Home / Gündəm / Qrammatikamız niyə ingilis dilinə uyğunlaşdırılır? – Məgər biz müstəmləkəyik?!.
142071

Qrammatikamız niyə ingilis dilinə uyğunlaşdırılır? – Məgər biz müstəmləkəyik?!.

Azərbaycan türkcəsindəki yazılarımızda “Vaşinqton”u, “Washington” yazırıqsa, onda gəlin, Moskvanı da “Москва” yazaq…

Öncə tarixçi, sosioloq, antropoloq, psixoloq və s. mütəxəssislərə bir sualım var. Görəsən, niyə xalqımızın böyük bir hissəsi özünə doğma olan bəzi vacib milli söz, adət, davranış, qaydalardan və s.  asanlıqla imtina edərək özgə millətlərə, cəmiyyətlərə xas lazımsız və lüzumsuz adət və vərdişləri asanlıqla mənimsəyir? Misal üçün avropalıdan, amerikalıdan, ingilisdən, fransızdan, rusdan və s. elementar mədəni davranış qaydalarını, məsələn, nəsə alanda qaydasıyla növbəyə durmağı, ictimai yerdə, küçədə, nəqliyyatda ucadan danışmamağı, tum çırtlayıb qalıqlarını ayaq altına tökməməyi, siqaret çəkib kötüyünü  hara gəldi tullamamağı, yerə tüpürməməyi, saqqızı çeynəyib masaların altına yapışdırmamağı, səkilərə, parklara atmamağı, “Qalenvagen”də oturub  “hel”i başına çəkib bankasını küçənin ortasına vıyıldatmamağı, çimərliklərdə qarpız, pomidor, xiyar qabıqlarını oturduğumuz qumun üzərinə dağıdıb getməməyi və s. öyrənmirik? Amma qadın və qızlarımızı, toyda gəlinlərimizi yarıçılpaq geyindirməyi, bəylə gəlinə şampan içirtməyi, dəli kimi “bravo” qışqırmağı, ağsaqqallı- ağbirçəkli “medlennı” oynamağı və ya qaranlıqda yanın-sönən işıqlar altında cin kimi atılıb-düşməyi, qarşısında ata-ana, böyük-kiçik olduğunun fərqinə varmadan ayağını ayağının üstə aşırmanı və s. tez mənimsəyirik?
Oxşar sual doğma dilimizə yanaşmada da meydana çıxır. 2 əsrə yaxın Rusiya əsarətində yaşamışıq və yaşlı nəsil bir sıra sözləri rusca işlətməyə vərdiş edib. “Uje”, “davay”, “paka”, “yest”, marojna”, xaladennik”, “silesar”, “afitser”, “zauç”, “pradukt”, “vilka”, “çaşka” və s. dilmizdən “yapışıb qopmayan” parazit sözlərdir. On llərdir qohum-əqrəba, dost-tanış, onların övladlarının və s.həmin sözləri doğma Azərbaycan türkcəsindəki qarşılıqlarıyla əvəzləmələrinə çalışsaq da, cəhdlərimiz çox cüzi nəticə  verir. Nəsillər dəyişsə də, qaydalar dəyişmir…
1991-ci ildən bəriki müstəqillik dediyimiz dövrdə isə növbəti xarici dalğa üstümüzü alıb. Bu dəfə məşhur ingilis sözləri yapışıb dilimizə: “super”,”ful” “okey”, “no problem”,”bravo” və s. Amma bu dil məişət dilindən daha çox şəhərlərimizdəki dükan, otel, firma və s. adlara nüfuz edib. Elə əndrabadi adlar qoyulur ki, heç adı qoyanın özü də onun mənasını bilmir. Məqsəd, sadəcə, özünü göstərmək, fərqlənmək istəyidi. Şəhər “saray”  mənasını verən “plaza” sözləri ilə dopdoludur. Elə küçələr var ki,  adlar başdan-başa ingilis və rus, hətta yapon dilində yazılıb, öz dilimizdə yazılanlar isə kiçik hərflərlə küncdə-bucaqda görünür.  Sanki Bakıda digər dillər yox,  Azərbaycan türkcəsi yaddır, əcnəbidir.  Beləcə doğma dilimizi öz əlimizləgözüqıpıq etmişik. Bu barədə çox yazılıb, çox deyilib. Prezidentin dilimizin qorunması haqda fərmanları var. Müvafiq cərimələr müəyyən edilib. Amma fikir verən, icra edən yoxdur…
Bəla ondadır ki, daim məmurları, şirkət rəhbərlərini, ticarətçiləri tənqid edən bir sıra jurnalistlər özləri ana, doğma, dövlət dilimizin qayda-qanunlarını nəinki pozur, hətta  öz dilimizi özgə dillərin qrammatikasına uyğunlaşdırmağa da cəhd edirlər. Orfoqrafik, üslub səhvləri bir yana, bəzən əcnəbi dillərdə olan sözlər bizim qrammatik, orfoqrafik qaydalara uyğunlaşdırılmaq əvəzinə, bizim dilimiz, yazımız əcnəbilərin qaydalarına uyğunlaşdırılır. Son vaxtlar belə bir adət yaranıb:  sayt,  yaxud qəzetlərdəki xəbər və ya məqalələrdə ingilis dilindəki insan, şəhər, çay, dəniz və s. adları Azərbaycan dilində oxunuşu nəzərə alınmadan    həmin dildə olduğu kimi, eyni hərflərlə yazılır. Məsələn, Vilyam Şekspir əvəzinə William Shakespeare,  Ernest Heminquey yerinəErnest Hemingway və s. Bu qayda, əslində qaydasızlıq Azərbaycan mediasına Türkiyə KİV-dən “yoluxub”. Amma qardaşlarımızın da bu məsələdə yanlış olduqlarını qəti söyləmək gərəkdir. Hər dil özünəməxsusluğunu qoruyub, saxlamalı özgə dillərin təzyiqi altında milli qayda-qanununu pozmamalıdır… Amma çar Rusiyası və Sovetlər dönəmlərində Azərbaycan türkcəsinin qrammatikası rus qarmmatikasına uyuğunlaşdırıldığı kimi, deyəsən, bu gün də ingilis dilinin qayda-qanuna uyğunlaşdırılır…
Nə yazıqlar ki, biz  öncə dediyimiz kimi, özümüzünkünü tapdaq altına atmağı, sanki, xoşlayırıq.
Avqustun 30-da məşhur saytlarda “Ərdoğanın 15 mühafizəçisi məhkəməyə verildi” başlıqlı xəbəri, yəqin ki, çoxunuz oxumusunuz(http://musavat.com/news/abs-erdoganin-15-muhafizecisinin-isi-mehkemeye-verilib_464561.html, http://olaylar.az/news/dunya/234864, http://www.milliyol.az/ab_____rdo_an_n_15_m_hafize_isinin_i_i_mehkemeye_verilib__-13052-xeber.html)
Xahiş edirik, xəbərdə bəzi cümlələrdəki ingilis sözlərinə fikir verin:
“ABŞ-da prezident Rəcəb Tayyip Ərdoğanın may ayında Washington-a səfəri zamanı Türkiyə səfirliyinin iqamətgahı qarşısında baş verən dava ilə əlaqədar 19 nəfər haqqında məhkəmə prosesinin başlanmasına qərar verilib.
Böyük münsiflər heyətinin qəbul etdiyi ittihamnamədə adları qeyd edilən şəxslərin 15-i prezident Ərdoğan-ın mühafizəçisidir…
Washington D.C. Prokurorluğu işdə adları keçən şəxslərdən 16-na qarşı ittihamların irəli sürüldüyünü, üç mühafizəçinin adının isə yeni əlavə edildiyini bildirib… Mayın 16-da Türkiyənin Washington-dakı səfirliyinin qarşısında Ərdoğan-a etiraz edən nümayişçilərə onun cangüdənləri və türk təhlükəsizlik nümayəndələri müdaxilə etmişdi. PrezidentƏrdoğanınşahidolduğunuhadisəni, polis “dincnümayişçilərəqarşıvəhşibirhücum” kimisəciyyələndirib (BBC)”
”Washington” sözü niyə  bizim dilə transkripsiya olunub yazılmamalıdır? Və yaxud Azərbaycan qrammatikasında nə vaxtdan insan, şəhər  adları hansısa halda yazılarkən, yaxud onun kökünə leksik şəkilçi əlavə edilərkən  hal və ya leksik şəkilçidən öncə defis qoyulmalıdır: “Washington”-dakı, Ərdogan-a? Nəyə görə Azərbaycan oxucusu doğma dilində oxuduğu xəbərdə yad hərflərlə yazılmış sözlərə rast gəlməlidir? Bəlkə o, həmin dildə oxumağı bacarmır, bilmir?  Məgər hər bir Azərbaycan vətəndaşı ingilis dilində bilməyə, ingiliscə oxumağı bacarmağa məhkumdur? Yoxsa biz rəsmən Böyük Britaniya, yaxud ABŞ-ın müstəmləkəsiyik, xəbərimiz yoxdur? Elə isə gəlin xəbər və ya məqalələrimizdə Moskvanı «Москва», Putini də «Путин» kimi, yaxud Sarkisyanı erməni hərfləriylə yazaq…
Məlum olur ki, bizim milli(!) saytlar sözügedən xəbəri Böyük Britaniya ümummili ictimai tele-radio yayım təşkilatı olan “BBC”-nin Azərbaycan dilindəki bbc.com/azeri saytından götürüb olduğu kimi  də veriblər. Deməli, sonuna da “azeri”(?!) artıran Britaniya saytı ingilis dilində yazılmış ad və terminlərin eyni ilə Azərbaycan dilində qalmasını istəyir, təbliğ edir? Bəs adında bizim üçün müqəddəs hesab edilən “müsavat”, “milli yol” olan saytlarımız hara baxır? Yoxsa müsavatçılıq, milli yol belə tələb edir? Deyək ki, xəbəri verən əməkdaşlar tənbəllik edib əcnəbi dildə yazılmış sözləri öz dilimizə çevirməyib, bəs redaktorlar hara baxır?
Bu, Azərbaycan KİV-də rast gəlinən ilk hal deyil. Belə faktlar onlarladır. Yenə inanaq ki, həmkarlarımız müvafiq rəsmi və ya qeyri-hökumət təşkilatlarının, tanınmış alimlərimizin müdaxiləsini gözləmədən bir daha belə anti-milli səhvlərə yol verməyəcək…

About admin

Check Also

15239503292299924702_1000x669

“Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi hazırlanıb

Share this on WhatsApp  Azərbaycan Prezidentinin müvafiq Sərəncamlarına əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Azərbaycan …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *