Home / Türk Dünyası / TÜRK BİRLİYİ: UTOPİK NƏZƏRİYYƏ, YOXSA SİYASİ GERÇƏKLİK
IMG-20170729-WA0010

TÜRK BİRLİYİ: UTOPİK NƏZƏRİYYƏ, YOXSA SİYASİ GERÇƏKLİK

 
Üstəlik, Türkçülüyün əsas mərkəzi olan Türkiyə və Azərbaycanda son əsrdə Türk birliyinin baş tutmaması üçün əlindən gələni edən antitürk qüvvələr var. Bu antitürk qüvvələr özəlliklə, Türk dövlətlərində yaşayan azsaylı etnik qrupları türklərə qarşı qoymaqdadırlar. Bu anlamda Azərbaycanda və Türkiyədə türkçülüyün ümumtürk mənafeyini ifadə etməsi, ən önəmlisi siyası birliyin ortaya çıxması yolunda ciddi problemlərdən biri də azsaylı etnik qruplarla türklər arasındakı münasibətlərdir. Antitürk qüvvələr Türkçülüyü, Türk birliyini yalnız Türklərin maraqlarına hesablanmış siyasi ideya kimi qələmə verməklə azsaylı etnik qruplarda sepratist meyillər yaratmağa çalışırlar. Bunun nəticəsidir ki, Türkiyədə və Azərbaycanda türklər dövlətin əsas sütunu olsalar da, bu gün həmin ölkələrdə türkçülük aparıcı ideyaya çevrilə bilmir. Üstəlik, türkçülük tərəfdarları türkçülük ideyasının bu gün Türkiyədə və Azərbaycanda hakim ideya olmasından çox, həmin ideyanın bu və ya digər formada qorunub yaşadılması uğrunda mücadilə aparırlar. Bütün bunların fonunda türkiyəçilik, azərbaycançılıq, yurddaşlıq, vətəndaşlıq, dövlətçilik önə çəkilir ki, soucda Türk birliyi ideyası da arxa plana keçmiş olur.
Beləlikllə, türkçülüyün ideyadan siyasi gerçəkliyə çevrilə bilməməsinin əsas faktorlarından biri də, türklərlə türk olmayan azsaylı etnik qruplar arasında antitürk qüvvələrin əliylə ortaya atılmış «ziddiyyətlərin» öz həllini tapmamasıdır. Maraqlıdır ki, azsaylı etnik qruplar (kürdlər, lazlar, çərkəzlər, talışlar, ləzgilər və b.) Türk dövlətləri daxilində “milliyyətçilik” etdikdə o, şovinizm deyil, milli haqlar kimi qələmə verildiyi halda, türklərin Türk birliyi uğrunda mübarizəsi isə irqçilik olaraq göstərilir. Bizə elə gəlir ki, burada problem yalnız türkçülüyün digər etnosların maraqları ilə uzlaşıb-uzlaşmaması ilə deyil, həm də qeyri-türk etnosların özlərinin buna hansı münasibət bəsləməsi ilə bağlıdır. Yəni türk olmayan etnik qruplar antitürk qüvvələrin oyununa gəlməkdənsə, türklərlə birlikdə yeni birliyin, Türk birliyinin yaranmasında fəal iştirak eməlidirlər. Başqa sözlə, tarixin əsas mərhələlərində türklərlə birgə yaşamış, birgə dövlət quruculuğunda iştirak etmiş azsaylı etnik qruplar, antitürk qüvvələrin “müstəqillik” oyununa gəlməməli birliyimizi, dirliyimizi davam etdirməlidirlər. Hər halda bu bir həqiqətdir ki, türklər almanlar, fransızlar, ingilislərdən fərqli olaraq heç bir zaman azsaylı etnik qrupları assimilyasiya siyasəti yürütməyiblər. Buna bariz nümunə kimi Türkiyə və Azərbaycanda yaşayan azsaylı etnik qrupları göstərə bilərik. Bu günün özündə də həmin etnik qruplar (kürdlər, ləzgilər, ermənilər, lazlar, talışlar və b.) həm milli kimliyini, həm də dini inanclarını qoruyub saxlamışlar. Bununla da etnik azlıqlar nəinki Türkiyə və Azərbaycanda assimilyasiya olunmuş, əksinə heç bir ayrı-seçkilik qoyulmadığı üçün həmin Türk dövlətlərində yüksək vəzifələr tutmuşlar.
Ancaq etnik azlıqlardan ermənilər və kürdlər türklərin bu xoşgörü, heç bir irqi ayrı-seçkiliyin qoyulmaması siyasətindən nəticə çıxarmaq əvəzinə tarixdə bir neçə dəfə «müstəqil Ermənistan», «müstəqil Kürdüstan» dövlətləri yaratmağa cəhd göstərmişlər. Xüsusilə, ermənilərin milli kimliklə yanaşı, dini kimliyi də irəli sürməsi, 20-ci əsrin əvvəllərində tarixi Türk torpaqlarında «Ermənistan dövləti» yaratması ilə nəticələnmişdir. Halbuki ermənilər Rusiyanın və başqa böyük xristian inanclı dövlətlərin dəstəyi ilə «müstəqil dövlət» yaradana qədər Osmanlı imperiyasında müxtəlif yüksək vəzifələr tuturdular. Türklər isə bu məsələyə milli və dini kimlik deyil, dövlətçilik, yəni bilik və bacarıqlı insanların layiq olduğu vəzifəni tutması baxımından yanaşdıqları üçün, buna heç bir etiraz etməmişlər. Hətta, türk imperiyası olmasına baxmayaraq, Osmanlıda bir çox hallarda haqsızlıqla üzləşənlər türklər özləri olmuşlar.
Bütün bunlar o deməkdir ki, XX əsrin əvvəllərində bəzi etnik qrupların, xüsusilə də ermənilərin və kürdlərin fəallaşaraq müstəqil dövlət yaratmaları fikrinə düşmələri, onların Osmanlıda milli və yaxud da dini kimliklərindəki hər hansı ayrı-seçkiliklə deyil, Türk ruhunu qəbul etməyən xarici qüvvələrin də təhriki ilə əsrlərboyu barış içində yaşadıqları türklərə xəyanət etmələri ilə bağlı olmuşdur. Bu xəyanətin nəticəsi olaraq da ermənilər XX əsrin əvvəllərində himayədarlarının birbaşa yardımı ilə «müstəqil dövlət»lərini yarada bildikləri halda, kürdlər buna nail ola bilməmişlər. Deməli, XXI əsrin əvvəllərində növbəti hədəf Türk torpaq¬larının hesabına «müstəqil Kürdüstan»ın yaradılmasıdır. Bəs, sonra?
Bu baxımdan türklərin milli mənlik şüurunun zədələnməsi (türk dilinin sıxışdırılması, türk kimliyinin dolaşdırılması, türk tarixinin saxtalaşdırılması və s.), əvəzində etnik qrupların «milli şüurunun oyadılması» ssenarisini Qərb və Avropanın antitürk ruhlu qüvvələri Türkiyədə uyğulamağa sonralar da davam etmişlər və edirlər də. Türkiyə alimi Oktay Sinanoğlu qeyd edir ki, ötən əsrlər¬də çar Rusiyası və Sovet Rusiyası Orta Asiya (Azərbaycan da buraya aiddir) türk dövlət¬lərində möhtəşəm türk mədəniyyətini, türk tarixini, türk dilini bir sözlə, türk ruhunu necə sıxış¬dırıb çıxartmaq siyasəti yürütmüşdürsə, eyni siyasəti ABŞ və Avropanın aparıcı ölkə¬ləri Türkiyədə həyata keçirməyə çalışmışdır: «Türk və İslam düşməni olan, hələ də xaçlı səfəri mentalitetini davam etdirən təəssübkeş qərblilər türklərin bu böyük töhfələrini əvvəlcə İslam dünyasında, sonra Qərbdə və nəhayət Türkiyə içində unutdurmaq və inkar etdirməklə işə başladılar. Sonra növbə (düz 40 il əvvəl) tarixin, mədəniyyətin, milli hiss və bütövlüyün və adət-ənənənin yaşaması üçün əsas fundament olan türk dilinin yox edilməsinə gəlib çatdı. Kağız üzərində rəsmi dili Türk dili olan Türkiyənin təhsil dili tamamilə ingiliscə olmağa başladı».
Bütün bunlar o deməkdir, XXI əsrin Türk əsri olmasını istəməyən kifayət qədər xarici qüvvələr var ki, onlar türk dövlətlərinin güclənməsini və birləşməsini (yəni hər hansı birlikdə birgə hərəkət etməsini) istəmirlər. Bunun üçün də, Türkiyəyə münasibətdə klassik forma kimi «parçala və hökm sür!» ideolojisini həyata keçirməyə çalışırlar. Hər halda, ötən əsrin əvvələrində olduğu kimi, XXI əsrin əvvəllərində də türk dövlətlərində baş verən prosesləri təsadüfi saymaq mümkün deyildir. Əksinə bu proseslər müəyyən bir ssenari üzrə davam etdirilməkdədir.
Özəlliklə, XXI əsrin “Türk əsri” olması şüarının fonun¬da baş verənlər heç də ürəkaçan deyildir. Belə ki, türkçülüyün dayaq mərkəzləri olan Türkiyə və Azərbaycanda üzdə türksevərlik, ancaq mahiyyət etibarilə türksüzləşdirmə prosesi¬nin getdiyi bir dövrdə bu şüar öz mənasını və əhəmiyyətini itirir. Çünki Türkiyə və Azərbaycanda baş verən türksüzləş¬dirmə prosesi fonunda bu şüardan əleyhimzə istifadə edirlər. Ona görə də hesab edirik ki, hazırda sözün həqiqi mənasında XXI əsrin “Türk əsri” olmasından çox türksüz “Türk əsri”nin reallaşması meyli özünü açıq şəkildə büruzə verir.
Bizə elə gəlir ki, antitürk dairələrin Azərbaycanda, Türkiyədə, Türküstanda (Qazaxıstan, Özbəkistan, Qırığızıstan, Türkmənistan) türksüz “Türk əsri” ssenarisini pozmaq üçün milli şüurumuza yeridilən və indinin özündə də bu və ya digər formada yaşadılan saxtalaşdırılmış tarixdən, ədəbiyyatdan, qeyri-milli ideyadan deyil, vahid bir millətin neçə min illiklər boyu qoruyub saxladığı və yaşatdığı milli tarixdən, milli fəlsəfi fikirdən, milli ədəbiyyatdan, milli ideyadan çıxış etməliyik. Çünki vahid türk fəlsəfəsini, türk tarixini, türk dini-fəlsəfi düşüncə sistemini, türk ədəbiyyatını və s. mənimsəmədən, onun tarixi-fəlsəfi mahiyyətinə varmadan heç vaxt türkçülüyün bütün türklər üçün hansı əhəmiyyət kəsb etməsini də, dərk edə bilmərik. Başqa sözlə, ayrıca götürülmüş bir ölkənin (Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tatarıstan və b.) fəlsəfəsi, tarixi, ədəbiyyatı, mədəniyyəti ilə yanaşı, ümumtürk fəlsə¬fə¬si, türk dini-fəlsəfi dünyagörüşü, türk mədəniyyəti, türk ədəbiy¬yatı, türk tarixindən də bəhs olunmalı, tədris edil¬mə¬li-dir. Ancaq bu halda türk dövlətlərində, o cümlədən ötən əsrin sonlarında keçmiş SSRİ-nin tərkibindən çıxaraq ye¬ni¬cə müs¬təqil¬lik əldə edən ölkələrin gənc nəsilləri, sözün həqiqi məna¬sında, türkçülüyü – türk kimliyini, türk mədəniyyətini, türk fəlsə¬fə¬si¬ni, türk tarixini daha dərindən və yaxından anlamış olacaqlar. Məhz bütün bunların gerçəkləşəcyi təqdirdə «Türk əsri»ndən, Türk birliyindən bəhs etmək olar.
Hesab edirik ki, Türk Birliyinin Quzey və Güney Azərbaycan türklüyünün birləşməsindən sonra gerçəkləşə bilməsi də ən ciddi məsələlərdən biridir. Çünki yalnız Azərbaycan türkləri mənəvi-psixoloji və fiziki anlamda birləşdikdən sonra Türklük yeni bir güc əldə edəcəkdir. Hesab edirik ki, Azərbaycan türklüyünün bütövləşməsi bütün Türk Dünyasına ciddi bir güc qatacaqdır. Çünki Azərbaycan türklüyünün yerləşdiyi coğrafi və strateji mövqe Türklük üçün son dərəcə önəmlidir. Eyni zamanda Azərbaycan türklüyü tarixən Türklük və Turançılıq ideyasını özündə yaşadan və yaşda biləcək ən əsas mərkəzlərdən biridir. Bunu, Qərb dünyası da, eyni zamanda onların sayəsində Qacarları devirərək hakimiyyətə gələn farsçı-irançı qüvvələr də yaxşı bilirlər. Bu anlamda Azərbaycanın bir hissəsində müstəqil Türkçülüyün olması irançıları və havadarlarını çox narahat edir.
Bu gün Quzey Azərbaycanın müstəqilliyi Güney Azərbaycanın müstəqilliyi üçün əsas prinsiplərdən biri olmaqla yanaşı, Türk birliyinə doğru gedən yolda bir mayakdır. Bu anlamda, Azərbaycan türkləri arasında yalnız Azərbaycana deyil, bütövlükdə əski Turana sahib çıxmaqla bağlı da ideya vardır. Təbii ki, əski Turana sahib çıxmaq üçün də öncə güclü, bütöv və yenilikçi Azərbaycan olmalıdır! Yəni bütün hallarda Azərbaycan bir olmalıdır ki, ondan sonra digər ideyalarımızı, özəlliklə də Türk birliyini həyata keçirək. Vaxtilə milli aydınımız, Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə də Türk birliyinin gerçəkləşməsi yolu kimi Azərbaycanı göstərmişdir. Rəsulzadə yazırdı ki, Türklərin öndərliyi ilə «Turanın mərkəzində Azərbaycan» adlı bir ölkə yaranmışdır ki, «yeni Turanın açarı» ondadır. Yeni Azərbaycan Türk ocağı, əski Türk yurdudur.
Eyni zamanda milli aydınımız onu da qeyd edirdi ki, Azərbaycan türkləri yalnız türkçü və demokrat deyil, həm də Türk birliyi tərəfdarıdırlar – gələcəkdə Türk Federasiyası¬nın yaranma¬sını istəyirlər: «Bizim federalist, türkçü və demokratizm məsləkimiz milli-demokrat məsələsidir. Demokrat¬lığımız radikal¬izm dərəcəsinə qədər vardır. Millətin qüvvətli bir birləşdirici ümumi cəhətini yalnız dinə deyil, xalqın «dili dilimdən, dini dinimdən» deyə özünə¬məxsus sağlam hisslə dərk elədiyi düsturda görürüz. Bu mülahizə ilə biz məfkurə¬mizdə böyük bir türk millətinin bir gün gəlib də bir Türk Federasyonu qurmaqla bütün görmək istəriz! Bu ittihadın bəşər mədəniyyəti sərgisinə qiymətli bir milli kültür bəxş edəcəyinə əminiz!». Beləliklə, Azərbaycan Cümhuriyyət dövründə M.Ə.Rəsulzadə milli-demo¬kra¬tik cərəyanın əsasını təşkil edən türkçülük, islamçılıq, müasirləşmək ideyalarına sadiq qalmaqla yanaşı, gələcəkdə türk millətlərinin Türk Federasiyası yarada bilməsinin mümkünlüyünü də irəli sürürdü.
Bu gün mən də bir Azərbaycan türkü olaraq hesab edirəm ki, Türk-İslam birliyi adı altında müsəlman olmayan digər türklərin, yəni xristian türklərin, buddist türklərin, şamanist türklərin Türk Birliyindən kənarda tutulması da qətiyyən doğru deyildir. Bu anlamda Türk Birliyini yalnız bu və ya digər formada Avropa, Rusiya, Çin, Ərəb və digər birliklərin yanında görmək çıxış yolu ola bilməz. Türk birliyi heç bir dini ayrı-seçklik qoyulmadan yalnız Türk xalqları, Türk dövlətləri arasında gerçəkləşməlidir. Bu yolda isə türk bilginimiz Əhməd Yəsəvinin dediyi kimi, Türkçülük qədərimiz, din seçimimiz, insanlıq isə vəzifəmizdir. Mən zərrə qədər şübhə etmirəm ki, yaxın zamanlarda Türk milləti yenidən dünyada ədalətin, əxlaqın, xoşgörünün bir sözlə insanlığın carçısı olacaqdır!.

Dos., dr. Faiq ƏLƏKBƏRLİ

ATO.AZ

About admin

Check Also

5a2d3b705fdce

“Qıbrıslı Türklər azlıq statusuna düşürülə bilməz”, R.T.Ərdoğan

Share this on WhatsAppDövlət başçısı Rəcəb Tayyib Ərdoğan Qıbrıslı Türklərin azlıq statusuna düşürülə bilməyəcəyini bildirdi. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *