Home / Acun ( Dünya ) / Rusiyadan ABŞ-a cavab zərbəsi
abs-rusiya

Rusiyadan ABŞ-a cavab zərbəsi

Ato.az xəbər verir ki,Qabil Hüseynli: “Ukraynaya və Baltikyanı ölkələrə qarşı təxribat edə bilər”

Fərhad Mehdiyev: “Rusiya Yaxın Şərqdə yeni müharibə ocağı yarada bilər”

ABŞ və Ukrayna prezidentlərinin görüşündən sonra Vaşinqtonla Moskva arasındakı münasibətlər daha da gərginləşib. Buna səbəb Rusiyaya yeni sanksiyaların tətbiq edilməsidir. Qeyd edək ki, Ağ Ev Ukraynaya dəstək olaraq, Rusiyanın 38 hüquqi və fiziki şəxsi barəsində sanksiya qərarı çıxarıb. Sanksiya tətbiq olunan qurumlar arasında Putinə yaxınlığı ilə seçilən “Noçnıye volki” bayker klubu, “Vaqner” özəl hərbi şirkətinin də adları var. Rusiyadan Donbasa və Suriyaya döyüşməyə gedən peşəkar hərbçilərin məhz “Vaqner” şirkəti tərəfindən göndərildiyi bildirilir.

Bundan başqa, Putinə yaxın tanınmış iş adamı, adı sanksiya siyahısında olan Yevgeni Priqojinə məxsus “Concord-catering”, “Concord Management and Consulting” şirkətlərinə, odlu və atıcı silahların satışı ilə məşğul olan “Molot-Orujie” şirkəti “Çernomortransneft”, “Qiprotruboprovod” şirkətlərinə, bir sıra banklara və silah şirkətlərinə də qadağalar tətbiq olunub. Fiziki şəxslərin siyahısında Rusiya iqtisadi inkişaf nazirinin müavini Sergey Nazarovun, Rusiya Federasiya Şurasının üzvü, prezident Vladimir Putinin xarici təşkilatlarla qarşılıqlı əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Aleksandr Babakov, Aleksandr Vorobyov və Mixail Plisokun da adları var. Həmin məmurlar Rusiya Federasiyasının Krım və Donbas üzrə səlahiyyətləndirilmiş şəxsləridir.

Məsələ ilə bağlı açıqlama verən Ağ Evin sözçüsü Şon Spayser Rusiya Şərqi Ukraynanı tərk etməyənə qədər ABŞ-ın sanksiyaları davam etdirəcəyini deyib.

Xatırladaq ki, ötən həftə ABŞ Senatı da Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun qəbul edib. Həmin qanunun prezident Tramp tərəfindən təsdiqlənəcəyinə şübhələr var idi. Ancaq prezident Pyotr Poroşenko ilə görüşdən sonra Rusiyaya qarşı sanksiyaların tətbiqi bu ehtimalı aradan qaldırdı.

Buna baxmayaraq, Rusiya Xarici İşlər Nazirliyi Moskvanın sanksiyalar qarşısında geri çəkilməyəcəyini bəyan edib. Xarici işlər naziri Sergey Lavrov ABŞ-ın bu addımını “rusafobiya” adlandırıb. Nazir bildirib ki, Birləşmiş Ştatların “heç nədən qəbul etdiyi” sanksiya qərarı prezident Putinlə Trampın gözlənilən görüşünə pis atmosfer yaradır. Bununla da S.Lavrov Putinin sanksiyalara etiraz olaraq, D.Trampla görüşdən imtina edəcəyinə eyham vurub.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-a qarşı cavab tədbirlərinin görüləcəyini bəyan edib. Sanksiyalar qərarının təəssüf doğurduğunu deyən diplomat Rusiyanın cavab tədbirləri üçün artıq müzakirələrə başladığını söyləyib. Ancaq Kremlin ABŞ-a qarşı hansı adekvat addımlar atacağı hələ məlum deyil.

Siyasi ekspertlərin rəyinə görə, Rusiya ABŞ-a iqtisadi qadağalar tətbiq etmək iqtidarında deyil. Ona görə də Kremlin cavab tədbiri hərbi-siyasi təxribatlardan ibarət ola bilər.

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Rusiya Xarici İşlər Naziriliyinin mövqeyi siyasi blefdir: “Rusiyanın Amerikanı təhdid edə biləcək yeganə vasitəsi nüvə silahıdır. O da indiki şəraitdə işləyə bilməz. Çünki Rusiya oliqarxlarının, hətta Putinin özünün şəxsi vəsaitlərinin çoxu Avropa dövlətlərinin və ABŞ-ın banklarındadır. Rusiyanın silahlı qüvvələri Ukrayna ərazisində nə gəzir ki, ona cavab olaraq da tədbirlər görmək istəyir? Çox güman ki, Rusiya ABŞ-a qarşı deyil, Ukraynaya qarşı cavab addımları atacaq. Belə ki, Şərqi Ukraynadakı separatçılara sifariş və silah göndərməklə atəşkəsi poza bilər. Bu arada məlum olub ki, Penza vilayətindən böyük bir diviziya çıxarılaraq Donetsk vilayətinə yerləşdirilib. Rusiya özü beynəlxalq və dövlətlərarası müqavilələri pozduğu halda, başqasından bu cür davranışlara görə hörmət tələb edir. Bu, məntiqə sığmır və Rusiya ABŞ-a qarşı cavab tədbirləri görmək gücündə deyil. Kremlin bəyanatları siyasi blefdən başqa bir şey deyil. Sanksiyalardan əziyyət çəkən insanlar bir gün küçələrə çıxanda, etiraz aksiyalarında insanlar həlak olanda xalqın qarşısını almaq mümkün olmayacaq”.

Politoloq onu da bildirdi ki, Rusiya Ukraynaya və Baltikyanı dövlətərə qarşı diversiya hərəkətləri törədə bilər. Ona görə də Şərqi Avropada siyasi-hərbi qarşıdurmanın yenidən artacağı gözlənilir. Lakin NATO fəal qabaqlayıcı tədbirləri ilə bu təhlükənin qarşısını ala bilər.

Politoloq Fərhad Mehdiyev isə hesab edir ki, Rusiya ABŞ-a qarşı ciddi müqavimət göstərə bilməz. Ancaq Rusiya Yaxın Şərqdə təxribatlar törətməklə ABŞ-ın siyasi planlarını pozmağa çalışacaq: “Rusiya Suriya siyasətində Amerikaya qarşı əks-addımlar ata bilər. Bundan başqa, Rusiya Baltikyanı ölkələrə təhdidləri artıra bilər, Ukraynaya təbii qazın ixracını dayandıra bilər. Donbasda atəşkəsin pozulacağı istisna olunmur. Yəni Rusiyanın başqa addımlar atması ehtimalı yüksəkdir. Kreml Donald Trampın prezident seçilməsindən sonra ABŞ-ın sanksiyaları aradan qaldıracağına ümid edirdi. Ona görə də Rusiya Trampın prezident seçilməsini istəyirdi. Artıq Trampın Poroşenko ilə görüşündən sonra Rusiyanın bu ümidləri iflasa uğradı. Bu da Rusiyanı qıcıqlandırır. Ona görə də Rusiya Yaxın Şərqdə yeni müharibə ocağı yaratmaqla neftin qiymətinin artmasına çalışa bilər. Bunun ABŞ-a ciddi təsirinin olacağına inanmıram. Donbasda isə döyüşlərin yenidən başlaması riski artmaqdadır. Onu da vurğulamaq lazımdır ki, Vladimir Putinin xarici siyasəti kifayət qədər fəal siyasətdir. Putin heç vaxt gözləmə siyasəti yürütmür”.

About ato.az

Check Also

1032909989

Dünyanın ən böyük sualtı muzeyi – HEYRƏTAMİZ FOTOLAR

Share this on WhatsApp Karib dənizinin Meksika sahillərində yerləşən MUSA (Museo Subacuático de Arte) dünyanın …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *