Home / Bilirsinizmi? / Abbas Səhhətin sosial utopiyası
1515434255_abbas-shht

Abbas Səhhətin sosial utopiyası

Abbas Səhhətin sosiai-siyasi görüşlərindən bəhs edərkən, onun dünyagörüşündə əhəmiyyətli yer tutan sosial utopiyasını, nə kimi cəmiyyət arzuladığını araşdırmaq xüsusilə zəruridir. Bu nöqteyi-nəzərdən onun 1908-ci ildə yazdığı “Yad et” adlı əsəri daha çox səciyyəvidir. Burada da şair maarifçilik mövqeyindən çıxış edərək elmi, mədəniyyəti, maariflənməyi rahat və gözəl həyat üçün mühüm və zəruri vasitə hesab edir. Bu dövrdə o hələ, ümumiyyətlə, millətdən, siniflərə bölünməyən və daxilində mübarizə getməyən bir küll halında olan millətdən bəhs edir. 

Abbas Səhhət nəzərdə tutduğu mücərrəd gözəl aləmə çatmaq üçün təkamül və tərəqqi etməyi zəruri sayır, bunun üçün isə elm və mədəniyyəti həlledici vasitə hesab edir. Maraqlıdır ki, burada şair artıq təkamül və tərəqqinin, həm də sosial həyatda bu ciddi dəyişilmələrin zəruriliyini ön sıraya qoyur:
Vəqta ki, keçər bu leyli-zülmət,
İşraq edər əxtəri-həqiqət
Elm ilə ziyalanır bu millət.

Qalxar bu təəssübü cəhalət.
Surət hamı ruh olar məani,
Aləm hamı eşq olar, məhəbbət.

Ey dərk edən ol gözəl zamanı,
Qıllam sənə iştə bir vəsiyyət:
Yad et məni, qaibanə yad et! ( 1.səh.43)

Öz utopiyasında Abbas Səhhət islam dinini qəbul etmiş xalqların yüksələcəyini, kamillik dərəcəsinə çatacağını nəzərdə tutur. Həm də onlar belə yüksək dərəcəyə “təkamül qanunu” üzrə gəlib çatmalı idilər. Bu cür ideal cəmiyyət ağlın tələbləri əsasında qurulan bir cəmiyyət olmalı, oranı “hikmət nuru” işıqlandırmalıdır. Məhz belə bir cəmiyyətdə insanlar şad-xürrəm yaşayacaq, çöhrələrində təbəssüm görünəcəkdir. Özünün ideal cəmiyyətini bu cür təsəvvür edən Abbas Səhhət yazır:

Vəqta ki, gələr o şanlı əyyam,
Olmaz günə əbri-tirə hail,
Hər yerdə olar güruhi-islam
Qanuni-təkamül ilə kamil.
Bir fəcri-həyatbizi-ürfan,
Saçdıqca cahanə nuri-hikmət
Bir çöhreyi -xəndərizü şadan-
Verdikcə cahaniyanə nəzhət,
Yad et məni, arifanə yad et! ( 1.səh.43)

Abbas Səhhətin sosial utopiyasında da maarifçilik güclü yer tutur. Onun fikrincə, “İslam aləmi” öz inkişafında geridə qalmışdır, buna görə də o öz keçmişinə baxıb təəssüf etməli, bütün islam aləmi birləşməli, gələcək gözəl aləmə can atmalıdır:

Vaxta olar ittihadi-ara,
Qalxar bu təanüdü təxəllüf.
İslam olar elmü fənnə dara,
Mazisinə eyləyər təəssüf (yenə orada).

Abbas Səhhətin utopiyası buna əsasıanır ki, gələcək gözəl cəmiyyətə təkamül qanunu əsasında nail olmaq mümkündür. Buna çatmaq vasitəsi isə elm və maarifin yayılmasıdır.

Hələ 1912-ci ildə Abbas Səhhət cəmiyyətdəki haqsızlıq və ədalətsizliyi, zülm və istibdadı aradan qaldırmaq üçün, sosial tərəqqi üçün elm və maarifi ən mühüm amil sayır, bəzən özü də bu çarənin reallığına şübhə edir, ümidsizliyə qapılır, real yolları artıq yuxuda axtarmağa can atır. 1912-ci ildə yazılan ”Yuxu” şeirində sanki cənnəti xatırladan ideal bir cəmiyyət təsvir edir:

Gördüm ki, bir rəna çəmənlikdəyəm,
Dörd yanımda var əlvan çiçəklər
Bənövşəlik, yasəmənlikdəyəm,
Könül açır yavaş əsən küləklər.
Uçur, qonur ağaclara bülbüllər,
Əfşan-əfşan durmuş yaşıl sünbüllər.
Fəvvarələr atır, axır bulaqlar
Yendiyim yollar parlaq, sədəfli,
Açılmış güllər, göy, yaşıl, zanbaqlar,
Bir cənnətdir bu gülşən hərtərəfli ( yenə orada.səh.77) .

Şair hətta yuxuda da haraya getdiyini təsəvvür etmir, öz yolunu aydın görmədiyini iddia edir:

Heyran-heyran bu yerdə seyr edirdim,
Bilməyirdim vəli hara gedirdim (yenə orada).

Deməli, Abbas Səhhət gözəl cəmiyyət haqqındakı öz sosial utopiyasının reallığına bu illərdə hələ o qədər də inanmır, bu gözəl gələcək cəmiyyəti yalnız bir yuxu kimi xəyalına gətirir. Görünür, onun bu xəyali təsəvvürünə inamsızlığı həmin ideal cəmiyyətin real kökləri olmaması ilə bağlı idi. Şair özü də qeyd edir ki, onun öz təsəvvüründə canlandırdığı, xəyalına gətirdiyi, arzuladığı bu ideal cəmiyyət çox asanlıqla aradan qalxa bilir, bu gözəl mənzərə bir an içərisində pozulub yox oluir:
Hərçənd çox nəşəlidir məskənim,
Yer, göy, ətrafım olmuşdu qərqi-nur,
Nədənsə çırpınırdı könlüm mənim,
Oturmuşdum mən o yerdə bihüzur.
Çox keçmədən heç bilmirəm nə oldu,
Birdən o dadlı mənzərə pozuldu.
Bir zülmatlı bulud qopdu şimaldan,
Puç eylədi, dağıtdı ol cənnəti.
Mən oyandım çox dəhşətlə o haldan
Xatirdəykən o yuxunun ləzzəti,
Durdum gördüm işıqlanıb dan yeri,
De: xeyir olsun bu yuxunun təbiri
 ( yenə orada.səh.77 )

Beləliklə, Abbas Səhhətin bu illərdəki sosial utopiyası həyatda, real aləmdə kökləri olmayan bir utopiya idi, onun cənnət şəklində təsəvvür etdiyi bu gözəl cəmiyyət məhz onun özü tərəfindən də bir yuxu kimi təsvir edilirdi. Abbas Səhhətin ümumiyyətlə dünyagörüşünün, xüsusilə də sosial-siyasi görüşlərinin təbiətinə düzgün qiymət verən akademik Kamal Tqalıbzadə hələ 1955-ci ildə buraxılan “ Abbas Səhhət” adlı monoqrafiyasında yazırdı: “ … realist bir yaradıcılıq yoluna düşməyə başlayan, Cəlil Məmmədquluzadə, Sabir kimi realist demokrat yazıçıların ədəbi fəaliyyətinə böyük qiymət verən Səhhət məfkurə etibarilə də onlara yaxınlaşmışdı. Cəlil Məmmədquluzadənin Bakıda çalışan iranlı fəhlələrin həyatlarına aid yazdığı məqalə və felyetonlarla, Sabirin Bakı fəhlələrinin inqilabi şüurunun yüksəlməsini təsvir edən şeirləıri ilə Səhhətin “ Əhmədin qeyrəti” poeması arasında sıx mövzu və məfkurə yaxınlığı vardır ( 2.səh.77) .

Abbas Səhhətin sosial-siyasi görüşlərinin təhlilinə yekun vuraraq göstərmək lazımdır ki, təqribən iyirmi il davam edən yaradıcılığı ərzində onun bu baxışları daim inkişaf halında olmuşdur. Həm də 1905-ci ilə qədər onun bu baxışları cəmi bir neçə əsərində ifadə edildiyinə görə nəinki bütün yaradıcılığı üçün səciyyəvi sayıla bilməz, hətta onun yaradıcılığında əhmiyyətli bir yer də tutmamışdır.

1905-1907-ci illərdə baş verən birinci rus inqilabı Abbas Səhhətin dünyagörüşündə, onun sosial-siyasi baxışlarında tədricən ciddi və əsaslı dəyişiklik yaratmış, onu realist demokratik yazıçılara olduqca yaxınlaşdırmışdı.

Müstəqil Ağayev
AMEA Fəlsəfə İnstitutu Azərbaycan
fəlsəfə tarixi şöbəsinin aparıcı elmi
işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru,
Qabaqcıl Maarif Xadimi 

Ato.az

Terane.

About ato.az

Check Also

image-52

Türkmənistandan faktlar

Share this on WhatsAppBu türk ölkəsində insanlar yüksək tonla danışmırlar, Valideynlərə və yaşlılara hörmət edirlər, Duz-çörəyi müqəddəs …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *