Home / Dahilər / Hollandiyada adına park salınan azərbaycanlı partizan “Medo”
image-80

Hollandiyada adına park salınan azərbaycanlı partizan “Medo”

Bizlər II Dünya Müharibəsi zamanı partizan dəstələrində döyüşən azərbaycanlılardan danışarkən, daha çox Mehdi Hüseynzadənin, qismən də Əhmədiyyə Cəbrayılovun adını çəkirik. Amma müharibənin gedişatında məcburi səbəblərdən yaranan partizan dəstələrində o zaman başqa azərbaycanlılar da olub və onlar igidliklərinə görə böyük şöhrət qazanıblar. Təəssüflər ki, bəzilərinin ölümü, bəzirinin isə müharibədən sonra mübarizə apardıqları ölkələrdə qalaraq Vətənə geri dönməmələri adlarının unudulmasına səbəb olub.

Ato.az-ın bəzi mənbələrdən topladığı tarixi faktalar.
Belə partizanlardan biri də müharibə zamanı az qala, bütün Hollandiyada şöhrət qazanan Medo ləqəbli Məmməd Məmmədovdur.
O, 1923-cü ildə Zaqatala rayonunun Muğanlı kəndində anadan olub. Müharibənin ilk günlərdə cəbhəyə göndərilib və 1942-ci ildə Ukraynanın Don şəhəri ətrafındakı döyüşlərdə almanlar tərəfindən əsir götürülərək, 28 nəfər soydaşımızla birlikdə Hollandiyanın Osterveyk şəhərinə göndərilir.
Lakin tezliklə Məmməd əsir düşərgəsindən qaçır və holland partizanlarına qoşularaq, göstərdiyi igidliklərə görə onların arasında “Medo” ləqəbiylə əfsanələşir. Müharibə vaxtı o, bir neçə həmyerlisi ilə birlikdə Oisterveyk meşələrində səngərlər qazıb, çox işlər görməyə məcbur olub. Hollandiyanın azadlığı uğrunda şimali Barbant meşələrində göstərdiyi igidliklərlə məşhurlaşmışdı.
Müharibə zamanı əsir düşənlərin aqibəti haqda çox pis xəbərlər gəlirdi. Stalinin qərarına əsasən, əsirlər vətən xaini adlandırlırdı. Məmməd Məmmədov doğma vətənində qəhrəman kimi yox, vətən xaini kimi qarşılanacağını bildiyi üçün geri qayıtmır. O, Osterveykdə məskunlaşaraq, əsirlik dövründən sevdiyi holland qızı Mariya Serbrextlə ailə qurur. Bu qadından bir qızı olur. Qızının adını isə anasının şərəfinə Nənəxanım qoyur.
Müharibədən sonra Məmməd Məmmədov 1946-cı ildən başlayaraq uzun müddət “Wed” ayaqqabı fabrikində çalışır. O , 1956-cı ildə “Həmişə hazıram” (“Altijd paraat”) polis itlərinin təlimi ilə məşğul olan birliyi təsis edir. Bu təlim mərkəzi indiyədək fəaliyyətdədir və Osterveykin yaxınlığındakı meşədə yerləşir. Bu birliyin də təsis edilməsinin maraqlı tarixçəsi var. O vaxtlar ətrafdakı meşələrdə canavarlar çoxalmışdı və yerli əhali, əsasən qadın və uşaqlar qorxu içində yaşayırdılar. Medo bu insanları qorumaq üçün yetişdirdiyi itləri sakinlərə paylayırdı. Sonralar keçmiş döyüşçü bu işi təkmilləşdirib, onu polis itlərinin yetişdirildiyi mərkəzə çevirdi. Hazırda məktəbin binası üzərində Məmməd Məmmədovun adı həkk olunmuş barelyef mövcuddur. Məmməd Məmmədov həm də Nevelo şəhərinin uşaq futbol klubunun məşqçisi olub. Göstərdiyi qəhrəmanlıq və Niderlandın müharibədən sonrakı yenidənqurma işlərində xidmətlərinə görə bu ölkənin Kraliçası tərəfindən ən yüksək hərbi ordenlə – “Oranc-Nassau Kral ailəsinin Cəngavəri”, “Müqavimət döyüşçüsü” və “Sədaqətli Xidmət” medalları ilə təltif edilmiş, həmçinin 26 minlik Oistervayk şəhərinin ilk fəxri vətəndaşı adına layiq görülüb.
Ömrünü vətən həsrətiylə keçirən Məmməd Məmmədova 31 ildən sonra Zaqatalaya gələrək ata-baba ocağını ziyarət etmək və qohumlarıyla görüşmək nəsib olur. Məmməd Məmmədovun Azərbaycana, doğma Zaqatalaya səfəri yalnız Niderlandın Qızıl Xaç Cəmiyyətinin təşəbbüsü və o dövrdəki SSRİ rəhbəri Brejnevin xüsusi icazəsi ildə baş tutur.
1972-ci ildə. Bu səfərdə onu qızı Nənəxanım və həyat yoldaşı müşayiət edir. Amma bu səfərdən bir qədər öncə anasının vəfat etməsi Məmmədi kövrəldir. Anasının qəbri üstə uzanıb saatlarla ağlayır. Elə Niderlandda nəşr olunan qəzetlərin birində də bu təsirli hekayəyə böyük yer ayrılır. “Məmməd 31 il anasını görmək həsrətiylə yaşadı. Min bir zülmlə doğma vətəninə qayıda bildi. Amma anası bu səfərdən az öncə vəfat etmişdi”.
Məmməd Məmmədov 2003-cü ildə vəfat edir. Adına Oistervayk şəhərində park var. Qızı Nənəxanım (Nansy) Məmmədova 2011-ci ildə yenidən Zaqatalaya gəlir, atasının yaxınlarıyla görüşür. Hazırda Hollandiyada yaşayır.
Qeyd: Yazıda araşdırmaçı jurnalistlər Səbuhi Məmmədli və İlqar Həsənovun Məməd Məmmədovun taleyi və qohumları, ailəsi barəsində yazdıqları məqalələrdən və başqa internet materiallarından istifadə edilib.

image-79

TürkünÖzü

About ato.az

Check Also

elçibeyy

Mərhum Prezident Elçibəy FOTOLARDA

Share this on WhatsApp Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 24 iyun 1938 -ci ildə  Naxıvan …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *