövlət siyasətinə gətirilməsindən isə ən böyük zərbəni Avropa ölkələri ala bilərlər”.
Azərbaycan Milli Məclisinin AŞ PA-dakı nümayəndə heyətinin üzvü, deputat Asim Mollazadə isə bildirib ki, Almaniya və Holldandiyada türk icmasına istənilən şəxsi dəvət edib, toplantılar keçirmək üçün icazənin verilməməsi təəssüf doğurur: “Bu hadisə demokratiya və söz azadlığı prinsiplərinə zidd olan hadisədir. Əslində isə Mövlud Çavuşoğlunun Fransada keçirdiyi görüşlər Almaniya və Hollandiya üçün bir nümunə olmalı idi”.
Dünya mətbuatı da iki dövlətin münasibətlərinin pisləşməsindən yazır. “Türkiyəylə Niderland arasındakı mübahisənin yeganə məqsədi seçkilərdə daha çox səs toplamaqdır”. “The Washington Post” qəzetinin son hadisələrə həsr edilmiş məqaləsi belə adlanır.
«The Washington Post» qəzeti yazır ki, martın 15-də Hollandiyada seçkilər günüdür və bütün gözlər, müəllifin diliylə desək, sağçı, müsəlmanların əleyhinə çıxışlarıyla tanınan ultramillətçi siyasətçi Geert Vildersə zillənib.
Twitter səhifəsində G.Vilders etiraz aksiyasına çıxanların Hollandiya pasportu daşısa da, Hollandiyaya aid olmadıqlarını, türk olduqlarını göstərdiyini deyib. Türklərə və müsəlmanlara qarşı çıxışlar edən tək G.Vilders deyil. Hollandiyanın indiki baş naziri Mark Rutte də seçkidən əvvəlki yazılarında türklərin və digər müsəlman miqrantların cəmiyyətə inteqrasiya etməkdən ötrü daha çox işləməli olduğunu demiş, hətta bir məqaləsində miqrantlara «ya düzəlin, ya da çıxın, gedin» kimi xəbərdarlıq etmişdi. Bu çıxışlarından sonra sorğular onun G.Vildersdən irəli keçdiyini göstərdi.
«The Washington Post» G.Vilderin indi durumdan yararlanmağa, üstünlüyü yenidən ələ almağa çalışdığını ehtimal edir. Onun, eləcə də rəqibi M.Ruttenin müsəlmanlara və türklərə qarşı çıxışları isə islamofobiyanı gücləndirir.(musavat.com)

About admin

Check Also

mslman_ermnilr_dekabrn_11-i_n_1

3-cü və 4-cü erməni respublikasının yaradılması… – Şok plan/Foto

Share this on WhatsApp …Gürcüstandakı Rusiya Tədqiqatları İnstitutunun materiallarına əsasən, separatçı abxazlar və Gürcüstan hökuməti …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *