Home / Dahilər / Mete Xan: Ata qatili, yoxsa Böyük Çin Səddini aşan “Göylər övladı”?! – Araşdırma
mete-xan

Mete Xan: Ata qatili, yoxsa Böyük Çin Səddini aşan “Göylər övladı”?! – Araşdırma

mete-xan
Miladdan 200 il öncə, Çinin quzeyində maraqlı bir olay yaşanmışdı. Quzeydən Hun ordusu, güneydən Çin ordusu bir-birinə qarşı irəliləyir və tarixin ən böyük savaşlarından birinə hazırlaşırdılar. Bu zaman Böyük Hun İmperatorluğunun Xaqanı Mete Xan ətrafı ilə birgə bir təpənin üstünə çıxmış və üzərinə gələn Çin qoşununa tamaşa etmişdi. Çin qoşunu sayı-hesabı bilinməyən qarışqa kimi, düz onun üstünə yeriyirdi. Mete Xan fikrə dalmış, susqunluqla üzərinə gələn qoşunu seyr etmişdi. Ona yaxınlaşan Hun ordusunun sərkərdələrindən biri üzünü Meteyə tərəf tutmuş və ucu-bucağı görünməyən Çin ordusuna işarə edərək soruşmuşdu:
– Nə düşünürsüz, Xaqanım?
– Düşünürəm ki, mən bu qədər çinlini hara göməcəm? – demişdi Mete Xan… hun-devleti-1

Böyük Hun İmperatorluğu Orta Asiya ərazilərində qurulmuşdu. İmperatorluğun necə və hansı şəraitdə meydana gəlməsi haqqında ətraflı bilgi yoxdur. Lakin əksər qaynaqlar Böyük Hun İmperatorluğunun miladdan öncə 220-ci ildə
Teoman (Tuman) tərəfindən qurulduğunu yazır. Teoman miladdan öncə 220-ci ildən başlayaraq, 11 il hakimiyyətdə olmuşdu.
Miladdan öncə 209-cu ildə İmperatorluğun başçısı Mete Xan və ya Mete Tanhu olur.
Mete Xan kimdir?
Mete Xanın “Tanhu” ünvanı aldığını yazan qaynaqlar var. “Tanhu” əski türkcədə “Göylərin övladı”, “Soyu göylərdən gələn” anlamını verir. Metedən öncə hakimiyyətdə olan atası Teomanın belə bir titulu yox idi. Ola bilsin ki, bu ad Meteyə son dərəcə bacarıqlı və göylərə (Tanrıya) bağlı olmasına görə verilmişdi. Üstəlik, əski türklərin məşhur “Oğuz Xaqan dastanı”nın məhz Mete ilə bağlı olduğunu söyləyən araşdırmaçılar var.
Dastana görə, Oğuz Xan tək Tanrıya inanır və ətrafında olan hər kəsi də hər şeyin tək yaradıcısı olan Tanrıya inanmağa səsləyirdi. Bu səbəbdən onun “Tanhu” – “Göylərin övladı” ünvanına layiq görülməsi təbii səslənir.
Mete Xan Böyük Hun İmperatorluğunun qurucusu olan Teomanın oğludur. O, atasının başlatdığı işi sona çatdırmış, ilk dəfə olaraq Orta Asiya ərazisində yaşayan bütün türk soylarını bir bayraq altında birləşdirmişdi.
O, eyni zamanda Böyük Çin səddini aşan ilk türk sərkərdəsidir. Yapon dənizindən Xəzər dənizinə, Kəşmirdən Sibirə qədər olan böyük əraziləri və etnosları hakimiyyəti altında birləşdirməyi bacarmışdı. Miladdan öncə 174-cü ilədək hakimiyyətdə olmuş və hakimiyyətdə olduğu 35 il ərzində birliyi və bütövlüyü məharətlə qoruyub saxlaya bilmişdi.
Mete Xanın hakimiyyətə gəlişi
Qaynaqların yazdığına görə, Teoman böyük oğlu Metenin hakimiyyətə gəlişini istəmirdi. O, Metenin ögey qardaşı Yenisini varis təyin etmişdi. Metenin varislikdən məhrum edilməsində Teomanın Çin imperatorlarının nəslindən olan sonuncu arvadının da çalışmalarının rolu olmuşdu. Lakin əski türk törələrinə görə, varis əsil türk soyundan olan övlad olmalı idi.
Teomanın qərarı bəzi ordu rəhbərlərinin və eləcə də Metenin narazılığına səbəb olmuşdu. Çıxış yolu kimi Teoman, oğlu Meteni güneydə yaşayan ən güclü soylardan biri olan Yucilərə girov verir. Üzdə barışın qorunub-saxlanması üçün atılan bu addımın əsas səbəbi başqa idi. Teoman Yucilər üzərinə hücum etmək və bu yolla Metenin Yucilər tərəfindən öldürülməsini istəyirdi. Belə olardısa, Metenin qatili o yox, düşmən tayfa olacaqdı. Beləliklə, o da ordu başçılarının qınağından xilas olacaqdı.
Lakin kifayət qədər bacarıqlı olan Mete, atası Yucilərin torpağına girənə qədər buradan qaçıb qurtulur. Teoman məcburiyyət qarşısında Meteyə vəzifə tapşırır və qoşundan 10 min nəfərini onun ixtiyarına verir. Bundan bir qədər sonra – miladdan öncə 209-cu ildə Mete atasını öldürərək İmperatorluğun başçısı olur.
Bir çox araşdırmaçıların yazdığına görə, əski Çin qaynaqlarında Metenin hakimiyyət başına keçməsi ilə bağlı maraqlı bilgilər var. O, atası tərəfindən ixtiyarına verilən qoşuna o zamana qədər görünməyən təlim keçir. Belə ki, Mete oxunu hara atırsa, bütün əsgərlər eyni hədəfi vurmalı idi. Metenin vurduğu hədəfi nişan almayan əsgərin cəzası ölüm idi. Mete “Hədəfə çevirmə” adlanan bu oyunla əslində əsgərlərini əsas hədəfə doğru hazırlayırdı. Kim olmasından asılı olmayaraq, o, hər hansı bir hədəfi nişan alıb, oxla vururdusa, ətrafında olan hər kəs eyni hədəfi oxla vurmalı idi. Bir dəfə Mete özünün ən sevimli atını hədəf seçir və nişan alır. Başında olan döyüşçülərindən bəziləri Metenin sevimli atını vurmağa tərəddüd edir. Tərəddüd edən əsgərlərin hər biri oxla vurularaq öldürülür. Sonunda hər kəs çox yaxşı anlayır ki, kimliyindən asılı olmayaraq, Metenin nişan aldığı hədəf ox yağışına tutulmalıdır. Beləcə, günlərin bir günü Metenin oxu Teomanı hədəf seçir. Ardınca minlərlə ox eyni hədəfə doğru uçur. Bu dəfə tərəddüd edən olmur. Nəticədə, Mete Hun İmperatorluğunun başına keçir.
Bu nəhəng İmperatorluğun başkəndi (paytaxtı) isə
Ötükən idi.

otuken-2
Ötükən.
Ötükən bütün əski türk boylarının qutsal saydığı bir yer idi. Orxon-Yenisey abidələrində Ötükən dağları
“Türk yurdlarının ürəyi” olaraq dəyərləndirilir. 11-ci yüzillikdə yaşamış Mahmud Kaşğarlının “Divani-lüğət-it türk” əsərində bu yerin adı hörmətlə çəkilir. Həmin yüzillikdə yaşamış böyük türk mütəfəkkiri
Balasaqunlu Yusif “Qutadqu-bilik” əsərində Ötükən bəylərini belə öyür:
“Negü tir eşitgil Ötüken begi,
Sınap sözlemiş sözni yetrüp ögi,
İdi yakşı aymış Ötüken begi,
Tilin tutzu birmiş sanga söz yigi”
Açıqlaması: ” Sınanmış və sözlərini düşünərək söyləyən Ötükən bəyi nə deyirsə, dinlə. Ötükən bəyi nə söyləsə, yaxşı söylər, sözlərin yaxşısını sənə”.
Əski Çin qaynaqları da Ötükənin türklər üçün qutsal yer olduğunu yazır.
Metenin hakimiyyət dönəmi
Çin qaynaqlarında verilən bilgilərə görə, Hunların və ya türk soy birliklərinin Orta Asiya torpaqlarında qurduqları dövlətlərin tarixi, ən azı, miladdan min il öncəyə gedib çıxır. Lakin təkrar-təkrar qurulan bu dövlətlər çox qısa zaman keçəndən sonra dağılıb sıradan çıxmışdır. Bu, bir tərəfdən ayrı-ayrı türk soylarının bir-biri ilə yola getməməsi səbəbindən baş verirdisə, digər tərəfdən bu soyları birləşdirə biləcək bir liderin olmamasından qaynaqlanırdı.
İlk Hun dövləti miladdan öncə 220-ci ildə yaransa da, geniş torpaqlarda yaşayan ayrı-ayrı etnosları ilk dəfə bir bayraq altında və bir dövlət tərkibində birləşdirən lider Mete Xaqan oldu. O, qısa zaman ərzində sahəsi 18 milyon km² olan İmeratorluq qurmağı bacardı. Müqayisə üçün deyək ki, hazırda dünyanın ərazicə ən böyük ölkəsi olan Rusiyanın sahəsi 17.075.400 km 2 -dir. Bu o deməkdir ki, Metenin qurduğu dövlətin ərazisi bugünki Rusiyanın ərazisindən daha böyük idi.
Mete hakimiyyət başına keçincə qonşu tayfa birliklərini və Çini zərərsizləşdirməyi əsas hədəflərindən biri olaraq seçdi. Çinin quzeyində və Monqolstanın quzeyində yaşayan Tunqhu tayfaları onlardan biri idi. Onlar Hunlara zaman-zaman rahatsızlıq yaşadırdılar. Uzun illər Hun İmperiyasını araşdıran professor Bahəddin Ögəl in yazdığına görə, Tunqhular həmin dönəmdə hunlarla qonşuluqda yaşayan 2 əsas güclü tayfadan biri idi.
Nəhayət, hunların qətiyyətli hücumları nəticəsində Tunqhu tayfaları güneyə doğru çəkilir və onların torpaqları yüz illər boyu Hun İmperatorluğunun tərkibinə daxil edilir. Bundan əlavə, bu tayfalar yüz illərlə Hun dövlətinə vergi ödəməli olur.

chin-seddi
Metenin ikinci hədəfi – Yucilər
Yucilər Hunlar üçün təhlükə yarada biləcək ikinci böyük tayfa birliyi idi. Onlar Çinin quzey ərazilərində, Tanrı dağlarına yaxın torpaqlarda yaşayırdılar. Miladdan öncə III yüzillikdə dövlət qurmağı da bacarmışdılar. Yucilər güclü olmaqla bərabər, həm də zəngin sayılırdılar. Bol məhsul verən torpaqlara sahib idilər. Mete atası Teoman zamanında onların arasında yaşamışdı. Bu səbəbdən Yucilərin adət-ənənələrini, döyüş taktikalarını, güclü və zəif cəhətlərini yaxşı bilirdi.
Metenin Çin torpaqlarını fəth etməsi üçün Yuciləri məğlub etməsi zəruri idi. Onlar bu yolda Hunlara ən ciddi əngəl idilər. Eyni zamanda bu tayfaların sahib olduqları torpaqlarda bir neçə türk boyu yaşayırdı. Mete onları da Hun İmperatorluğunda görmək, gücünü daha da böyütmək arzusunda idi. Mete Miladdan öncə 203-cü ildə Yuciləri məğlub etdi. Yucilər bu əraziləri tərk edib, Orta Asiya ərazilərinə – Fərqanə (Özbəkistan) və Mavəraünnəhrə (Amu dərya və Sır dərya çaylarının arası) doğru geri çəkildilər. Tez-tez dinlərini dəyişdiklərinə və vahid kültürlərini yarada bilmədiklərinə görə, bu etnos sonralar tarix səhnəsindən silindi.
Metenin Çin siyasəti
Metenin növbəti və ən əsas hədəfi Çinin quzey əraziləri idi. Bu torpaqlar əvvəllər hun-türk soylarının otlaq sahələri olmuşdu. Çinin bu torpaqları işğal etməsindən sonra əsasən heyvandarlıqla məşğul olan Hunların iqtisadi gücü xeyli zəifləmişdi. Otlaq sahələri əlindən çıxandan sonra Hun atları və qoyunlarının sayında sürətli azalma başlamışdı. Tanqhu və Yuci tayfalarını zərərsizləşdirdikdən sonra Metenin yenidən bu torpaqları geri alması üçün maneə qalmamışdı. Üstəlik, Metenin hakimiyyətdə olduğu dönəmdə – miladdan öncə 206-cı ildə Çin dövlətində dəyişiklik olmuş, burada Xan sülaləsi hakimiyyətə gəlmişdi. Çinin quzey ərazilərində yaşayan müxtəlif etnosların bir çoxu yeni sülalənin hakimiyyətini qəbul etmək istəmirdi. Belə bir məqamda Mete bir zaman onun babalarına məxsus olmuş torpaqları geri qaytarmaq üçün Çinin quzeyinə yürüş edir. Qısa müddətdə Çinin quzey ərazilərini fəth edir. Yeni Çin xanədanlığından narazı olan quzey tayfalarının başçıları Meteyə heç bir müqavimət göstərmir və onun himayəsi altına keçirdilər.
Bundan sonra babalarına məxsus ucsuz-bucaqsız örüş sahələrinə sahib olan Mete, eyni zamanda buradan keçən karvan yollarına da nəzarəti ələ keçirir. Bu torpaqlar Çinin quzeyində, Tibet ilə Monqolustan arasında yerləşən əski hun-türk torpaqları idi.
Metenin Çin yürüşü
Çinin quzeyində yerləşən əski hun-türk torpaqlarının Hun İmperatorluğu tərəfindən geri alınması Çində yeni hakimiyyətə gələn Xan sülaləsinin imperatoru Kaon u xeyli qəzəbləndirmiş və onu tədbir görməyə məcbur etmişdi. Əslində Metenin də istədiyi məhz bu durum idi. O, Çin imperiyasını yenmək və beləliklə, bütün Asiya torpaqlarına hakim olmaq niyyətində idi. Çin imperatoru 320 minlik ordu ilə quzeyə doğru – Metenin üzərinə yürüş edir. İmperator öncə Metenin yanına 10 nəfərdən ibarət elçi dəstəsi göndərir. Məqsəd Hunların gücünü öyrənmək idi. Düşmən tərəfin niyyətindən xəbərdar olan Mete elçilərin qarşısına ən zəif döyüşçüləri və atları ilə çıxır. Elçilər gördüklərini Çin imperatoruna anlatdıqda, imperator bu durumdan şübhələnir. Bu dəfə ordu rəhbərlərindən birini Metenin hüzuruna göndərir. Bir neçə gün sonra geri dönən çinli ordu rəhbəri İmperatora gerçək vəziyyəti anladır, Metenin öz gücünü gizlətdiyini və kifayət qədər güclü olduğunu söyləyir. Lakin qəzəb içərisində olan imperator onu dinləmir. Üstəlik, əhvalı orduya sirayət etməsin deyə, həmin ordu başçısını ordudan uzaqlaşdırıb, kənar bir yerə göndərir…
…Mete ilk istəyinə nail olmuşdu. Bundan sonra isə öncə Çin ordusunu zamanla zəiflətmək və sonra hücuma keçməyi qərara alır. Mete Çin ordusu üzərinə 10 min nəfərlik seçmə döyüşçü göndərir. Bu döyüşçülər gözlənilmədən Çin ordusu üzərinə hücum edir, zərbələr vurur və yenə gözlənilmədən geri çəkilir. Bunu Hunların geri çəkilməsi kimi dəyərləndirən Çin imperatoru onları təqib edir. Bir qədər təqibdən sonra pusquda olan başqa 10 min nəfərlik Hun ordusu çinlilər üzərinə qəfildən hücuma keçir. Onlar da ağır zərbə vurduqdan sonra özlərini məğlub göstərərək geri çəkilir. Ardıcıl qələbə qazandığını düşünən Çin imperatoru hər dəfə hücuma keçdikcə eyni durumla qarşılaşır. Bu gedişlə Çin ordusu durmadan zəifləyir, yorulur və xeyli dərəcədə ruhdan düşür.
Miladdan öncə 200-cü ildə yüz minlərlə hun ordusu Metenin başçılığı altında Çin ordusu üzərinə gözlənilmədən hücuma keçir. Çin qaynaqlarının yazdığına görə, bu zaman Çin ordusu üzərinə hücuma keçən hun ordularının sayı 400 min idi (Güman ki, bu rəqəm şişirdilmiş rəqəmdir. Çin tarixçiləri məğlubiyyətlərinə bəraət qazandırmaq üçün qarşı tərəfin sayını xeyli artıq göstərmişdir. Nədən ki, o çağlar üçün qoşun sayının 400 min olması inandırıcı görünmür. Üstəlik, nəzərə alsaq ki, əhalisinin sayına görə o zaman da öncül sırada olan Çin dövlətinin hunlar üzərinə yeriyən qoşunun sayı 250 min idi, bu halda hun qoşunlarının sayının 400 min göstərilməsi şübhə doğurmaya bilmir – N.H .)
Bu döyüşdə Mete Xan maraqlı üsuldan istifadə edir. Süvari döyüşçüləri atlarının rənglərinə görə 4 qrupa ayırır. Atlarının rənginə görə 4 qrupa ayrılmış hun süvariləri düşmən tərəfin qoşununu dövrəyə alır. Çin ordusunun heç bir qurtuluş ümidi qalmır. Nə mühasirəni yarıb çıxa bilir, nə də kənardan yardım ala bilirdilər. Mühasirə 7 gün davam edir.
7-ci gün Mete gözlənilməz qərar verir. O, mühasirənin içərisindən dəhliz açır və Çin ordusunun buradan çıxıb geri dönməsinə şərait yaradır. Metenin bu qərarı nə üçün verməsi haqqında müxtəlif versiyalar olsa da, tam səbəbi bu günə qədər açılmamış qalır. Bu versiyalardan daha çox üzərində dayanılan düşüncəyə görə, Metenin məqsədi heç də Çin torpaqlarına sahib olmaq deyildi, niyyəti Çin imperatoruna dərs vermək, onu ruhən əzmək və bu yolla Çin təhlükəsini aradan qaldırmaq idi. Eyni zamanda o, Çini alardısa, millətinin sayca onlardan qat-qat çox olan çinlilər içində assimilyasiyaya məruz qala biləcəyindən ehtiyat edirdi.
Bu qərardan 3 il sonra – miladdan öncə 197-ci ildə Çin imperatoru məşvərət keçirir. Hun İmperatorluğuna qiymətli hədiyyələr göndərməklə bərabər, qızını da Mete Xana göndərir. Çin imperatorunun planına görə, qızını Meteyə verəcək, Mete onun kürəkəni olacaq, gələcəkdə onun da yardımı ilə Metenin Çin imperatorunun qızından olan oğlu Hun imperatoru olacaq. Beləcə, Hun İmperatorluğu da Çin Xanədanlığının nəzarəti altına keçəcəkdi. Həmin il (miladdan öncə 197-ci il) Hun İmperatorluğu ilə Çin Xanədanlığı arasında
“Dostluq və sülh müqaviləsi” imzalandı. Bu müqavilənin şərtlərinə görə;
1. Çinin Quzey torpaqları birdəfəlik olaraq hunlara verilir.
2. Çin hər il Hun İmperatorluğuna vergi olaraq qiymətli parçalar, yeyəcək və içəcəklər verir.
Bu anlaşmadan sonra Mete Çin imperatorunun qızı ilə evləndi, iki dövlət arasında ticari əlaqələr yarandı.

hunlar-2
Metedən sonra və ya Böyük Hun İmperatorluğunun aqibəti
Mövzusu Mete Xana aid olduğu iddia edilən “Oğuz Xaqan dastanı” nda Metenin dünyaya gəlişi belə təsvir edilir: “Günlərin bir günü Ay Xaqanın gözləri aydın oldu, bir oğlu dünyaya gəldi. Oğlanın üzü mavi, ağzı od kimi qırmızı, saçları və qaşları qara idi… Doğulandan 40 gün sonra yeriməyə və ata minməyə başladı. Ayaqları qurd ayağı kimi, beli qurd beli kimi idi. Bədəninin hər yeri tüklü idi. Ata minməyi çox sevərdi”.
Eyni zamanda dastanda onun zəfərlərindən danışılır, qəhrəmanlıqları öyülür. “Beli qurd beli kimi” olan Mete Xan miladdan öncə 174-cü ildə ölür. Onun yerinə Çin qaynaqlarının Kiyükxan dediyi
Göy Xan (Gök Xan) keçir.
Göy Xan atasının gördüyü işləri və qurduğu əzəmətli dövləti qoruyub saxlamağa çalışır. Miladdan öncə 161-ci ildə Hun qüdrətini bir daha xatırlatmaq üçün Çin üzərinə yürüş edir və Çinin mərkəzinə qədər irəliləyir. Bu dəfə də iki dövlət arasında sülh müqaviləsi imzalanır, Çin təkrar illik vergi verməyə razılaşdırılır. Göy Xan iki dövlət arasında barışın zəmanəti kimi, Çin imperatorunun qızı ilə evlənir. Miladdan öncə 160-cı ildə Göy Xan ölür. Onun yerinə oğlu Günçen hakimiyyətə gəlir. Günçen İmperatorluğun əvvəlki əzəmətini qoruyub saxlaya bilmir. Günçen 35 il İmperiyanın başçısı olur. Hun İmperatorluğu onun dönəmindən sonra da zəifləməkdə davam edir.
Hunların zəifləməsinin əsas nədənlərindən biri həmin dönəmdə çox böyük ticari əhəmiyyət daşımağa başlayan “İpək yolu” nun çinlilərin əlinə keçməsi oldu. Professor Abdulhaluk Mehmet Çay ın dediyi kimi: “Göy Xanın ölümündən sonra Çin öz siyasətini dəyişərək, hunlar üzərində üstünlük əldə etmək üçün böyük islahatlara başladı, ordunu yenidən formalaşdırdı… Geriləmə dönəmində olan hunlar “İpək yolu” üzərindəki əraziləri bir-bir itirməyə başladılar. “İpək yolu”na nəzarətin çinlilərin əlinə keçməsi hunların getdikcə zəifləməsinə nədən oldu, iqtisadi və siyasi problemlər meydana gətirdi. Nəticədə, miladdan öncə I yüzilliyin ortalarında Hun İmperatorluğu iki yerə bölündü”.
Metedən və oğlu Göy Xandan sonra türk soyları arasında birliyin pozulması, bir bayraq altında birləşə bilməmələri və gərəkən siyasi, iqtisadi islahatların aparılmaması, idarəetmənin yenilənməməsi də İmperatorluğu zəiflədən səbəblər idi. Bu zəifləmədə Hun imperatorlarının Çin Xanədanlığından evlənmə gələnəyinin və Çinin Hun İmperatorluğunun içərisinə göndərdiyi casusların da rolu oldu. Bu casusların əsas işi Hunlar arasında bölücülük fəaliyyəti aparmaq idi…
Beləcə, miladdan öncə 46-cı ildə bu nəhəng İmperatorluq Doğu Hun İmperatorluğu və Batı Hun İmperatorluğu olmaqla iki yerə parçalandı…
Namiq HACIHEYDƏRLİ

About ato.az

Check Also

afrin-savas

Türkiyə 37 terrorçunu məhv etdi, 5 şəhid verdi

Share this on WhatsApp Türkiyədə terrorla mübarizə əməliyyatları çərçivəsində 6 gün ərzində 37 terrorçu zərərsizləşdirilib. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *