Home / Bilirsinizmi? / Oğuz rayonu Azərbaycanın ən unikal bölgələrindən biri kimi tanınır.
26551803_1415075838622256_1884517118_n

Oğuz rayonu Azərbaycanın ən unikal bölgələrindən biri kimi tanınır.

Azərbaycanın qədim memarlıq abidələri haqqında yazarkən, ümumiyyətlə, bu mövzunu araşdırarkən qarşımıza olduqca maraqlı faktlar çıxdı. Bu abidələr ulu babalarımızın qurub yaratdığı, bugünkü və bizdən sonrakı nəsillərə miras qoyduğu daş abidələr, daş məktublardır. O abidələrə baxdıqca ulularımızın səsini eşidir, onların həyat tərzi, düşüncəsi, dünyagörüşü, sahib olduğu maddi mədəniyyət haqqında bilgi alırıq. Bununla yanaşı, həm də fəxr edirik ki, ana yurdumuzun hər guşəsində əcdadlarımızın izlərini yaşada bilirik. Oğuz rayonu Azərbaycanın ən unikal bölgələrindən biri kimi tanınır. Oğuzun abidələri də olduqca dəyərlidir. Oğuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oğuz abidələri ilə bağlı hazırladığı geniş məlumatdan istifadə edərək bu rayonun abidələri ilə sizi də tanış etmək istəyirik. Oğuzda kifayət qədər tarixi maddi-mədəniyyət nümunəsi olan abidələr mövcuddur. Tədqiqatçılar yazır ki, Oğuz rayonunun müxtəlif ərazisinə səpələnən abidələri bəşər tarixinin bütün dövrlərinə aid olub, bu gün də dövlət qayğısı altındadır, hər bir abidə qorunur. Kitabxana sisteminin məlumatında qeyd edilir ki, rayon ərazisində bu günə kimi 40-dan artıq abidə məlumdur. Məlumatlara görə, bu abidələrdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli Qərarı ilə təsdiqlənən, Oğuz rayonu ərazisində dövlət mühafizəsinə götürülən daşınmaz tarix və mədəniyyət abidələrindən 32-si siyahıya alınıb. Həmin abidələrdən 17-si ölkə əhəmiyyətli (15-i arxeoloji, memarlıq abidəsi), 15-i yerli əhəmiyyətli (13-ü memarlıq, 2-si arxeoloji abidə) abidələrdir. Tədqiqatlara görə, Oğuz rayonu ərazisində ilk arxeolji qazıntı işləri 1915-ci ildə, düz yüz il bundan əvvəl aparılıb. 1945-ci ildə arxeoloji ekspedisiya qrupu geniş arxeoloji qazıntı işlərini davam etdirərək Kərimli kəndinin cənubunda Karqaya, Uzuntala, Qız qalası, Ocaq qoruğu adlanan ərazilərdən qədim dövrə aid çoxlu maddi-mədəniyyət nümunələri aşkar edilib. Qarabaldır, Padar, Dəymədərə, Tərkeş kəndləri ərazisində aparılan tədqiqatlar zamanı məlum olub ki, Türyançay ilə Əlican çayları arasındakı ərazidə qədim dövrlərə aid çoxlu arxeoloji abidələr mövcuddur. Tədqiqat materiallarında qeyd edilir ki, keçən əsrin 50-ci illərində əslən Oğuz rayonundan olan, respublikamızda arxeologiya elminin əsasını qoyanlardan biri Saleh Qazıyevin rəhbərliyi ilə rayon ərazisində aparılan tədqiqatlar zamanı Qarabaldır, Xalxal, Sincan, Dəymədərə kəndlərində qədim dövrə aid çoxlu kurqanlar, daş qutu, adi torpaq qəbirlər aşkar edilib. Oğuz Rayon Mərkəzi Kitabxanasının hazırladığı məlumatda qeyd edilir ki, 2008-ci ildə Oğuz rayonunun tarixinin maraqlı nişanələrindən biri də Yaqublu kəndi yaxınlığında Kərimli kənd bələdiyyəsinə məxsus torpaq sahəsində yerləşən qədim kurqanlar ərazisində arxeoloji qazıntı işləri aparılıb. Qeyd edilənə görə, “kurqanlar çölü” adlandırılan bu ərazidə vaxtilə mövcud olan 9 kurqandan 5-i öz ilkin formasını saxlayıb, 4-nün isə yerüstü hissəsi təsərrüfat işləri aparılarkən dağıdılıb. Son bir neçə ildə həmin bu ərazidə genişmiqyaslı arxeoloji qazıntı işləri aparılıb, eramızdan 1500 il bundan əvvələ aid qədim əşyalar tapılıb. Ekspedisiyaya Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki-Qax arxeoloji dəstəsinin rəisi Nəsib Muxtarov rəhbərlik edir. Kurqanlarda aparılan arxeoloji qazıntılar zamanı yalnız Azərbaycanın deyil, həm də regionun tarixinin öyrənilməsi üçün maraqlı, nadir arxeoloji materiallar üzə çıxarılıb. Kurqanlardan 1-nin ölçüsü 12 metrdir. Həmin ərazidən gildən düzəldilmiş quş və ilan fiqurları, eramızdan əvvəlki minilliklərə aid 100-ə qədər qab, mis, tunc, sümükdən hazırlanan ox ucları, tunc və misdən hazırlanan əşyalar, qızıldan hazırlanmış öküz maskası da aşkarlanıb. Kurqanın üstündə günbəz də tikilib. Bu gün də digər kurqanlar ərazisində arxeoloji qazıntı işləri davam etdirilir. Bu abidə yeni aşkar olunduğu üçün dövlət siyahisına alınmayıb. Oğuz abidələrinin tarixini araşdıran tədqiqatçılar qeyd edir ki, əksəriyyəti tarixi-memarlıq abidələridir. Oğuz rayonunun möhtəşəm abidələrindən biri Xaçmaz Gavur qalasıdır. Govur qala Xaçmaz kəndinin şimal-qərbində, Ərmənət kəndinin şimalında, Qaladağın zirvəsində yerləşir. Bu qala XVII əsr ədəbiyyatında Xaçmaz Govur qalası adı ilə məlumdur. Tarixi mənbələrdən məlum olub ki, 1578-1583-cü illərdə Şirvan və Dağıstan torpaqları uğrunda İranla Türkiyə arasında müharibələr olub. A.Bakıxanovun verdiyi məlumata görə, İran sərkərdəsi Zülqədər Məmmədqulu ilə Türkiyə sərkərdəsi Əbubəkr Mirzənin qoşunları arasında Xaçmaz qalasının qarşısında vuruşma olub. Tədqiqatçılar qeyd edir ki, Xaçmaz Gavur qalasının yerləşdiyi dağ çay səthindən təxminən 2 km yüksəkdir. Şimal tərəfdə bu dağ Böyük Qafqazın yamacları ilə birləşir. Dağın üstü ilə qalaya fayton yolu gedir. Cənub və şərq tərəflərdən isə ancaq piyada yolu var. Xaçmaz Gavur qalası çay daşı və kirəc məhlulu ilə tikilib, iki mərtəbəlidir. Qala 7 bürcdən ibarət olub xüsusi su kəməri vasitəsilə içməli su ilə təchiz edilib. Qala XVI əsrə qədər

bir çox müharibələrdə müdafiə qalası kimi əhəmiyyətini qorumuşdur
Oğuz Rayonu ərazisi, tarixi abidələri araşdırılmalı buradakı qədim Türk tarixi öyrənilməli və millətimiz qutlu keçmişindən qurur duyacağı qədim əcdadlarından xəbərdar olmalıdır
 
 

Tədqiqat materialında gedən məlumata görə, Azərbaycanın qəhrəmanlıq tarixi və memarlıq mədəniyyətinin gözəl nümunələrindən biri də Oğuz rayonunun Yuxarı Filfilli kəndindəki Surxay xan qalasıdır.

Qala düzbucaqlı formada olub, hündür qaya üzərində ucaldılıb. Eni 1 metrə yaxın, hündürlüyü təxminən 10 m. olan qala divarları qayanın düz uçurumunda bənd edilib. Bildiyimiz kimi, qədim zamanlarda tikilən qalalar böyük hərbi əhəmiyyət daşıyıb. Odur ki, tikildiyi yerlər hərbi nöqteyi-nəzərdən seçilib. Hündür, əlçatmaz yerdə qaya başında ucaldılıb. Bu xüsusiyyətlər Surxay xan qalasına da aiddir. Qala əsasən çay daşından və kərpic məhlulundan hörülüb. Yalnız qərb hissəsində qoyulmuş giriş qapısı və otaqdan-otağa keçid qapılarının kənar hissələri qırmızı kərpicdən inşa edilib. Əfsus ki, qalanın divarları bir neçə yerdən dağıdılıb. Üst hissəsindən baxanda aydın olur ki, qala 5 otaqdan ibarət olub. Otaqların üstü tacbənd formada tamamlanıb, yan divarları isə müdafiə məqsədilə 1 metr hündürə qaldırılıb. Bu divarlarda 4 tərəfdən çoxlu mazğal yerləri qöyulub. Otaqların üstü illər keçdikcə müxtəlif təsirlər nəticəsində uçub içəri tökülüb. Daxili divarların bəzi hissələrinin də uçması nəticəsində ayrı-ayrı otaqlara gedən yolların çoxu kəsilmiş, torpaqla, dolub. Bütün müdafiə qalaları kimi, Surxay xan qalasının da gizli yolu olub. Bu yol adətən mühasirədən çıxmaq, yaxud həmin yol vasitəsilə ətrafla əlaqə yaradarkən düşməni duyuq salmamaq üçün nəzərdə tutulub. Yeraltı gizli yol Surxay xan qalasında uçurum hissəsindəki divarda qurulub. Qalaya yeraltı su kəməri də çəkilib. Bu isə yadellilərin hücumları zamanı əhalinin müdafiə üçün qalaya çəkilməsi və uzun müddət burada yaşamasına dəlalət edir. Qalanın ətrafındakı yaşayış evlərinin xarabalıqları bu gün də qalmaqdadır. Qala ərazisində aparılmış arxeoloji qazıntılar zamanı çoxlu məişətdə istifadə olunan maddi-mədəniyyət nümunələri, o cümlədən Surxay xanın adı yazılmış mis cam tapılıb. Bütün bunlar bir daha sübut edir ki, qal Dağıstan feodalı Surxay xan tərəfindən tikilmiş, Nadir şahın Dağıstana və Azərbaycana hücumları zamanı dağıdılıb. Xaçmaz kəndinin Daşüz adlanan ərazisində yerləşən körpü haqqında da mənbələrdə məlumatlar var. Məlumatlara görə, körpü el arasında Hacı Rəşid körpüsü adlanır, mənzərəli bir yerdə, Sarısu adlanan kiçik bir çay üzərində tikilib. Körpü çatma tağlıdır. Yəni iri dairə qövsünün kəsişməsindən yaranıb. Körpünün inşasında əsas tikinti materialları kimi səliqə ilə hamarlanmış iri kvadrat formalı tuf daşı və kirəc məhsulundan istifadə olunub. Körpü bir aşırımlı olub, çayın özünə yol açdığı təbii kiçik qayalar üzərində tikilib. Uzunluğu 12 m-ə yaxın, eni 4,5 metr-dir. Körpünün aşırımının eni 5 metrə yaxındır. Tağın suyun səthindən hündürlüyü isə 7-dir. Körpünün üstünə torpaq döşənib. Hacı Rəşid körpüsü bu gün də öz görkəmini tamamilə saxlayıb.

Ato.az

Sənan Turanli QılıncArslan

About ato.az

Check Also

15163974774919255193_1000x669

20 Yanvar faciəsinin ildönümü Praqada da qeyd edildi – FOTO

Share this on WhatsApp Yanvarın 19-da Azərbaycan Tələbə Şəbəkəsinin Çexiyadakı filialının təşkilatçılığı və Azərbaycanın Çexiyadakı …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *