Home / İdman / Saxa-Yakut türkləri
358483

Saxa-Yakut türkləri

Rusiyanın ən ucqar yerlərindən birində yerləşən və dəfələrlə rus işğalının ən ağır nəticələrini öz üzərlərində hiss edən və sayca daha çoxluq təşkil edən türk ellərindən biri də Yakut-Saxa türkləridir.

Yakut-Saxa türklərinin sayı təxminən  500 min nəfər hesab edilir. Saxa Respublikası Rusiya Federasiyasının ən böyük regionu, habelə dünyanın ən böyük inzibati vahididir. Əgər Saxa müstəqil dövlət olsa, dünyada ərazisinə görə yeddinci dövlət olardı (3103,2 min km²). Lakin əhali sıxlığına görə Rusiyada ən son yerlərdən birini tutur. 1, 3 milyon nəfər əhalisi olan Saxa Respublikasında yaşayanların 50 faizindən çoxunu, təxminən 570-590 min nəfərini Saxa-Yakut türkləri təşkil edir. Ölkədə yaşayan saxa-yakutların arasında assimilyasiya siyasəti nəticəsində ruslaşmış və özlərini rus hesab edən, ancaq antropoloji cəhətdən türk olduqları aydın hiss edilən çoxsaylı rus-yakutlar var. Saxa Respublikası təbii ehtiyatların çoxluğuna görə potensialı böyük olan bölgədir.

Qeyd edək ki, 1922-ci ildə Yakutiya Muxtar Respublikası yaradılıb. 1990-cı ildə Yakutiyanın dövlət suverenitetinə dair akt qəbul edilmişdir. 1991-ci ildə hazırkı adını (Saxa Respublikası) almışdır.

Paytaxtı Yakutsk (Saxa Dgokuuskay) şəhəridir

Saxa Respublikası inzibati cəhətdən 33 rayona (yakut dilində – ulusa) bölünür. Respublikanın əhalisi 13 şəhərdə, 55 şəhər tipli qəsəbədə, 551 kənddə (ümumi 587 yaşayış məntəqəsində) məskunlaşmışdır .

Saxa Respublikasında yayılmış əsas dinlər pravoslavlıq, protestantizm (əsasən baptizm və əllincilər), katoliklik (XIX əsrdə Polşa və Litvadan sürgün edilənlərin nəsilləri və XX əsrdə bura köçənlər), islam (XIX əsrdə sürgün edilən tatar və başqırdların nəsilləri və müasir dövrdə Orta Asiya və Şimali Qafqazdan bura köçmüş şəxslər), buddizmdir (buryatlar). Saxaların əksəriyyəti ənənəvi yakut dininə inanır.

Ümumiyyətlə, Saxa-Yakut türklərinin dini inaclarında digər türk xalqları kimi şamanizm indinin özündə təsirini qoruyub saxlamaqdadır. Hətta  assimilyasiya siyasəti nəticəsində ruslaşmaya məruz qalan yakut türkləri arasında belə şamanizm özünü göstərməkdədir.

Belə demək mümkünsə ruslaşmış yakutlar xristian dininə özlərinə xas olan şamanizm əlamətləri, şaman ruhu gətirmişlər. Onlar xristian olmalarına baxmayaraq, şamanizm adətlərini və ənənələrini günümüzdə belə yaşatmaqda davam edirlər. Digər tərəfdən də, ruslaşmış və dinini dəyişdirmiş saxa-yakutlarda türk ruhu, türk adət-ənənələri özünü parlaq şəkildə hiss etdirir. Saxa yakutların günümüzdəki vəziyyətini araşdıran tədqiqatçılardan biri yazır ki, ruslaşmış yakutlar özlərini rus adlandırsalar da ruhən və mənən türk olaraq qalmaqda davam edirlər. Onlar yalnız antropoloji kimliklərini, yakut olduqlarını deyil, həm də ruslara xas olmayan adət-ənənələrini və yakut-saxa ruhunu  yaşatmaqdadırlar. Onlar özlərini rus adlandırsalar da, onlarda rus dilində danışmaqdan qeyri-ruslara xas olan nə isə bir əlamət tapmaq mümkün deyil.

Yakut-Saxa türklərinin etnogenezi.

Yakut-Saxa türklərinin türk olduğu şübhə doğurmur və onlar müəyyən qədər uzaqlarda türk dünyasından təcrid olunmuş vəziyyətdə yaşamalarına baxmayaraq, türklüklərini qismən də olsa qoruyub saxlaya bilmişlər. Bununla bağlı Bəxtiyar Tuncay “Saxa-Yakut türklərinin  mif, rəvayət və dastanları  saxa-yakutların tarixi etnogenezinin aynası kimi” adlı araşdırmasında yazır ki, Saxa-Yakut xalqının etnogenezi ilə bağlı məqamları özündə əks etdirən “Ər Soqotox” dastanı, eləcə də bu xalqın dili onun əsas nüvəsinin xalis türk elementindən təşkil olunduğunu birmənalı şəkildə təsdiq edir. Eləcə də aparılmış genetik testlər də eyni şeydən xəbər verir. Bununla belə, saxa-yakut türkcəsi çuvaş türkcəsi ilə yanaşı kök (ana) türkcədən çox uzaqlaşmışdır. Mütəxəssislərin fikrincə, bunun da səbəbi sözügedən dilə yerli tunqus-mancur (evenk və even), monqol və fin-uqor dillərindən  çox sayda yad substratın qarışmasıdır. Görkəmli türkoloq Fərhad Zeynalovun yazdığına görə, yakut dilində özünü göstərən fərqlənmələr bir tərəfdən bu dilin ən qədim türk qəbilə və tayfa birliklərinin təmərküzləşməsi nəticəsində ortaya çıxması, sonralar yeni türk dilləri, əsasən Sibir türkləri (xakas, şor, tuva, çülım və s.) ilə təmasda olması və ən başlıcası isə monqol, tunqus-mancur, evenk dillərinin təsiri altında olması ilə izah oluna bilər (Zeynalov, 1981, səh. 335).

Yəni bir vaxtlar Lena çayı hövzəsinə kütləvi köç edən türk-sak tayfaları buranın aborigen xalqları ilə qaynayıb-qarışmış, nəticədə saxa-yakut xalqı yaranmışdır. Elə bu səbəbdən də animist və kosmoqonik təsəvvürləri Sibir və Altayın digər türk xalqlarının mifik təsəvvürləri ilə üst-üstə düşən saxa-yakutların mifoloji sistemində digər türk xalqlarının mifoloji sisteminə xas olan ortaq, ənənəvi personajların adlarına rast gəlinmir. Əvəzində isə digər türk xalqlarınkından fərqli personajlarla üzləşirik. Halbuki eynən saxa-yakutlar kimi sakların birbaşa varislərindən sayılan saqay türklərinin əsas mifoloji personajları ilə Altay, xakas, şor, kumandı və s. türk xalqlarının mifik personajları tam bir eyniyyət təşkil edir.

Bəxtiyar Tuncay araşdırmaları əsasında qeyd edir ki, XVll əsrin yazılı mənbələrində saxa – yakutların inancları barədə qeydlərə çox nadir hallarda rast gəlinir. Eyni hal XVlll əsrin ilk rübündə davam etməkdədir. Yəni sözügedən zaman dilimində bu xalqın inanclar sistemi xüsusi tədqiq olunmamışdır. Həmin dövrdə daha çox saxa-yakutların yaşadıqları ölkənin coğrafiyası, bu xalqın tarixi və etnoqrafiyası diqqət mərkəzində olmuşdur (İvanov, 1974, səh. 77). S.A. Tokarevin fikrincə, XVll-XVlll əsrin ilk rübündə regiona göndərilən ekspedisiyalara rəhbərlik etmiş İ.K. Kirillov, V. N. Tatişev, Q. F. Miller, İ. Q. Qmelin və Y. İ. Lindenaunun qeydləri o qədər ətraflı və zəngindir ki, Sibirin etnoqrafiyası barədə əvəzsiz mənbə rolunu oynaya bilər (Tokarev, 1966, səh. 87).

Saxa-yakutların inanclar sisteminin bilavasitə tədqiqat obyektinə çevrilməsi əsasən XlX-XX əsrləri əhatə etməkdədir ki, bu istiqamətdə İ. A. Xudyakovun, N. A. Vitaşevskinin, V. M. İonovun, E. K. Pekarskinin, V. L. Seroşevskinin, V. F. Troşanskinin, S. V. Yastremskinin, V. N. Vasilyevin əməyini xüsusi qeyd etmək lazımdır. N. A. Alekseyev (Alekseev, 1984, səh. 11-12) həmin dövrdə dərc edilmiş tədqiqat əsərlərini üç qrupa ayırır: 1. Yakutların inancları barədə sosial proqramların nəticələri (Solovyev, 1976; Pripuzov, 1884; Slepyov, 1886); 2. Yakutların inanc sistemi barədə onların etnoqrafiyasına həsr edilmiş tədqiqatlar çərçivəsində toxunulması (Middendorf, 1896, səh. 789-828; Maak, 1887; Xudakov, 1969; Seroşevskiy, 1896);  3. Xüsusi dinşünaslıq mövzulu tədqiqatlar (Vitaşevskiy, 1890; Əstremskiy, 1897; Troşanskiy, 1904; Priklonskiy, 1886; Pekarskiy, Vasilyev, 1910).

Bəxtiyar Tuncay daha sonra yazır: “Saxa-yakutlardan toplanan yaradılış dastanları cüzi fərqlərə baxmayaraq, Altayda yazıya köçürülmüş dastanlara bənzəyir. Bu da təbiidir. Çünki həm altaylılar, həm də saxa-yakutlar mənşəcə türkdürlər və bütün bu dastanlar da ümumtürk mahiyyəti daşıyır.

Türklərin dini inanclar məmləkəti

Türk dünyasından müəyyən qədər uzaq düşmüş kimi görünən Sibirin ən soyuq və uzaq nöqtəsində yerləşən Saxa türkləri (yakutlar) son əsrlərdə ruslaşmaya məruz qalmalarına baxmayaraq, özlərinin milli-etnik mənsubiyyətlərini, dini inanclarını qoruyub saxlaya biliblər. Rus işğalı və xristianlaşmaya məruz qalmaları nəticəsində türk dünyasından uzaq düşən Saxa türkləri bu gün keçmiş səhvlərini düzəltməyə çalışırlar.

ATO.AZ

About ato.az

Check Also

mxitaryan

Erməni futbolçu Bakıya gəlir

Share this on WhatsApp Bu gün Monakoda UEFA Avropa Liqasının qrup mərhələsində oynayacaq 48 klubun …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *