Home / Türk Dünyası / Şor Türkləri
400px-Verbreitungsgebiet_der_Turkv_lker_1

Şor Türkləri

Sivil günümüzdə tarixin ən çətin dövrlərini yaşayan və dünyanın siyasi səhnəsindən silinərək çıxmaq təhlükəsi altında olan türk xalqlarından biri də başı min  bir bəla çəkən Şor türkləridir. Özlərini Şor-kiji (Şor-kişi)  və  Madar kiji (Madar kişi) adlandıran Şor türkləri Qərbi Sibirin cənub şərqində, əsasən Kemerovo (Kəmər oba, Kəmər) vilayətinin Taştaqol, Novokuznetsk, Mejdureçensk Mıskovsk, Osinnikovsk, həmçinin Xakasiyada, Altay Respublikasında, Krasnoyarsk və Altay ölkəsində yaşayırlar.

Antropoloji cəhətdən Şor türkləri monqoloid irqinin Ural tipinə aid edilirlər. Amma morfoloji və kranieloji əlamətlərinə görə onlar Ural və Cənubi Sibir antropoloji tipləri üçün müəyyən edilən çərçivədən çıxırlar.

Şorlar yaşadıqları ərazi ilə əlaqədar iki yerə (cənub, dağ-tayqa və çöl-səhra- “abinsk”) bölünürlər

1926-cı ilə kimi Şor türkləri və onların tərkibinə daxil olan  soylar ( bintslər, şorlar, kalarslar, karqinlər və başqaları) Madar-kiji adı ilə tanınıblar. 19-cu əsrin sonlarında məşhur türkoloq alim V.V. Radlov bölgədə yayılan və eyni dildə danışan qara tatarları, dəmirçi (kuznetskie) tatarları, mrassları və kondomluları (Maturs adlanan Kondom tatarları ), abaları (abasin) Şor türkləri  adı altında birləşdirdi və onları belə də adlandırmağa başladı. Türkoloq alimin Mrass və Kondom tatarlarının da yuxarıda adıçəkilən soylarla eyni kökdən olduğunu söyləməsini nəzərə alaraq, Madar-kijilər də rəsmi şəkildə Şor türkləri adlandırıldılar. Amma günümüzdə Şor türkləri özlərini Madar-kiji və  Şor-kiji adlandırmada davam edirlər.

Şor türklərinin tarixi və etnik cəhətdən formalaşması

Şor türklərinin tarixi barədə danışarkən, adətən, onların  etnos kimi 6-9-cu əsrlərdə formalaşdığını qeyd edirlər. Bununla belə, bəzi tədqiqatçıların fikrincə, Şor türklərinin etnos kimi formalaşması prosesi Rusiyanın 17-ci əsrdə bölgəni işğal etməsindən və burada Kuznetsk mahalını yaratmasından sonra başa çatıb. Bütün bunlar mübahisəli olsa da, Şor türklərinin əcdadlarının və onlarla eyni kökdən olan soyların adıçəkilən ərazidə eramızdan xeyli əvvəllər yaşadığı barədə tarixçilər arasında həmrəylik mövcuddur. Digər tərəfdən də, Şor türklərinin formalaşmasında türk soylarından ( əsasən uyğur, Yenisey-qırğız) əlavə Samodiy və Uqor tayfaları da iştirak ediblər. Yeri gəlmişkən, onu da qeyd edək ki, rus tarixçiləri, adətən, Altayda və Sibirdə yaşayan türk xalqlarının formalaşmasından yazarkən onların bölgədə yaşayan Ket, Samodiy və Uqor xalqlarını türkləşdirdiyini xüsusi qabardırlar. Bunun arxasında isə daha çox türklərin buraya guya gəlmə olduğu və onların heç də türk olmadığı, türkləşmiş başqa xalqlar olduğu barədə rəy formalaşdırmaq niyyətləri dayanır. Əslində isə türklərin ana yurdlarının Altay və Sibir olduğu və onların eramızdan minlərlə il əvvəl adıçəkilən ərazilərdə yaşadığıni istər bu bölgədəki türkcə toponimlər, istərsə də günümüzə qədər gəlib çıxan maddi-mədəni dəlillər, o cümlədən Çin mənbələri də sübut edir. Qaldı ki, bölgədə yaşayan türk olmayan azsaylı xalqların türklərin etnik tərkibinin formalaşmasında iştirak etməsi və onların assimilyasiyası təbii proseslər nəticəsində baş verib və onların bu prosesdə iştirakı cüzi olub. Türk xalqlarının özləri də vaxtilə bolqarların, rusların (əsasən tatarlar), ukraynalıların, o cümlədən indiki almanların və digər xalqların soyköklərinin formalaşmasında iştirak ediblər.

19-cu əsrin əvvəllərindən başlayaraq, Şor türklərinin bir hissəsi obyektiv və subyektiv səbəblərdən (rusların bölgədə sayının artması nəticəsində onların sıxışdırılması, ənənəvi məşğuliyyət sahələrinin get-gedə azalması) bölgəni tərk edərək Hakas türklərinin arasına köç etdilər və onlarla qaynayıb-qarışdılar. Yenə də qeyd etmək istəyirik ki, Sibirdə və Altaylarda yaşayan  və yaxın türk ləhcələrində danışan türk etnoslarının vahid türk milləti adı altında formalaşmasına və ərazidə Sibir və ya Altay adı altında vahid xalq kimi özlərinin varlıqlarını sübut etmələrinə  Rusiyanın işğalçılıq və hər bir konkret ərazidə yaşayan türk etnoslarını ayrı-ayrı millət kimi qələmə vermə  cəhdləri, onları assimilyasiya və zorla xristianlaşdırma, onların sivil inkişafına hər vasitə ilə mane olma siyasəti xüsusi rol oynadı.

Ona görə də Sibir və Altayda yaşayan türk etnosları tədricən məhv olmağa doğru sürüklənməyə başladı

Bölgədə sovet hökuməti qurulduqdan sonrakı ilk illərdə  Şor türkləri arasında milli bir canlanma hiss olunmağa başladı. Onlar ana dilində təhsilə xüsusi diqqət verməyə başladılar.

Yeni təzyiqlər

20-ci əsrin əvvəllərində Şor türkləri yaşayan cənubdakı ərazi Dağlıq Şoriya adlandırılmağa başlandı. 1926-1939-cu illərdə Taştaqol, Novokuznetsk, Meldureçensk rayonları, həmçinin Mıskovsk, Osinnikovsk şəhərləri və Novokuznetsk şəhər sovetinin bir hissəsi əsasında Dağlıq Şor Milli Muxtar Rayonu yaradıldı. Həmin vaxt Şor türkləri burada kompakt halında yaşayırdılar və əhalinin 70 faizini təşkil edirdilər. Lakin 1939-cı ildə bu milli muxtariyyət müxtəlif bəhanələr altında ləğv edildi və onun yerində yeni inzibati ərazi vahidi təşkil edildi.

Bu da ötən əsrin 40-cı illərindən başlayaraq, şorlar arasında milli özünüdərkin zəifləməsinə gətirib çıxardı. Milli özünüdərkin zəifləməsinə bir səbəb də bölgənin təbii sərvətlərinin, kömür mədənlərinin geniş həcmdə istismarına başlanılması ilə bağlı idi. Xüsusilə, SSRİ-nin kömürə olan ehtiyacının ödənilməsi üçün xüsusi planın həyata keçirilməsi buraya ittifaq respublikalarının hər yerindən axını gücləndirdi. Nəticədə bölgədə, xüsusən Şimali Şoriyada yeni şəhərlər meydana gəldi. Bu da şorların şəhərə müqrasiyasına və onların assimilyasiyasına yeni bir təkan verdi. 1960-cı ildə bölgədə işçi qüvvəsinə olan ehtiyacı yerli əhalinin hesabına ödəmək üçün Kemerovo vilayət rəhbərliyi iyun ayının 20-də “Rentabelli olmadığına görə Dağlıq Şoriyada kolxozların ləğv edilməsi barədə” qərar qəbul etdi. Bu da işsiz qalan Şor türklərinin kömür mədənlərində işləmək üçün şəhərlərə axın etməyə məcbur olmasına və nəticədə milli adət-ənənələrindən daha da uzaq düşərək ruslaşmasına gətirib çıxardı. Buna paralel olaraq, Dağlıq Şoriyada sənayenin inkişaf etdirilməsi nəticəsində şorların sayı sürətlə azaldı. Məsələn, hazırda onlar Taştaqolda əhalinin 5, Mejdureçenskdə 1,5, Miskda 3,4 faiz təşkil edirlər. Şorların 73,5 faizi şəhərlərdə, 26,5 faizi isə kəndlərdə yaşayırlar. Bu amil əhali artımına da öz təsirini göstərib. 1959-cu ildə Şor türklərinin sayı 15274, 1970-ci ildə 16494, 1979-cu ildə 16033, 1989-cu ildə 16652, 2002-ci ildə isə 14 min nəfər olub.

2002-ci ildə keçirilən siyahıyaalma zamanı Rusiya Federasiyası ərazisində 14 min nəfər Şor türkünün yaşadığı məlum olub.

Hazırda Şor türkləri arasında işsizlik geniş yayılıb. Şəhərlərdə iş yerləri yoxdur, şəhər həyatına öyrəşən şorlar kənddə yaşaya və ənənəvi təsərrüfat fəaliyyəti ilə məşğul ola bilmirlər. Bundan əlavə, kəndlərdə işsizlik şorlar üçün bəlaya çevrilib. Şor türkləri arasında işsizliyin artması isə, öz növbəsində, qeyd etdiyimiz kimi, onların iş dalınca şəhərlərə axın etməsinə təkan verərək onların ruslar arasında əriyib yox olması prosesini də sürətləndirib. Bunun qabağını almaq isə heç də asan bir iş deyil. Belə ki,  Rusiyanın Şor türklərinə qarşı keçirdiyi siyasətin əsasında da məhz onların assimilyasiyası prosesinin olduqca qısa müddətdə başa çatdırılması dayanır.

TürkünÖzü

About ato.az

Check Also

tank-turkiye

Türk ordusuna əmr verildi: Ən yüksək səviyyə…

Share this on WhatsApp Türkiyə Silahlı Qüvvələrindən ordu qərargahlarına mümkün Afrin əməliyyatı üçün sərhəddə yerləşən …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *