Home / İtib batan tariximiz

İtib batan tariximiz

İdil bulqarları – Böyük Bulqar dövləti parçalandıqdan sonra 463 -cü ildə İdil çayı sahilində məskunlaşmış bulqarların bir qismi. Onlar tarixi ədəbiyyatda İdil bulqarları adlanırılar.
Tarixi
Əvvəllər qrup halında yaşayan bulqarlarda hər qrupun bir hökmdarı olurdu, lakin IX əsrdən bulqarlar bir dövlət ətrafında birləşməyə başladılar. Bu qruplar bunlardır : Bulqar, Suvar, Barzula, İskil. Bulqar dövləti 965-ci ilədək Xəzər xaqanlığından asılı vəziyyətə idi və vergi verirdi. Xəzər xaqanlığının devrilməsindən sonra müstəqilləşən bulqarlar 985 -ci ildə Kiyev-Rus dövlətinin hücumuna məruz qalır, lakin ruslar tezliklə ərazini tərk edirlər. 1006-cı ildə bulqarlarla ruslar arasında ticarət müqaviləsi imzalanır.
Rusların bulqarlara qarşı mənfi münasibətinə baxmayaraq 1024-cü ildə Suzdal knyazlığında aclıq baş verərkən bulqarlar ruslara yardım göstərirlər. Yeri gəlmişkən qeyd edək ki, bulqarlar bərəkətli torpaqlarda məskunlaşdıqlarından oturaq həyat tərzi sürürdülər, əkinçilik ( ağ darı, buğda və arpa əkirdilər ), heyvandarlıq, zərgərlik, dəriçilik və kürkçülüklə məşğul olurdular. Xəzər və Aral dənizləri ətrafı, Xarəzm , İran , Misir,
Türküstan və hətta Şimal Buzlu okean əraziləri ilə ticarət edirdilər. Ticarətlərinin əsasını müxtəlif kürk və dəri, silahlar, bal və fındıq təşkil edirdi. “Bulqari” adlanan dəri və çəkmələr daha çox məşhur idi. Bulqarların kürk istehsalı bu ticarətlə məşğul olan digər xalq olan ruslarla münaqişələrə səbəb olurdu. Məhz bu səbəbdən XI-XIII əsrlərdə ruslarla savaşlar aparılır.
İdil-Bulqar şəhərləri bunlardır: Suvar,
Osal, Tetiş, Cuke-tav, Züye , Kaşan ,
Kermencük, Kazan. Paytaxt Bulqar şəhəri IX-XII əsrlərdə Şərqi Avropanın ən mühüm ticarət mərkəzlərindən idi. Bu mərkəz indiki Kazan şəhərindən 115 km cənubda yerləşirdi. Şəhərin ən məşhur sarayları “Ağ saray” və “Qara saray” adlanan tikililərdir. İdil-bulqarları qərbdə burtaslarla və ruslarla, şərqdə başqurdlarla həmsərhəd olublar. İdil çayının adının Hun xaqanı Attilanın ismindən götürüldüyü qeyd olunur. Bulqarların nəsli hesab edilən çuvaşlar “Adıl” adlandırırlar. Digər türk xalqları tərəfindən Atil, Etil, İtil və İdil kimi tələffüz olunur. Valday yaylasından başlayan İdil çayı Şupaşkar, Qorki, Kazan, Kuybişev, Volqoqrad və Astarxandan keçərək Xəzər dənizinə tökülür.
İdil suyu axar durur
Qaya dibini oyar durur
Bütün balıqlar baxa durur
Gölü bilə daşırırlar.
(“Divani-lüğət it-türk”dən)
Volqa bulqarları haqqında əsas məlumatları İbn Fədlan “Səfərnamə” əsərində veribdir. “Səfərnamə”də qeyd edilir ki, Bulqar xanı Şelkey oğlu Almış islami bilgilər əldə etmək üçün xəzər türklərindən Baştonun rəhbərliyi ilə xəlifə əl-Müqtədirə elçi göndərir.(920)
922 -ci ilin mayın 12-də İbn Fədlanın başçılığı ilə Xilafətdən islam alimlər və inşaatçılar Bulqar şəhərinə ayaq basırlar. Saraydakı görüşdə Almış xan xəlifənin şərəfinə 3 dəfə bal şərabı içir. Fədlan Almış xanın islama səmimiyyətlə inandığını və onun “Allahım, bulqar xanı Yaltavarı islah et” duasını etdiyini qeyd edir. İslamdan əvvəlki bir sıra adətlər saxlanılsa da, yeni dinin ritualları ciddi şəkildə yerinə yetirilirdi. Hətta sübh namazını vaxtında qılmaq üçün gecələr oyaq qalınırdı. İbn Fədlan bu səyahəti əsnasına bulqarlarla yanaşı oğuzlar, xəzərlər, başqurdlar, slavlar haqqında dəyərli məlumatlar verir. Özünə Cəfər adını götürən Almış 944 -də oğlu Əhmədi həccə göndərir və eyni zamanda xəlifəyə dəyərli hədiyyələr və bayraq ərmağan edir.
İdil-Bulqar dövləti islamı dövlət dini edən ilk türk dövləti olur. Almış xan isə İslamı qəbul edən ilk türk hökmdarlarından biri kimi tarixə keçir.
Xanlıqda eltəbər, buyruq, tudun kimi vəzifələr mövcud olubdur. Almış Cəfər xandan sonrakı bulqar başçılar bunlardır : ” Mikayıl, Talib ibn Əhməd, Mömin ibn Əhməd, Mömin ibn Əl-Həsən. Bulqar türklərində din-İstər Tuna, istərsə də, İdil bulqarlarında yeni dinin qəbulundan əvvəlki dinləri eyni idi. Bulqar totemizmində əsas yeri qartal və qurd tuturdu. Madara qəsəbəsindən tapılmış yazılarda Tanqra sözü bulqarların tenqri inancından xəbər verir. Bulqarlar Tanqranı səmavi hesab edirdilər və başqa xalqlar kimi Tanqranın insan olduğunu düşünmür, eyni zamanda hökmdarı Tanrı kimi səciyyələndirmirdilər. Xan sadəcə olaraq onların üzərində hakim olması üçün seçildiyindən digər insanlardan fərqləndirilirdi. Çünki xanın da hakimiyyətinin fani olduğunu, bir gün öləcəyini və öldükdən sonra onun yerinə başqasının gələcəyini bilirdilər. Madara qəsəbəsindəki yunanca olan yazının birində “Tanrı tərəfindən göndərilən, Tanrıya bənzər Balamir xan” ifadəsi qeyd olunubdur. Arxeoloq Geza Feher tərəfindən Presiyan xana aid Filippedə tapılmış yazılı kitabədə deyilir : ” Bir kimsə həqiqəti axtararsa, Tanrı onu görər. Bir kimsə yalan söylərsə, Tanrı onu görür. Bulqar türkləri xristianlara çox yaxşılıq etdilər. Xristianlar bunları unutdular. Fəqət Tanrı görür”.
1224-də monqollar Kalka savaşında rusları məğlub etdikdən sonra bulqarların tələsinə düşərək məğlub olurlar. 1236-da Batı xan bu məğlubiyyətin əvəzini çıxaraq bulqarları darmadağın edir. Əmir Teymurun 1391-1395-ci illərdə Qızıl Ordaya qarşı apardığı savaşlarda bulqarlar da məğlub edilirlər. 1399-da bulqarlar ruslara yenildikdən sonra Kama çayının şimalına köçərək Kazan çayı ətrafında məskunlaşırlar. 1437-ci ildə yaradılan Qazan xanlığın ın əsasını da məhz həmin bulqar türkləri təşkil edir.
Bir-birini əvəzləyən dağıdıcı yürüşlərə tab gətirməyən Bulqar dövləti 1552-1584-cü illərdə çar Rusiyasının hücumlarına məruz qalır və şəhərləri darmadağın edilərək varlığına son qoyulur. Beləliklə, yeddi əsr müddətində öz mövcudluğunu qoruyub saxlayan bulqar dövləti rusların dağıdıcı yürüşlərindən sonra süqut edir və Çar Rusiyasının hakimiyyəti altına düşür. Lakin Tuna bulqarlarından fərqli olaraq onlar öz milliliklərini bu günədək qoruyub saxlaya bilirlər.101940