Home / Savaş / Türkiyənin Qarabağın həllinə baxışı – Sensasion analiz
eliyev-erdoqan

Türkiyənin Qarabağın həllinə baxışı – Sensasion analiz

Türkiyənin bölgədəki rolu getdikcə artır. Türkiyə Avrasiya bölgəsinin əsas dövlətlərindən birinə çevrilib. Qardaş dövlət Azərbaycanın strateji müttəfiqidir. Ona görə də Türkiyə ilə bağlı baş verən hadisələr Azərbaycanda da diqqətlə izlənir.

Ato.az xəbər verir ki, bu sözləri Türkiyə BMM-də və Xarici İşlər Nazirliyində görüşlər keçirən və yenicə Bakıya qayıdan“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu deyib. Türkiyə parlamentində AKP, MHP və CHP-nin 15-ə yaxın deputatı ilə görüşən politoloq Türkiyə-Azərbaycan strateji müttəfiqliyi, xüsusilə də Türkiyə-Rusiya strateji tərəfdaşlığının yaxın perspektivdə Cənubi Qafqaza, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri, Türkiyə-Rusiya-İran üçlüyünün Suriya ilə yanaşı, gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllindəki rolu, Türkiyənin Azərbaycanda hərbi baza yaratması və iki ölkə arasında konfederasiyanın qurulması ilə bağlı bəzi suallara cavab tapmağa çalışıb.

Politoloq qeyd edib ki, daxili və xarici siyasət məsələlərində bir-birini kəskin tənqid edən partiyalar və deputatlar Azərbaycan və Dağlıq Qarabağ məsələsində faktiki eyni mövqedən çıxış edirlər:

“Əsas fikir bundan ibarətdir ki, Türkiyə həmişə Azərbaycanın yanında olmalı və Azərbaycanın haqlı maraqlarını qorumalıdır. Deputatların suallara cavablarını bu şəkildə qruplaşdırmaq olar:

– Türkiyə Dağlıq Qarabağ məsələsində dialoqu Azərbaycanın lehinə dəyişdirməyə çalışmalıdır;

– Azərbaycan və Türkiyə iqtisadi və hərbi baxımdan güclü olmalıdırlar ki, Qarabağla bağlı danışıqlarda güclü olsunlar;

– Rusiya-Türkiyə ittifaqını pozmağa çalışan qüvvələr var. Bu ittifaq dağılmasa, Suriya ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə də məşğul ola bilər. Türkiyə-Rusiya ittifaqı iradə ortaya qoyarsa, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın xeyrinə həll oluna bilər;

– Ankara Moskvanı inandırmalıdır ki, Qarabağ münaqişəsi həll olunmadan bölgədə sabitlik olmayacaq;

– Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilərə qoşulmağa çalışmalıdır;

– Dağlıq Qarabağın işğaldan azad olunması Türkiyəni Afrini terrorçulardan təmizlənməsindən daha çox sevindirər;

– Əgər Rusiya Azərbaycana silah satmaq istəməsə, Bakının müraciəti əsasında Türkiyə Azərbaycana silah sata bilər, bundan başqa Azərbaycana logistik dəstək də verə bilər;

– Türkiyə enerji məsələsində Rusiyadan çox Azərbaycanla əməkdaşlığı genişləndirməlidir, TAP və TANAP boru xətlərinin tikintisini sürətləndirmək lazımdır. Elə etmək lazımdır ki, Azərbaycan qazı Rusiya qazından daha tez Türkiyəyə və Cənubi Avropaya çatsın.

Beləliklə, türkiyəli deputatların fikirlərindən bu qənaətə gəlmək olar ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllini gündəmə gətirməyə hazırdır. Suriya probleminin həllini gözləmədən də Türkiyənin Rusiya qarşısında Qarabağ məsələsinin həllini qaldırmasının mümkünlüyünü vurğuladılar. Ancaq bunun üçün Qarabağ mövzusunda Bakı-Ankara dialoqu genişlənməlidir. Yəni Ankara bilmək istəyir ki, Bakı ondan Moskva qarşısında konkret olaraq hansı məsələlərin qaldırılmasını istəyir”.

Politoloq deyib ki, türkiyəli deputatlar Qarabağla bağlı sülh danışıqlarının bundan sonra da nəticə verməyəcəyi qənaətindədirlər:

“Deputatlar onu da vurğulayırlar ki, Rusiyasız bu münaqişəni həll etmək mümkün deyil, çünki Moskvanın müharibəyə də imkan verməyəcəyi düşüncəsindədirlər. Türkiyəli deputatlar Azərbaycanın gücləndiyini, Ermənistanın isə kasıblaşdığını, ayrıca, bütün layihələrdən kənar qaldığını və bu faktorun gələcəkdə Qarabağ probleminin Azərbaycanın lehinə həll olunacağını fikrindədirlər. Ərdoğana ən yaxın deputatlardan biri bu mövzudakı fikrini belə yekunlaşdırdı: “Kiçik və zəif dövlət olan Ermənistan üçün Azərbaycan və Türkiyə ilə sərhədlərin qapalı qalması İrəvana böyük zərbədir. Azərbaycanın indiki siyasəti doğrudur, Ermənistanı təcriddə saxlayıb işğalçı dövlətə təzyiqi artırmaq lazımdır”.

Siyasi şərhçi bildirib ki, Türkiyənin Azərbaycanda hərbi baza yaratması ilə bağlı türkiyəli deputatlarda dəqiq fikir yoxdur:

“Buna baxmayaraq, bəzi deputatlar Bakının hərbi baza ilə müraciətinə “yox” deməyəcəklərini də bildirdilər. “Türkiyə Azərbaycanla konfederasiya yarada bilərmi və ya yaratmalıdırmı” sualına da eyni cavab verildi. Yəni Azərbaycan Türkiyə ilə nə qədər çox yaxınlaşmaq istəsə, Ankara Bakının bu təklifinə “yox” deməyəcək. Bu qərar Azərbaycana bağlıdır. Doğrusu, konfederasiya ideyasını Azərbaycanda da səsləndirənlərin sayı çox deyil. Ancaq türkiyəli deputatlar və diplomatlar konfederasiya mövzusunun gündəmdə qalmasının əleyhinə olmadıqlarını da dedilər. Bu onun üçün vacibdir ki, Rusiyaya güvənən işğalçı Ermənistan Azərbaycanın tək olmadığını, Türkiyənin Azərbaycana istənilən dəstəyi verməyə hazır olduğunu anlasın. Yəni Ermənistan təxribat yaradıb Rusiyanı da Azərbaycana qarşı hərbi həmləyə sürükləyərsə, 1990-cı illərin əvvəllərindən fərqli olaraq Türkiyə hökuməti və ordusu buna seyrçi qalmayacaq. Konfederasiya ideyası və ya Türkiyə-Azərbaycan hərbi ittifaqı mövzusu İrəvanla yanaşı Moskvaya da mesaj olmalıdır”.

Bu arada, vaxtilə Türkiyə ilə Ermənistan arasındakı dialoq və protokolların ideya müəlliflərindən biri politoloqla maraqlı məqamları bölüşüb:

“Biz Ermənistanı Rusiyanın və erməni lobbisinin təsirindən qurtarmaq üçün İrəvanla dialoqa başladıq. Ancaq ən böyük səhvimiz bu dialoq barədə rəsmi Bakıya kifayət qədər məlumat verməməyimiz idi. Bu prosesi doğru həyata keçirmədik. Ermənistanla dialoqda Azərbaycanın da iştirakını təmin etməli idik. Alınmadı. Ona görə də İsveçrədəki protokollar işləmədi”.

E.Şahinoğlu Türkiyə Xarici İşlər Nazirliyində ilk beşliyində yer alan diplomatlarla söhbətdən 4 mühüm nəticə gəldiyini bildirib:

“Birincisi, Türkiyə praqmatik baxımdan Rusiya ilə yaxşı münasibətlər qurmağa məcburdur. Ancaq bu münasibətlər strateji deyil, taktiki xarakter daşıyır. Yaxınlaşma 3 səbəbdən baş verib. Rusiya və Türkiyənin Qərblə münasibətlərində gərginlik var və eyni dərd Moskva ilə Ankaranı yaxınlaşdırıb. Türkiyə və Rusiya Suriyada əməkdaşlıq edir. Üçüncü səbəb isə iki ölkə arasındakı yaxın qonşuluq münasibətlərini davam etdirməsiylə bağlıdır. Yəni Türkiyə-Rusiya birliyi əbədi olmaya da bilər, Rusiyada da Türkiyə ilə əməkdaşlığa taktiki birlik kimi baxırlar. Ona görə də Moskva Ankaranın “Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır” yanaşmasını qəbul etməz. Təsadüfi deyil ki, Putin Ərdoğanın Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərinə müsbət yanaşmayaraq bu məsələnin mürəkkəb olduğunu demişdi. Elə ona görə də bu cavabı Soçidə alan Ərdoğan son Ankara görüşündə Putinlə Qarabağla bağlı fikir mübadiləsi aparmağa ehtiyac duymadı. Çünki o, Putindən eyni cavabı alacağını bilirdi. Rusiya Ermənistan təsir dairəsində saxlamaq üçün Dağlıq Qarabağ münaqişəsini həll etmək istəmir. Buna baxmayaraq, münaqişə Rusiyasız həll olunmayacaq. Bu da mövcud reallıqdır. Ona görə də Azərbaycan daha da güclənməlidir ki, Rusiya Azərbaycanın gücü ilə hesablaşsın.

İkincisi, rəsmi Bakı Azərbaycan-Türkiyə-Rusiya formatı təklif etmişdi. Türkiyəli diplomatları sözlərinə görə, Moskva ümumilikdə bu ideyanı qəbul etsə də, cavabı bugünə qədər verməyib. Ümumiyyətlə, türkiyəli diplomatlar Rusiyanın xarici işlər naziri Sergey Lavrovun siyasətindən və açıqlamalarandan narahatdırlar. Ancaq maraqlı gedişat ola bilər. Hazırda Türkiyə-Azərbaycan-Ukrayna üçlüyü üzərində iş gedir. Mərkəzimiz iki il əvvəl irəli sürdüyü bu ideya Ukrayna Xarici İşlər Nazirliyində bəyənilmişdi. Yaxın aylarda bu 3 dövlətin prezidentləri bir araya gəlib üçlü mexanizmi işə salacaqlar. Rusiyanın Ukrayna ilə münasibətləri gərgindir. Ona görə də Ankarada düşünürlər ki, Türkiyə-Azərbaycan-Ukrayna formatı yaranarsa, Moskva da geri qalmaq istəməyəcək və Türkiyə-Azərbaycan-Rusiya formatının yaranmasına yaşıl işıq yandıracaq.

Üçüncüsü, Türkiyə Xarici İşlər Nazirliyinin diplomatları ATƏT-in Minsk Qrupu həmsədrlərinin münaqişənin həllini sürətləndirməyəcəyi fikrindədirlər. Yeni model axtarılmalıdır. Rusiya Qarabağ münaqişəsinin həlli məsələsində Türkiyə ilə əməkdaşlıq etmək istəməsə də, Dağlıq Qarabağda yerləşdirilə biləcək sülhməramlı qüvvələrin tərkibində Türkiyənin olmasını qəbul edə bilər. Yəni əgər Moskva israr etsə ki, Rusiya hərbçiləri Dağlıq Qarabağda sülhməramlılar tərkibində iştirak etməlidir, Türkiyə hərbçiləri də Dağlıq Qarabağda yerləşdirilib bölgədəki azərbaycanlılarn təhlükəsizliyinə cavabdeh ola bilərlər. Əlbəttə, bu münaqişənin sonrakı mərhələsində reallaşa bilər. Ancaq Ankarada bu mövzunu da müzakirə etməyə hazırdılar. Ancaq bunun üçün təşəbbüskar yenə rəsmi Bakı olmalıdır.

Nəhayət, Türkiyə diplomatları ona da inanırlar ki, Dağlıq Qarabağda müharibə başlayarsa, Ermənistan bütün sərhəd boyu təxribat yaratmağa çalışacaq ki, prosesə Rusiya da qarışsın. Ona görə də Ankara müharibənin necə riskli olduğunu və Bakının bu məsələdə bütün çətinliklərini anlayır.

Beləliklə, Ankara əvvəlkitək Azərbaycanın problemlərinə diqqətlə yanaşır. Buna baxmayaraq, Suriya Türkiyənin əsas xarici siyasət və təhlükəsizlik mövzusudur. Türkiyə Suriyaya görə Qərb-Rusiya qarşıdurmasında çətin vəziyyətdə qalıb. Ankara bir tərəfdən Moskva və Tehranla üçlü format formalaşdıraraq əməkdaşlığı gücləndirib, o biri tərəfdən Moskva və Tehranın dəstək verdiyi Əsəd rejiminin insanlara qarşı kimyəvi silahdan istifadəsinə göz yuma bilməz. Qərb də elə buna görə Əsədi cəzalandırmaq istəyir. Ankara da elə Qərbdən illərdir bunu gözləyirdi. Ancaq indi regional şərtlər Türkiyə üçün dəyişib. Ona görə də Ankara Suriya məsələsində Qərblə Rusiya arasında çətin seçimdə balansı pozmamağa çalışır. Ancaq bu balansı qorumaq getdikcə çətinləşir”.

Politoloq Prezidenti İlham Əliyevin bugünlərdə Türkiyəyə reallaşacaq rəsmi səfərinə də münasibət bildirib:

“Bu iki qardaş dövlət və strateji müttəfiq arasında yaxşı ənənə halını alıb. Azərbaycan və Türkiyədə hər seçkidən sonra prezidentlər ilk səfərlərini bir-birlərinə edirlər. Ankara İlham Əliyevin səfərinə hazırdır. Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi və enerji əlaqələri inkişaf edir. Ancaq Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin inkişafı üçün daha çox iş görülə bilər. Bunun üçün iki ölkə arasındakı müxtəlif nazirliklər arasındakı işçi qruplar tez-tez görüşməli və yeni ideyaların reallaşmasına çalışmalıdırlar. “Türkiyə Qarabağla bağlı daha nə edə bilər” sualı daha çox azərbaycanlı rəsmiləri, deputatları, diplomatları və ekspertləri düşündürməli və təkliflər Ankaraya çatdırılmalıdır. Ankara Bakıdan Qarabağla bağlı təkliflər gözləyir”.

ATO.AZ

About ato.az

Check Also

menbic

Fransızlar türk ordusu ilə savaşa girə bilər? – Rus ekspert

Share this on WhatsApp Fransanın Menbiçə xüsusi təyinatlılar göndərmək qərarı Türkiyənin region üzrə siyasi xəttini …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *