Home / Cəmiyyət / Erməni qadın dedi ki, siz əsl kişisiniz… – Qarabağ qazisi
esger-sengerde

Erməni qadın dedi ki, siz əsl kişisiniz… – Qarabağ qazisi

Maşın alveri ilə güzəranını keçirən, qonşuluqda yaşayan məcburi köçkünə zarafatyana “necədir halı qaçqının?” – deməyimi gördüm. Zarafatıma daim zarafatla cavab verən qonşum üz-gözünü turşutdu:

– Pisəm, çox pisəm…

Özü də pis olmasını elə dedi ki, guya bunun səbəbi, günahkarı birbaşa mənəm.

“Görünür, bu dəfə satdığı maşından fərli-başlı gəlir götürə bilməyib” düşüncəsi ilə pis olmasının niyəsini soruşduqda düşüncəmdə yanıldığım aydın oldu. Qonşum əksər jurnalistləri qınadı və hülqumunu köynəyinin yuxarı düyməsinə “vura-vura” pis olmasının əsas səbəbini də dilinə gətirdi:

– O gün bir “bomj” gördüm, yazığım gəldi, istədim yanından sovuşub keçəm, məni adımla çağırdı, dönüb yaxınlaşdım. Bizim kəndi ermənilərdən qoruyan könüllülərdən idi, yaxşı “vojak” idi, kənd də, camaat da onun xətrini çox istəyirdi. Niyə bu günə düşdüyünü soruşdum, o isə mənə “Heç dəyişməmisən, mənə qazsız su al gətir”, – dedi və ağladı.

Öyrəndim ki, onun arvadını bir jurnalist var e… bax o, pis yola çəkib, yazığı da evindən etdirib.

Nə isə, uzun söhbətdən sonra onu keçmiş döyüşçü ilə məni görüşdürəcəyinə razı sala bildim…

Qonşumun yol boyu qəhrəmanlığından və ürəyinin təmizliyindən bəhs etdiyi keçmiş döyüşçünü Nizami rayonundakı peşə liseylərinin birinin həyətindəki şam ağaclarından ibarət kiçik bağda tapdıq. Kürəyini şam ağacının gövdəsinə söykəmişdi. Qarşısındakı qəzet süfrədə yarıya qədər kəsilmiş qarpız, pendir və çörək vardı. Bu, onun naharı idi. Bizi görən kimi ayağa qalxdı. Qonşuma yer göstərdi, mənə tərəf çəpəki baxdı, “sən də otur”, – dedi və peşə liseyinin həyətinə qalaqlanmış taxta yeşiklərdən birini gətirdi, mənim üçün yer rahladı. Bu heç də qonşumun dediyi “bomj” deyildi. Üst başı nimdaş və çirklidir, bu, düz, amma onu görənə qədər xəyalımda canlandırdığım insandan məndə əsər-əlamət qalmamışdı.

Hər ikimiz yerimizi rahladıqdan sonra qonşuma tərəf döndü:

– Ayağın yüngüldür. Sən gedəndən sonra məktəbin direktoru yanıma gəldi. Bir az söhbət etdi və dedi ki, səni qarovulçu kimi işə götürəcəyəm. İşim-gücüm əslində bu darvazanı açıb-bağlamaq, həyətdəki ağaclara su vermək, təmizlik işinə baxmaq olacaq. Sənədim olmadığı üçün başqasının adına “aformit” edəcək, maaş kartı isə məndə olacaq…

Keçmiş döyüşçü sevinc içində idi. Qonşum da sevindi, elə mən də “nə yaxşı” deməklə onların sevincinə şərik olduğumu gizlətmədim.

Keçmiş döyüşçü ətrafa nəzər salıb qonşuma tərəf əyildi:

– Bilirsən, hər şey yaxşı olacaq. Direktor dedi ki, səni mənə tapşırıblar, kimin tapşırdığını deməsə də, bildim ki, xeyirxah adamdır. Kim bilir, bəlkə də tanıdıqlarımdan biridir, hə…

Neçə günün çirkinin barmaqlarının arasında qarpız suyuna bələnib palçıqlaşması nəzərimdən yayınmır. O isə həmin çirkli əli ilə qarpız dilimini mənə tərəf uzadıb, qonşuma tərəf baxdı:

– Qonağımız, deyəsən, az danışandır. Ona demisən mən kim olmuşam?

Sonra nə fikirləşdisə, mənə tərəf yazıq-yazıq baxdı, sözünü isə qonşuma dedi:

– Deməmisənsə, demə heç. İstəmirəm hamı haqqımda pis fikirləşsin…

– Qonşumdur, canlara dəyən qardaşdır, bərkə-boşa düşən adamdır. Sənin o gün mənə dediyin adamı yaxşı tanıyır… Dedim, gedək birgə baş çəkək sənə… – bu dəfə qonşumun səsində döyüşçünün həyatını mənə danışmağına aşkar günahkar olması hiss olundu.

– Gərək deməyəydin heç… – keçmiş döyüşçü bir qədər də pərt halda dilləndi.

Araya sükut çökdü. Köhnə döyüşçü qarpızdan yedikcə, əlinin arxası ilə ağzının suyunu sildikcə qonşum da qarpız yeyirmiş kimi ağzını marçıldadırdı. Sükutun “yaxasını” bu marçıltılar “didməkdə” idi. Araya çökən sükutu yenə də qonşum pozdu:

– Bəs nə əcəb direktor bu vaxta qədər səni görmürmüş?

– Görürdü, niyə görmürdü ki? Demirəm kimsə məni tapşırıb ona? Axı o heç məni burda gecələr yatmağa da qoymurdu. Mən bu məktəbi yaxşı tanıyıram, burda oxumuşam axı… Başqa yerim yox idi, o vaxtdan qalırdım burda.

– Bəs evinə niyə getmirsən? – dedim və hiss etdim ki, sözüm köhnə döyüşçünün xoşuna gəlmədi.

– O evin içinə… Orada mənim xoş günüm yoxdur, çığırda-çığırda əlimdən alıblar, o ev hardan mənim oldu?

– Yoldaşın, ailən, uşaqların, onları ki əlindən almayıblar, – onun acizliyinə acığım tutmuşdu.

Əlini yellədi. Qəzet süfrəni çəngələyib ovuclarının içində sıxmaladı, basketbol topunu atırmış kimi zibil qutusuna tulladı. Yarısı qalmış qarpızı, çörək və pendir parçalarını sellofan paketə qoyub ağacdan asdı. Əlinin barmağını haçalayıb qonşuma tərəf uzatdı. Qonşum dərhal siqaret giləsini keçmiş döyüşçünün barmaqlarının arasına pərçimlədi. Hər ikisi siqaret yandırdı…

– Sizin kəndə bir erməni ailəsini tutub gətirmişdik e, yadına gəlir? Kənd adamları istəyirdi onları öldürək, düşdü yadına?

– Heç yadımdan çıxar?

– Bax, orda bir qoca arvad vardı e, dizimi qucaqladı, ayağımı yaladı, bizi öldürməyin, “Allah davanı salanın balasını əlindən alsın. Nəvəmə toxunmayın”, – deyirdi ha…

– Hə, yadımdadır, elə deyirdi.

– Üç gün idi o erməni qadın yuxuma girirdi.

– Boyy. O hardan səni yada salıb ki, yuxuna gəlib?

Qonşumun səsində bu səfil həyatı yaşayan insana, keçmiş döyüşçüyə yarınmaq da hiss olunurdu.

Köhnə döyüşçünün keçmişdə qalan günlərinə olan hörmət, çəkinəcəklik ola bilərdi bu.

– Bilirsən, yuxuda mənə nə deyirdi? Deyirdi ki, bilirdim nəvəmə əl vurmayacaqsınız, ona toxunmayacaqsınız…

– Yuxuya bax e, – qonşum söz xatirinə dedi bunu.

– Hə də, yuxudur da – keçmiş döyüşçü bu dəfə ayaqlarını uzatdı, ağaca daha möhkəm söykəndi. Yuxusunu nəql etməyə başladı:

– Mən də dedim ki, olanımıza bələdsiniz də, sizin ermənilər bizim 2 yaşlı qızlarımızı işgəncə ilə qətlə yetirirdi, qadınlarımıza olmazın zülm verdi, itlərlə cinsi əlaqəyə məcbur etdi, biz kişilər isə 15-16 yaşlı erməni qızına əl vurmadıq, toxunmadıq, özümüzü kişi kimi göstərdik. Biz də sənin yalvarışına baxıb o cür qızı, sizi buraxdıq ki, gedin harda gəbərirsiniz, gəbərin. Mən yuxuda bunları deyirdim, o, pırtlaşıq saçlı erməni arvadsa deyirdi yox e, elə əsl kişi sizsiniz, sənsən, sənin millətindir…

Keçmiş döyüşçü nəyisə xatırladı, üz-gözünü turşutdu:

– Daha o erməni fahişəsi bilmədi ki, məni, torpaq uğrunda döyüşən, yaralanan veteranı özümüzkü qapı arxasında qoydu, “veteran, sən gəlmə, əziyyət çəkmə, elə bacı gəlsə, hər işin həll olunar” dedi. Bacı gedəndə isə qapını bağlayıb, əllərini yanbızına atdılar, döşünə toxundular…

Qəzəbini soyutdu sanki, əlini yerə dirəyib ayağa qalxdı.

– Erməni qadın mənə yuxuda deyirdi ki, o şeyləri ki, bizim əsgərlər sizinkilərə qarşı edirdi, ona sizin əliniz gəlməzdi. Axı siz bizimkilər kimi deyilsiniz. O qıza ona görə toxunmadınız ki, atası azərbaycanlı idi. Şofer işləyirdi, qızımla əlaqələri vardı. Geniniz qoymazdı siz o qızı zorlayasınız, öz balanız idi axı… Mənə dua edirdi, yalvarırdı, “Allah səni, balarını, ailəni qorusun”, deyirdi… Qorumadı axı…

Təzədən qonşuma tərəf döndü:

– Deyirsən nə əcəb… Bəlkə o erməni arvadın mənə dua etməsini Allah indi eşidib? Allahın yadına düşüb ki, o qan-qadanın içində 3-4 erməni qadını işgəncədən, zorlamadan qurtarmışam, rəhmi gəlib mənə? Amma niyə axı gec? Düzdür, mənə iş veriblər. Üst başımı da düzəldəcəm. Qovmasalar, ölənə qədər işləyəcəm burda…

Qonşum köhnə döyüşçüyə təsəlli verdi, hər şey yaxşı ola bilər, gərək qadının da bir az diqqətli olaydı, səbrli olaydı…

…Köhnə döyüşçüdən ayrıldıq. Qonşumun dediklərindən mənə əlavə olaraq məlum olan bu oldu ki, döyüşçü məcburi köçkün kimi yerləşdiyi evi qoruyub əlində saxlamaq üçün çox əlləşib, vuruşub, lakin nail ola bilməyib. Digər işğal olunmuş rayondan olan köçkün evdə heç kəs olmayanda qapını sındırıb girib. Bunların əşyalarını binanın həyətinə yığıb…

Ailənin faciəsini ictimailəşdirmək istəyən bir qəzetçi isə döyüşçünün xanımını işlə təmin edib və iki azyaşlı uşağı ilə yaşaması üçün ona ev kirayələyib.

Qonşumdan həm də onu öyrənə bildim ki, köhnə döyüşçünün məktəbdə işləməsi və qalması üçün elə xanımı və həmin jurnalist xahiş edibmiş… Ato.az Zamir Göytürk.

About ato.az

Check Also

hacibala

Hacıbala Abutalıbov istefa verdi? – Meriyadan açıqlama

Share this on WhatsApp Hacıbala Abutalıbovun istefa verməsi yalan xəbərdir. Elə şey olar? 23 apreldə …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *